Hərbi Prokurorluğun 8 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Hərbi Prokurorluğun 8 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

2011-ci ilin birinci yarısında hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.

SİA-nın məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğundan bu gün keçirilən kollegiya iclasında bildirilib. Respublika Hərbi Prokurorluğunun təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 73 yoxlama keçirilib, nəticədə 965 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 166 təqdimat göndərilib, 68 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 58 yazılı göstəriş verilib.

Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 30 apelyasiya protestinin 47 faizi təmin olunub.

2011-ci ilin birinci yarısında hərbi prokurorluq orqanlarında vətəndaşların 1137 müraciətinə baxılıb, 1789 vətəndaş müxtəlif məsələlərlə bağlı Hərbi Prokurorluq əməkdaşları tərəfindən qəbul edilib.

Respublika Hərbi Prokurorluğunun 8 əməkdaşı intizam məsuliyyətinə cəlb edildiyini vurğulayan Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev qeyd edib ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Nazirlər Kabinetinin 12 yanvar 2011-ci il tarixli qərarına əsasən vəzifə borclarını layiqincə yerinə yetirən hərbi prokurorluq işçilərinə Respublika hərbi prokurorunun əmrinə əsasən Hərbi Prokurorluğun 94 əməkdaşına məharət dərəcələri verilib.

Bu ilin altı ayında baş prokurorun və hərbi prokurorun müvafiq əmrləri ilə xidməti fəaliyyətlərində fərqlənmiş 22 əməkdaş həvəsləndirilib, hərbi prokurorunun əmri ilə 5 işçi vəzifədə irəli çəkilib, 8 işçi isə intizam məsuliyyətinə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə