Gecədən başlayan külək Goranboyda fərdi evlərə və rayonun elektrik təsərrüfatına ziyan vurub. Külək evlərin dam örtüyünü atıb. Elektrik dirəklərini, irigövdəli ağacları aşırıb. Rayonun Veyisli kəndində məcburi köçkünlərin yaşadığı qəsəbədə təbii fəlakət daha çox fəsadlar törədib.
Gecə saat 02 radələrində əsməyə başlayan şiddətli külək səhər saatlarına qədər davam edib. Gündüz küləyin sürəti nisbətən səngisə də temperatur kəskin şəkildə aşağı düşüb.
Güclü külək evlərin dam örtüyünü evdən təqribən 20-30 metr uzağa atıb. Sakinlər küləkdən və yağışdan qorunmaq üçün evlərin üzərinə çadır çəkiblər. Hələlik köçkünlər öz imkanları ilə təbii fəlakətin nəticələrini aradan qaldırmağa çalışırlar.
Qeyd edək ki, gecədən etibarən rayona elektrik enerjisinin verilməsi də dayanıb. Rayon FHK-dan verilən məlumata görə, təbii fəlakət nəticəsində əsas ziyan Veyisli və Qarqucaq kəndlərinə dəyib. Külək bu yaşayış məntəqələrində ümumilikdə 20-yə qədər fərdi evin dam örtüyünə ziyan vurub. 50-dən artıq elektrik dirəyi aşıb.
Hazırda FHK-nın əməkdaşları dəyən ziyanın miqdarını müəyyənləşdirir. Rayonun 15-ə qədər kəndi hələ də işıqsızdır. Günün ikinci yarısında isə rayon ərazisində qar yağmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB