Məhkəmənin hakimi qəza törətdi

Hacıqabulda zəncirvari dəhşətli qəzada 1 nəfər öldü. SİA-nın Aran bürosunun müxbirinin hadisə yerindən verdiyi məlumata görə, Bakı Qazax yolunun Hacıqabulun Qızılburun kəndi ərazisindən keçən hissəsində Gəncə şəhər Məhkəməsinin hakim Quliyev Nuru Nadir oğlunun idarə etdiyi "Prado" markalı 90 BC 440 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət edən zaman yoldan çıxan "Mercedes" markalı avtomobilə kömək etmək üçün yolun kənarında dayanan Bakı sakini 1981-ci il təvəllüdlü İsgəndərov Faiq Mirzəli oğlunun "Hunday Sonata" markalı 10 PX 412 nömrəli maşınını vurub. Bu zaman "Hunday Sonata" markakl avtomobilin qarşısında dayanan "Mercedes" markalı 90 GM 848 nömrəli yük maşının arxadan altına girib. "Prado" isə hadisə yerində olan DYP xidmətinin maşınına dəyib.

Baş verən ağır qəzada "Prado"nun sərnişini, Yevlax rayon sakini 1977-ci il təvəllüdlü Nəcəfov Fikrət Nizaməddin oğlu aldığı xəsarətlərdən Şirvan mərkəzi xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə