Baş Prokuroruq Bakının Səbail rayonunda baş verən qətllə bağlı məlumat yayıb
Baş Prokuroruq Bakının Səbail rayonunda baş verən qətllə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, noyabrın 30-da saat 17:00 radələrində paytaxtın Səbail rayonu ərazisində - T. Əliyarbəyov küçəsi, 7 saylı ünvanda, söküntü işləri aparılan sahədə Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məcidov Mərhəmət Asəf oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə meyiti aşkar edilib. Fakta görə Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Babayev Fuad İlqar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla Mərhəmət Məcidovun döş qəfəsinə daxilə nüfuz edən kəsici-deşici xəsarətlər yetirməklə onu qəsdən həyatdan məhrum edib və hadisə yerindən qaçıb. Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Fuad Babayev tutularaq istintaqa cəlb edilib. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB