Ötən ilin 11 ayı ərzində yol qəzalarında istər piyada, istərsə də sərnişin qismində yaşı 7-yə qədər olan 21 uşaq dünyasını dəyişib, 40 uşaq isə xəsarət alıb. Bu barədə ötən ilin sonunda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev məlumat vermişdi.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyasını dəyişməsi ciddi şəkildə narahatlıq doğurur: "Bütün hərəkət iştirakçılarını, xüsusən sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırır, valideynlərdən isə uşaqları yollarda nəzarətsiz buraxmamalarını xahiş edirik. Hər bir valideyn uşaqlarının gündəlik hərəkətlərinə, istifadə etdikləri marşrutlara diqqət yetirsinlər".
İşıqforda dayananda, dayanacaqda avtobus gözləyəndə ötüb keçən avtomobillərin şüşəsinə yapışdırılmış xüsusi xəbərdarlıq lövhəsi diqqətimizi çəkir. Bu bildiriş avtomobildə körpənin və ya azyaşlı uşağın olması barədə yoldan istifadə edən digər nəqliyyat idarəçilərini xəbərdar etmək və daha ehtiyatlı davranmalarını xahiş etmək üçündür. Uşaqların fərdi avtomobillərdə təhlükəsizliyini təmin etmək üçün isə xüsusi oturacaqlar mövcuddur.
Azərbaycanda yalnız fərdi maşınlarda quraşdırılan uşaq oturacağı bir çox Avropa ölkəsində taksilərdə və şəhərlərarası avtobuslarda da quraşdırılır. Almaniyada isə yeni doğum etmiş ana öz uşağını xəstəxanadan çıxarmaq üçün avtomobilində uşaq oturacağının olmasını təsdiq edən sənəd gətirməlidir. Qonşu Türkiyədə 2010-cu ildən fərdi avtomobillərdə uşaq oturacaqlarından istifadə edilməsi məcburidir, əks təqdirdə sürücü cərimələnir. 2010-cu ilə qədər bu ölkədə çox az sayda satılan uşaq oturacaqları indi ən çox tələbat olan uşaq əşyaları sıyahısındadır.
Biz Bakıda uşaq oturacaqlarının qiyməti ilə maraqlandıq. Kiçik bir araşdırmamızdan sonra məlum oldu ki, uşaq oturacaqlarının satış qiyməti ölçüsündən asılı olaraq 100-350 manat arasında dəyişir. Yerli müştərilərin əksəriyyətinin Almaniya istehsalı olan "Recaro" otaracaqlarını seçdiyini deyən uşaq əşyaları mağazasının satıcısı Xaqani Həsənov bildirir ki, İtaliya istehsalı olan "Chicco" brendi də yaxşı satılır: "Amma uşaq oturacaqlarının satışına görə çox zəif bir ölkəyik. Həftədə, 10 gündə cəmi bir oturacaq sata bilirik. Çox az adam alır. Alanların əksəriyyəti isə azərbaycanlı deyil, ölkəmizdə yaşayan xarici vətəndaşlardır".
Müsahibimiz uşaq oturacağı alarkən diqqət yetiriləcək ən vacib məqamlardan bəhs etdi. O bildirir ki, oturacaq almamışdan qabaq yaxşı araşdırma aparmaq, uşağın ölçülərinə, yaşına, standartlara uyğun olan oturacaq seçmək lazımdır: "Axır vaxtlar Çin çox sadə və nisbətən təhlükəli uşaq oturacaqları istehsal edir, daha ucuz qiymətə təklif edir. Bir çox ölkələrdə valideynlər nəqliyyat cəriməsindən qurtulamaq üçün bu oturacaqları ucuz qiymətə alır, uşağını oturur. Amma oturacaqlardan istifadə etməyin başlıca səbəbi cərimədən yaxa qurtarmaq yox, uşağın sağlamlığını və təhlükəsizliyini düşünmək olmalıdır. Ən ucuzunu alanda düşünmək lazımdır ki, heç bir işə yaramayan bir əşyaya pul verib uşağınızın təhlükəsizliyi ilə oynayırıq. Çin istehsalı olan uşaq oturacaqları qəza anında təhlükəsizliyi yetərincə qorumur".
Satıcı bildirir ki, boyu bir metrə qədər olan uşaqları mütləq uşaq oturacaqlarında oturtmaq lazımdır: "Az sürət zamanı baş verən qəzalarda belə uşaq xəsarət ala bilər. Seçim edərkən diqqətli olmaq lazımdır. Uşaq oturacağını quraşdırmağı mütəxəssisə həvalə etmək lazımdır. Oturacaq avtomobilin oturacağına bir təhlükəsizlik kəməri vasitəsi ilə bağlanır. Bütün avtomobil kreslolarının eyni məqsəd üçün hazırlanmalarına baxmayaraq, seçim edərkən sizə məhz hansı kreslonun yarayacağını anlamanız lazımdır. Bu oturacaqlardan bəzisi sabitdir, daşınmır, bəziləri isə əllə daşına biləcək bir formadadır. Avtomibildən düşüb hər hansı bir kafeyə və yaxud başqa bir yerə gedəndə oturacağı da özünüzlə götürə bilərsiniz, uşaq onun içində rahat yuxulaya bilər".
Qeyd edək ki, uşaq oturacaqlarının ən vacib özəlliyi kilid sistemidir. Bu sistem doğru bağlandığı zaman uşaqları qəza anında xəsarət almaqdan maksimum qoruyur. "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə müvafiq olaraq, uşağı minik avtomobilinin ön oturacağında xüsusi qurğu olmadan 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitəsində daşımaq qadağandır. Bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 151.2 maddəsinə müvafiq olaraq, cərimə nəzərdə tutulur və 3 balla qiymətləndirilir. Yəni, yalnız ön oturacaqda 12 yaşadək uşaqlar daşınarkən xüsusi oturacaqdan istifadə edilməlidir. Arxa oturacaqlarda uşaqların daşınması üçün "avto kreslo" tələb olunmur. Buna görə də heç kimi cərimələmək olmaz. Həmçinin, arxa oturacaqda daşınan uşaqlar üçün kəmər taxmaq da məcburi deyil.
Lalə Mehralı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB