Ötən gecə Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzəndən keçən hissəsində bir nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə yolun 84,5 km-də Siyəzənin Zarat kəndi ərazisində qeydə alınıb. Bakı sakini 50 yaşlı Məzahir Nağiyev idarə etdiyi "Mersedes" markalı maşınla Bakıdan Rusiya sərhədinə gedərkən yolun sağında dayanmış vəziyyətdə olan "Lada 21099" markalı avtomaşına arxadan çırpılıb. Nəticədə "Lada 21099"-un sürücüsü Şabrının Ağbaş kənd sakini 34 yaşlı Zaur Qarayev yerindəcə keçinib. Qeyd edək ki, "Mersedes" "Lada 21099" ilə yanaşı yolun kənarında dayanmış iki nəfər Zarat kənd sakini, kənd bələdiyyəsinin sədr müavini Bəhruz Fərzəliyevi və sakin Ceyhun Xalıqovun da üstünə gedərək onları yaralıyıb.
Qəzada yaralanan beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Məlumat üçün bildirək ki, onlardan ikisi Zarat kənd sakini, digər üç nəfər isə "Lada 21099" markalı avtomaşınla Rusiya sərhədinə gedən rusiyalı qadın sərnişinlər olub.
Hadisə yerində işləyən Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, qəzaya səbəb "Mersedes"in yüksək sürətlə gəlib "Lada 21099"-a çırpılması olub. Bununla belə qəzanın tam başvermə səbəbi təyin ediləcək və bu haqda texniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB