Bədbəxt hadisə nəticəsində 10 aylıq körpə həyatını itirdi

Bədbəxt hadisə nəticəsində 10 aylıq körpə həyatını itirdi

Xaçmaz rayonunda 10 aylıq körpənin yanması ilə nəticələnən hadisə baş verib. Hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Rəşad Eyvazova məxsus mənzildə baş verən hadisədə onun 10 ayı yenicə tamam olmuş oğlu Eyvaz Eyvazov yanaraq külə dönüb. Mənzilin bir otağı isə yarasız vəziyyətə düşüb. Qonşularının sözlərinə görə, ev sahibi Rəşad Eyvazovun həyat yoldaşı fiziki qüsurlu olduğundan yanğın təzəcə başlayan an qonşulara xəbər etmək əvəzinə kəndin bir məhəllə yuxarısında qaynanası gilə qaçaraq xəbər edib. Çoxlu vaxt itdiyindən geri qayıdan ana alovun evi bürüdüyünü görüb. Yuxarı məhəllədən haraya gələn Kazım Kazımov uşağın cəsədini alovun içindən təəssüf ki, cansız çıxara bilib.

Ev sahibi Raşad Eyvazovun bildirdiyinə görə, yanğın qaz sobasından düşən od nəticəsində baş verib. Bu zaman körpə sobanın yanında olub. Manejdə gəzən körpə qonşu otaqdan gələn qaz borusununa (şlanqına) toxunub. Nəticədə manejə od düşərək uşaq yanıb. Yerli sakinlərin verdiyi məlumata görə, onlar hadisə yerinə gələnədək artıq 10 aylıq Eyvaz Eyvazov alova qərq olub. Sakinlər onun cəsədini mənzildən yanmış halda çıxarıblar.

Hadisə yerinə FHN-nin əməkdaşları da gəlib. Yanğını onlardan qabaq qonşular söndürə bilib.

Qeyd edək ki, hazırda faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.


Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə