Güclü qar fermanı uçurub

200 baş qoyun-quzu qarın altında qalıb, sürüdən ölənlər var

Axşam saatlarında yağan güclü qar bir sıra çətinlikləri özü ilə bir gətirib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon ərazisindəki adaşəkilli ərazisi sayılan Qubanın Yalavanc-Buduğ kəndində qarın güclü yağması səbəbindən qoyun saxlanılan fermanın damı uçub. Nəticədə 200 qoyun damın altında sıxılıb qalıb. 90 sm qalınlığında yağan qar fermerin qış keyfinə soğan doğrayıb.

Rəşid İsgəndərova məxsus fermanın içində 200 baş xırdabuynuzlu heyvan qarın altında qalıb. Yalavanc-Buduğ kənd sakinləri fermerin köməyinə gəliblər.

Xəbərdə deyilir ki, qoyun-quzular gecə saatlarına qədər, daha doğrusu kömək gələnə qədər uçulmuş damın altında qalıblar. Sağ qalmış heyvanları çobanlar həmin kəndin sakinlərinin boş tövlələrinə yerləşdirməyə məcbur qalıblar. İlkin məlumata görə, 15 baş qoyun-quzu tələf olub. Qalanlarının isə sağ qalma ehtimalı çox azdır.

Rəşid İsgəndərov bildirib ki, ferma uzun olduğu üçün dəmir konstruksiyalar yağan çoxlu qara dözə bilməyib.

Emin Kərimov, Quba, Yalavanc-Buduğ

Bütün xəbərlər Facebook səhifəmizdə