"Zəngi" liseyində “Bilik günü” qeyd olunub FOTOLAR

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən "Zəngi" liseyində "Bilik günü" qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, liseyinin direktoru Bayram Heydərov, liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

Mərasim iştirakçılarını salamlayan liseyin direktoru Bayram Heydərov "Bilik günü" münasibətlə rəhbərlik etdiyi təhsil ocağının pedaqoji kollektiv üzvlərini, şagirdləri, xüsusən də birinci sinfə yeni qədəm qoyanları, onların valideynlərini təbrik edib, birincilərə yeni dərs ilində müvəffəqiyyət arzulayıb.

"Bilik günü"nün ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunduğunu deyən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu gün münasibəti ilə liseyin müəllim və şagird kollektivini təbrik edib.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan dövləti daim təhsilin inkişafına diqqət yetirir: "Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu Öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır".

Sonda birincilərin ifasında şeir və müsiqi nümunələri səsləndirilib və ilk zəng sədalarından sonra birincilər müəllimlərinin müşayiəti ilə siniflərində öz yerlərini tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...