Bacı bacını bıçaqlayıb

Biləsuvarda bacı bacını bıçaqlayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisəsi ötən gün Biləsuvar şəhərinin Nizami küçəsindəki 22 saylı ünvanda qeydə alınıb. Həmin evdə yaşayan 34 yaşlı Aynurə İmanova rayon mərkəzi xəstəxanasında müalicə alan anası Rəfiqə İmanovaya baş çəkib geri qayıdarkən yaşadıqları evin səliqəsiz olduğunu görüb. Buna görə evdə olan bacısı 38 yaşlı Könül İmanova ilə aralarında mübahisə yaranıb. Mübahisə əlbəyaxa savaşmaya çevrilib. Böyük bacı Könül Aynurəyə güc gələrək ona çoxsaylı yumruq zərbələri vurub. Bundan hiddətlənən Aynurə bıçağa əl atmaq məciburiyyətində qalıb.

Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan Könül İmanova dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunan Könül İmanovanın həyatını həkimlər xilas edə biliblər. Doğma bacısını bıçaqlayan Aynurə İmanova isə rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Biləsuvar polis şöbəsində araşdırmalar aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə