Neft şirkətinin işçisi öldürülüb

Neft şirkətinin işçisi öldürülüb

Bu gün Xızı rayonunda qətl hadisə baş verib. Rayon prokuroru İlham Məmmədovun SİA-nın Şimal bürosunun müxbirinə verdiyi məlumata görə, 47 yaşlı Siyəzən şəhər sakini Elşən Ələkbər oğlu Ələkbərov Xızı rayonunda güllələnib. Öldürülən şəxs Siyəzən Neft Şirkətində sürücü işləyirmiş. O avtobusla fəhlələri daşıyırmış. Lakin bu gün fəhlələr 2 nəfər olduğu üçün, o öz şəxsi "Azsamand" markalı maşını ilə fəhlələri işə aparıb. Neft mədəninə çatmamış qəflətən yolun kol-kosla bağlı olduğunu görüb və maşından düşərək yolu təmizləmək istəyib. Bu zaman qəflətən bir nəfər şəxs ona, daha sonra isə Niyətullah və Şahin adlı fəhlələrə odlu silahla atəş açıb.

Fəhlələr qaçaraq gizləniblər. Naməlum şəxs isə Elşən Ələkbərovu güllələyərək, avtomobili qaçırıb. Qaçırılan avtomobil Respublika səviyyəsində axtarışa verilib. Hələlik qətli törədən şəxsin kimliyinə aydınlıq gətirilməyib.

Qeyd edək ki, faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə