“Məktəbi və müəllimi gözdən salmaq düzgün deyil”

Ümumiyyətlə, orta təhsil müəssisələrinin nizamnaməsində məktəblərdə müəllim-şagird, müəllim-valideyn münasibətlərinin tənzimlənməsi haqqında müvafiq bəndlərdə konkret olaraq göstərilir ki, məktəblərdə şagird və müəllimlər arasındakı münasibətlər tam demokratik proporsional əsaslarla, bir-birinə hörmət çərçivəsində təşkil olunmalıdır. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Rəşad Əsgərov bildirib.

Onun sözlərinə görə, müəllimlər tərəfindən şagirdlərin və yaxud da şagirdlər tərəfindən müəllimlərin döyülməsi, fiziki təsir göstərilməsinə, şiddətə məruz qalmasına və yaxud da psixoloji təsir vasitələrindən istifadə edərək bir-birinə müdaxilə edilməsi yolverilməzdir: “Bu, təhsil müəssisələrinin nümunəvi nizamnaməsində bir qayda olaraq bütün Azərbaycan Respublikasının məktəblərinə şamil olunur. Hətta bu məsələ ali təhsil müəssisələrinin nizamnaməsində də özünü göstərir. Amma bəzi məktəblərdə müəllimlər, şagirdlər arasında olan münasibətləri tənzimləmək üçün daha sivil, demokratik, humanist metodlardan deyil, yabanı, daha çox əvvəlki dövrə məxsus olan fiziki şiddət, təzyiq metodlarına üstünlük verirlər. Belə olan halda isə şagirdlər fiziki, psixoloji, sosial və.s cəhətdən təzyiqə məruz qalır və bu təzyiqlərin dərəcəsindən asılı olaraq uşaqların həyatlarının inkişaf mərhələsində belə müəyyən problemlər yarana bilər. Belə olan halda valideynlər də bu məsələdə daha haqlı olaraq, məktəb rəhbərliyinə və müəllimlərə qarşı təzyiq göstərirlər. Bu şiddətə şiddətlə cavab vermək məcburiyyətində qalırlar. Əslində, bu halların baş verməsi müasir təhsil sisteminin inkişaf dinamikasına ziddir. Belə hallara yol vermək isə qətiyyən olmaz. Əgər əvvəlki, xüsusilə də Sovet dövründə orta məktəblərdə şagirdlərə qarşı göstərilən təzyiq, onların dərsi öyrənməməsinə, yaxud da öyrətməyə istiqamətlənirdisə müasir dövrdə bu başqa cürdür. Hazırkı dövrümüzdə şagirdlərin özlərini düzgün aparmaması, yaxud da məktəb normaları və qayda-qanunlarından kənara çıxmalarına görə daha çox onlara təzyiq göstərilir. İkinci bir məsələ isə Sovet dövründə daha çox ailələrdə 5-10 uşaq mövcud olurdusa, müasir dövrdə bu rəqəm 1 və yaxud 2-yə enib. Təbii olaraq bu da ailənin uşağa daha çox diqqət göstərməsinə səbəb olur. Onun təhsili, asudə vaxtının keçirilməsi, məktəbdə davranışları, müəllimlərlə olan münasibətlərinin tənzimlənməsinə daha çox vaxt ayırırlar. Üçüncü və ən mühüm məsələ isə əvvəlki dövrdən fərqli olaraq, müasir dövrdə informasiya texnologiyalarının, sosial şəbəkələrin və s. geniş şəkildə inkişafı məktəbdə baş verən hər hansı xoşagəlməz halın tez bir zamanda ictimailəşməsinə səbəb olur. Bunun nəticəsində də həmin prosesi törətmiş müəllim, şagirdin gördüyü əməlin daha tez ötürülməsinə və bunun nəticəsində də əks davranışın formalaşmasına gətirib çıxarır. Buna görə də məktəblərin nümunəvi nizamnaməsində müəllimlərin öhdəliyinə qoyulmuş vəzifə və həmin vəzifədən irəli gələn punktlara uyğun olaraq hərəkət edilməlidir. Xüsusilə də, şagirdlərə qarşı bu kimi təzyiq, fiziki zorakılıq hallarının yolverilməsinin qarşısı alınmalıdır. Əgər şagird məktəb normalarına zidd bir davranış nümayiş etdirirsə, bu zaman məktəb rəhbərliyi qarşısında məsələ qaldırıla bilər. Əks halda isə məktəbin pedaqoji şurasının gəldiyi müəyyən qərara əsasən, şagirdi məktəbdən çıxara bilərlər. Əks halda yaranmış problem qarşısında şagirdə təzyiqin göstərilməsi düzgün deyil. Müasir dövrün nümunəvi təhsil sisteminə də ziddir. Eyni zamanda, təhsilimizin inkafına da müəyyən formada öz mənfi təsirini göstərir. Yaxşı olardı ki, orta təhsil məktəblərinin müəllimləri nizamnamədə qəbul olunmuş şəkildə daha humanist və demokratik olaraq yanaşsınlar şagirdlərə.

Məsələ ilə bağlı təhsil ekspertinin də fikirlərini öyrəndik.
Müəllim şagirdin başını divara çırpıb. Bu, cəmiyyətdə gedən prosesdir. Bunu bu qədər vurğulamağa ehtiyac yox idi. Bu sözləri SİA-ya açıqlamasında Şahlar Əsgərov bildirib.

Onun sözlərinə görə, yəni bu hadisə evdə də ola bilər: “İnsanlar bir-birilə dalaşırlar, ölüm hadisəsi baş verir. Amma bu qədər səs-sədaya səbəb olmur. Düzdür, bu hadisə yaşanmamalı idi. Əvvəllər belə olmayıb. Əvvəllər məktəbdə valideyn müəllimə “əti sənin sümüyü mənim” deyərdilər. Uşaq şüurlu şəkildə müəllimin sözünə baxmalıdır. Amma etmirsə, bu zaman müəllim də onu cəzalandırmalıdır. Təbii ki, söhbət fiziki cəzadan getmir. Mənəvi cəzanın verilməsi daha doğru olar. Amma indi hansısa bir məktəbdə müəllim belə bir hərəkət edib deyə hay-həşir salmağa ehtiyac yoxdur. Bu cür hadisələrlə hər zaman qarşılaşa bilərik. Müəllim də, tələbə də çoxdur. Onların arasında təbii olaraq münasibətlər müxtəlif formalarda olur. Razıyam ki, bu hadisə baş verməməli idi. Amma olub və bunu bu qədər şişirtməyə ehtiyac yoxdur. Məktəbi və müəllimi gözdən salmaq düzgün deyil”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...