Sumqayıtda qatil həbs edilib
Aprelin 11-də Sumqayıt şəhər sakini İlham Cabbarovu yaşadığı mənzildə qətlə yetirməkdə şübhəli bilinən Nizami Quliyev saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İlham Cabarovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar edilmiş və fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, aprelin 10-da saat 20.00 radələrində tüfeyli həyat tərzi keçirən İlham Cabbarov yaşadığı mənzildə tanışı Nizami Quliyevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zəminində sonuncu tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülmüşdür.

Şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən N.Quliyev tutularaq istintaqa cəlb olunmuş, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə