Suraxanıda törədilmiş qətlin üstü açılıb

Suraxanıda törədilmiş qətlin üstü açılıb

Yanvarın 3-də saat 15:00 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi yaxınlığında, Suraxanı - Hövsan yolunun kənarında selofana bükülmüş vəziyyətdə, üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik çoxsaylı deşilmiş-kəsilmiş xəsarətləri olan naməlum qadın meyitinin aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin növbətçi hissəsindən daxil olmuş bu məlumatla əlaqədar Suraxani Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş birgə məlumatda deyilir ki, faktla bağlı həmin tarixdə Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilib ki, aşkar olunan meyit 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Nelyubova Yelena Aleksandrovadır.

Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Hövsan qəsəbə sakini, 1954-cü il təvəllüdlü Zöhrabov Məmməd Məmməd oğlu tərəfindən törədilməsi müəyyən olunub və M.Zöhrabov yanvarın 5-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, dekabrın 25-də gecə saatlarında M.Zöhrabovun Hövsan qəsəbəsində gözətçi kimi yaşadığı evə əvvəllər tanımadığı bir nəfər qadın gələrək ondan bayram münasibətilə pul istəyib. Pulu olmadığı üçün qadını evə dəvət edərək yaxınlıqdakı mağazadan bir butulka araq alaraq birlikdə yeyib-içdikdən sonra onunla cinsi əlaqədə olmaq istəyib. Bu zaman aralarında mübahisə yaranıb və qadın qışqırdığından mətbəx bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirib. Qadının öldüyünü yəqin etdikdən sonra paltarlarını sobaya ataraq yandırıb, meyiti isə selofan torbaya bükərək qonşuluqda yaşayan oğluna məxsus "VAZ 2109" markalı avtomobilin arxa oturacağına qoyaraq gecə saat 3-4 radələrində Suraxanı - Hövsan yolunun kənarına atıb.

M.Zöhrabovun yaşadığı gözətçi otağına və oğluna məxsus avtomobilə baxış keçirilərkən döşəmənin və avtomobilin arxa oturacağının üzərində aşkar olunmuş qanabənzər ləkələr ekspert-kriminalistin iştirakı ilə götürülərək qablaşdırılıb. Həmçinin, M.Zöhrabovun cinayətdə istifadə etdiyi bıçaq da yaşadığı evin yaxınlığında aşkar edilərək maddi sübüt kimi götürülüb.

Hazırda cinayətin M.Zöhrabov tərəfindən tək və ya başqa şəxslərlə birlikdə törədilməsi, eyni zamanda iş üçün əhəmiyyət kəsb edən digər xüsusatların araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə