Bir ailənin faciəsi

Bu gün səhər 07:00 radələrində Hacıqabul rayonu Pirsaat kəndi ərazisində bir ailənin faciəsi ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna hadisənin baş verməsi barədə məlumat verən BDYP-nın istintaq bölməsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, Bakı Qazax yolunun 107-ci kilometrliyində sürücü Hüseynov Əli Hafis oğlunun idarə etdiyi "Mercedes" markalı dövlət nişan nömrəsi 11 BE 270 olan avtomabil Bakı istiqamətinə hərəkətdə olan Türkiyə vətəndaşı Mehmed Əlinin idarə etdiyi "DAF" markalı yük maşının orta sağ yanacaq çəninə toxunaraq idarə etməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə hadisə yerində "Mercedes"də olan 5 nəfərdən biri sərnişin 1963-ci il təvəllüdlü Hüseynov Asif Əli oğlu dünyasını dəyişib. Digər 4 nəfər isə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verməsinə səbəb isə "Mercedes"in sürücüsü Hüseynov Əli Hafis oğlunun sükan arxasında yatması olub. Faktla bağlı araşdırma aparılır. Yaralıların vəziyyəti barədə məlumat verən Şirvan Mərkəzi Xəstəxanasının travmotologiya şöbəsinin müdiri Tofik Hüseynov bildirib ki, yol nəqliyyat hadisəsi nəticəsində şöbəmizə 1985-ci il təvəllüdlü Hüseynov Əli Hafis oğlu, 1966-cı il təvəllüdlü Hüseynov Xaləddin Əli oğlu və 1960-cı il təvəllüdlü Hüseynov Azər Əli oğlu müxtəlif bədən xəsarətləri ilə daxil olublar və ilkin yardım göstərilərək müalicə edilirlər. 1989-cu il təvəllüdlü Hüseynov Rəşad Azay oğlu isə onurğa sütununun əzilməsi diaqnozu ilə ağır vəziyyətdə Bakı şəhərinə göndərilib.

Məlumat üçün bildiririk ki, "Mercedes" markalı avtomabildə olanlar Beyləqan rayonun Şahsevən kəndinin sakinləri, eyni zamanda bir ailənin üzvləridir.


İqbal MİKAYILOV, SİA-nın Aran bürosu




Bütün xəbərlər Facebook səhifəmizdə