Milli terminoloji informasiya sisteminin formalaşmasının elmi-nəzəri əsasları işlənilib - FOTO
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının elmi seminarının iclası keçirilib. SİA xəbər verir ki, seminar institutun dissertantı Əfruz Qurbanovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunub.
Ə.Qurbanova dissertasiya işini təqdim edərək, tədqiqatın məqsədinin beynəlxalq təcrübə və standartlar əsasında e-dövlət platformasında Azərbaycan dili ekosisteminin tərkib hissəsi kimi Milli terminoloji informasiya sisteminin (MTİS) sintezi üçün model, metod və alqoritmlərin işlənməsi olduğunu bildirib.
İddiaçı qeyd edib ki, internetin sürətlə inkişafı nəticəsində milli dil mühitinə daxil olan çoxdilli informasiya seli qarşısında dilin terminoloji təhlükəsizliyinin təmin olunması, internet və İKT-nin imkanlarından istifadə etməklə terminoloji fəaliyyətin səmərəliliyinin yüksəldilməsi, ölkədə terminoloji fəaliyyətin müvafiq beynəlxalq standartların və müasir İKT-nin tələblərinə müvafiq qurulması və s. mövzunun aktuallığını şərtləndirən amillərdir. Ə.Qurbanova e-dövlət çərçivəsində terminoloji lüğətlərin və digər mühüm materialların vahid reyestrinin formalaşdırılmasının, cəmiyyətin bütün təbəqələrinin termin yaradıcılığında aktiv iştirakının təmin edilməsinin zamanın tələbi olduğunu vurğulayıb.
Ə.Qurbanova dissertasiya işində qoyulmuş elmi-nəzəri və praktiki məsələlər, müdafiəyə çıxarılan əsas elmi müddəalar və tədqiqatın elmi-nəzəri və praktiki əhəmiyyətini seminar iştirakçılarının diqqətinə çatdırıb.
O bildirib ki, tədqiqat çərçivəsində terminoloji informatikanın elmi-texnoloji problemləri analiz olunub, əsas inkişaf istiqamətləri müəyyən edilib və bu istiqamətlərdə elmi araşdırmaların aparılmasının vacibliyi əsaslandırılıb. Eyni zamanda, Milli Terminoloji İnformasiya Sisteminin konseptual modeli və arxitektura-texnoloji prinsipləri işlənib, funksional altsistemləri təhlil edilib, imkan və perspektivləri müəyyənləşdirilib.
Məruzədən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – dosent Fəhrad Paşayev və dosent Məkrufə Hacırəhimova çıxış edərək dissertasiya işinin əhəmiyyətini önə çəkiblər. Rəyçilər tədqiqat işində elmi yeniliklərin tamamilə orijinal olduğunu, nəzəri və praktik cəhətdən böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər, kompleks məsələlərin uğurla həll edildiyini vurğulayıblar.
Sonra iddiaçı ona ünvanlanan sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə