Universitetə yeni qəbul olunan gənclərin qarşılaşdığı çətinliklər BƏLLİ OLDU - EKSPERT DANIŞDI
“Universitetə qəbul olmaq hər bir gənc üçün böyük bir uğurdur. Lakin bu uğurun arxasında çox ciddi çətinliklər gizlənir. Məktəb illərində yalnız imtahanı qazanmaq haqqında düşünən abituriyentlər universitet qapısından içəri girəndə, əslində, təhsildən daha çox sosial, iqtisadi və psixoloji problemlərlə üz-üzə qalırlar. Təəssüf ki, bu çətinliklərə qarşı dövlət və Elm və Təhsil Nazirliyinin vahid, ardıcıl və uzunmüddətli siyasəti yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Azərbaycan Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, hər il 55-60 min gənc ali məktəblərə qəbul olur. Onların təxminən yarıdan çoxu regionlardan Bakıya üz tutur. Paytaxtda kirayə qiymətlərinin 300–700 manat aralığında dəyişməsi tələbələrin ailələri üçün çox böyük yükdür. Bu isə təhsil haqqı ilə birlikdə tələbələrin oxumaqdan daha çox yaşamaq uğrunda mübarizə aparmasına səbəb olur. Halbuki, “Təhsil haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, dövlət tələbələrin sosial müdafiəsini təmin etməlidir. Amma praktikada yataqxanaların sayı az, mövcud olanların isə şəraiti bərbaddır. Bir çox universitetin yataqxanası ümumiyyətlə yoxdur və tələbələr öz talelərinə buraxılır.
Uyğunlaşma problemi də ciddi məsələdir. Orta məktəbdə valideyn və müəllim dəstəyi ilə oxuyan gənclər universitetdə özlərini müstəqil idarə etməli olurlar. Yeni mühit, fərqli tədris sistemi, imtahanların yazılı formada olması, plagiat yoxlamaları və akademik dürüstlük prinsipləri onları çox vaxt çətin vəziyyətə salır. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə universitetlərin birinci kursunda tələbələr üçün xüsusi “adaptasiya proqramları” tətbiq olunur. Məsələn, Finlandiya və Almaniyada tələbələrə psixoloji dəstək, dərs metodikası ilə bağlı treninqlər, şəhəri tanımaq üçün bələdçilik xidmətləri təqdim olunur. Azərbaycanda isə belə proqramlar yoxdur, nəticədə tələbə ya öz gücü ilə uyğunlaşır, ya da təhsil keyfiyyətindən uzaqlaşır.
Nəqliyyat məsələsi də gündəlik stress yaradan amillərdəndir. Bakı kimi böyük şəhərdə ictimai nəqliyyatın sıxlığı, tıxaclar və metroda basırıq tələbələrin dərsə gecikməsinə səbəb olur. Nazirlik yalnız dərs proqramlarının “yenilənməsi” ilə məşğuldur, lakin tələbələrin real həyat şəraitinə təsir edən bu problemlərə dair heç bir təşəbbüs irəli sürmür. Təhsil Nazirliyi təhsilin keyfiyyətindən danışarkən, tələbələrin yaşadığı çətinlikləri unudur. Əslində isə keyfiyyət yalnız dərs proqramı ilə deyil, tələbənin psixoloji və sosial rifahı ilə ölçülür.
Maddi çətinliklərin bir başqa tərəfi də iş və təhsil arasında balansdır. Əksər tələbələr təhsil haqlarını ödəmək və kirayəni qarşılamaq üçün işləməyə məcbur qalırlar. Amma universitetlər part-time iş imkanları ilə bağlı heç bir dəstək mexanizmi yaratmır. ABŞ və Avropa universitetlərində tələbələrin kampus daxilində işləməsi üçün xüsusi proqramlar mövcuddur. Azərbaycanda isə tələbə ya tam gün işləyərək dərsdən qalır, ya da oxumaq üçün iş imkanlarını itirir. Bu isə həm təhsil keyfiyyətini, həm də gələcək karyera imkanlarını zədələyir.
Müsbət tərəf ondan ibarətdir ki, bütün bu çətinliklər tələbələri daha müstəqil, həyatla mübarizə aparan, öz yolunu tapmağa çalışan fərdlərə çevirir. Çox tələbə ailəsindən uzaq qalaraq maliyyə idarəetməsini, zaman planlamasını, sosial əlaqələr qurmağı öyrənir. Amma bu, dövlətin yaratdığı şəraitin deyil, gənclərin şəxsi iradəsinin nəticəsidir.
Psixoloji aspekt də xüsusi vurğulanmalıdır. Bir çox tələbə ailədən uzaq düşdüyü üçün depressiya, tənhalıq, motivasiya itkisi yaşayır. Qanunvericilikdə psixoloji xidmət nəzərdə tutulsa da, faktiki olaraq universitetlərin çoxunda psixoloqlar formal şəkildə fəaliyyət göstərir. Halbuki, Kanada və Avstraliyada hər universitetdə tələbələrin psixoloji rifahını dəstəkləyən mərkəzlər mövcuddur və onların fəaliyyəti ciddi nəzarətdədir. Azərbaycanda isə bu məsələ yalnız kağız üzərindədir.
Əslində dəyişməli olan odur ki, Elm və Təhsil Nazirliyi yalnız qəbul imtahanlarının nəticələri ilə öyünməkdən əl çəkməli, tələbələrin sosial və psixoloji həyatına dair də siyasət yürütməlidir. Tələbə yataqxanaları yenidən tikilməli, sosial paketlər genişləndirilməli, təhsil kreditləri əlçatan edilməlidir. Bununla yanaşı, universitetlərdə uyğunlaşma proqramları tətbiq olunmalı, psixoloji xidmətlər real fəaliyyət göstərməlidir. Əks halda, hər il qəbul olunan minlərlə tələbə yalnız kağız üzərində “təhsil alır”, gerçəkdə isə gündəlik çətinliklərlə mübarizə apararaq vaxt və enerji itirir.
Dünya təcrübəsi göstərir ki, universitet həyatı yalnız dərs auditoriyası ilə məhdudlaşmır. Tələbənin yaşayışı, sağlamlığı, sosiallaşması və psixoloji dəstəyi təmin olunmadan təhsilin keyfiyyətindən danışmaq qeyri-mümkündür. Azərbaycanda isə bu istiqamətdə sistemli siyasət yoxdur, planlar açıqlanmır, proqnozlar verilmir. Nazirlik yalnız “tədris planlarını dəyişdik” deməklə kifayətlənir, amma tələbələrin həyat şəraiti və uyğunlaşma problemləri tamamilə diqqətdən kənarda qalır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə