Övladını görmədən dünyasını dəyişdi

Övladını görmədən dünyasını dəyişdi

Hərbi xidmətdə olan övladını görməyə gedən ailə İmişli rayonu ərazisində ağır yol qəzasına uğrayıb. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, hadisə ötən gün Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 92-ci km-də İmişli rayonun Qaralar kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı bir nəfər dünyasını dəyişib, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, əslən Zəngilan rayonundan olan və Sumqayıt şəhərində yaşayan 1964-ci il təvəllüdlü Məhərrəmov Mürvət Cəbrayıl oğlu idarə etdiyi "VAZ 21015" markalı avtomobillə İmişli rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində avtomobili aşaraq yoldan çıxıb. 30 metr kənara yuvarlanan avtomobildə olan sürücü və 1974-cü il təvəllüdlü Məhərrəmova Mahirə Cəbrayıl qızı ağır bədən xəsarətləri alaraq, İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məhərrəmova Mahirə ağır bədən xəsarətləri aldığından onun həyatını xilas etmək mümkün olmayıb. Sürücüyə isə ilkin tibbi yardım göstərilərək Bakıya göndərilib.

Qeyd edək ki, faktla bağlı araşdırmalar aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə