Qoyunlar diri-diri yandı

Ağdamın Zəngişallı kəndində ferma yanıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, kənd sakini Yunis Cəfərova məxsus təsərrüfatda heyvanların saxlandığı binanın od tutması 180-a yaxın xırda buynuzlu heyvanın yanması ilə nəticələnib. Tikilinin çardaq hissəsində qışın soyuğunda fermada istilik yaratmaq üçün yığılan ot və saman dərzləri olduğundan alov qısa müddətdə fermanı bürüyüb. Yanğına məruz qalan dərzlər sürətlə alışdığından yanğını söndürmək və heyvanları bayıra çıxarmaq mümkün olmayıb.

İlkin ehtimala görə, yanğına tikiliyə çəkilmiş elektrik naqillərində nasazlıq üzündən baş vermiş qısaqapanma səbəb olub.

Hadisə yerinə FHN-nin Ağdam yanğından mühafizə xidmətinin əməkdaşları və yanğınsöndürən avtomobillər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə