İmişli rayonunda yanğın hadisəsi baş verib

İmişli rayonunda yanğın hadisəsi baş verib

İmişli rayonunda yanğın hadisəsi baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, hadisə zamanı evdə olan azyaşlı uşaq və anası müxtəlif dərəcəli yanğın xəsarətləri alıb.

Yanğın İmişlinin Gövhərli kəndində baş verib. Həmin kəndin sakini, 1969-cu il təvəllüdlü Natəvan Rəhman qızı Atakişiyevaya məxsus fərdi yaşayış evi qəfil od tutub. Hadisə zamanı müxtəlif dərəcəli yanğın xəsarətləri alan ana özünü itirməyib və uşağını bayıra çıxartmaqla onu və özünü xilas edib. Qeyd edək ki, onların evdən çıxmasına qonşular da kömək edib.

Fövqəladə Hallar Nazirliyinin İmişli rayon yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə dərhal 2 yanğınsöndürən maşın göndərilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Yanğın yarım saat ərzində söndürülüb.

Buna baxmayaraq 2 otaqlı ev içindəki əşyalarla birlikdə yanaraq kül olub. Nəticədə bir ailə qışın oğlan çağında evsiz qalıb. Yanğının elektrik naqıllərindəki qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalar aparılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə