Valideyn-Müəllim-Şagird üçbucağı - SORĞU

Şagird-müəllim əlaqələri təhsil sisteminin əsasını təşkil edir. Bu əlaqələr, tədris prosesinin keyfiyyətini və tərbiyənin effektivliyini müəyyənləşdirir. Əsas məqsəd, şagirdlərin maraqlarını qorumaq, onların inkişafına kömək etmək, mədəni və əbədi dəyərləri təbliğ etməkdir. Bu münasibətlər ədalət, hörmət və etik prinsiplər əsasında inşa edilməlidir. Bəs şagird və müəllim əlaqələri necə tənzimlənməlidir? Və aralarındakı davranış qaydaları necə olmalıdır?

SİA mövzu ilə əlaqədar olaraq müəllimlər arasında sorğu keçirib.

Müəllimə Rumiyyə Xudiyeva: “Fikrimcə, müəllim və şagird arasındakı münasibət çox ciddi və ya çox səriştəsiz şəkildə olmamalıdır. Şagirdlərlə elə ünsiyyət qurulmalıdır ki, nə dərsdən çox sıxılsın, nə də dərsdən yayınmaq istəsin. Bir sözlə, yaxın dost kimi davranmaq lazımdır. Yeri gəldikdə evində ailəsi ilə yaşadığı problemlərin həllində belə kömək göstərməli və dəstək olmalısan. Bununla biz müəllim olaraq şagirdin gözündə ən sevimli müəlliminə çevrilə bilərik. Nəticədə isə şagird hər dəfə dərsə daha böyük həvəslə gəlib, dərslərini daha yaxşı oxumağa çalışar”.

Müəllimə Səkinə Ələkbərova : “Müəllim şagirdin həyatında əhəmiyyətli bir yerə sahib olduğuna görə müəllim-şagird münasibətləri digər münasibətlərə görə şagirdin fərdi, mədəni inkişafına və təhsilinin keyfiyyətinə daha çox təsir edir.

Müəllim-şagird münasibətləri sağlam, hörmət, inam, pozitiv ruh və sevgi çərçivəsində olmalıdır. Şagirdlər məktəbdaxili münasibətlərdə müəllimlərini özlərinə rol - model seçir və onların mənfi, müsbət bütün davranışlarını nümunə götürürlər. Müəllimin hərəkətləri, danışığı, geyimi, həmkarlarına və şagirdlərə yanaşması şagirdlərin baxışını formalaşdırır. Yəni, artıq şagirdlər də nümunə götürdüyü müəllimlər kimi davranmağa başlayır.

Müəllim şagirdlərlə ünsiyyət qurarkən tənqiddən, kəskin ifadədən, günahlandırma və hədələmə kimi amillərdən uzaq durmalıdır. Hər bir müəllim psixoloji baxımdan şagirdlə empatiya qurmağı, onun olduğu vəziyyəti dəyərləndirib düzgün davranmağı bacarmalıdır.

Hər bir şagirdin ağıl yaşını və bacarıqlarını individual olaraq dəyərləndirmək lazımdır. İndividual yanaşma hər bir müəllimin uğuru hesab olunur. Çünki hər bir şagird fərddir və buna görə də ona individual yanaşılmalıdır.
Müəllim-şagird münasibətlərinin tənzimlənməsinin əsas amillərindən biri də odur ki, müəllim yaxşı psixoloq olmalı və bununla yanaşı, etik və estetik mədəniyyətə sahib olmalı, hər bir şəxsə fərdi yanaşmağı bacarmalı və müəllim-şagird-valideyn üçbucağına çox böyük əhəmiyyət verməlidir”.

Müəllimə Günay Cəfərli: “Əvvəla onu qeyd etmək lazımdır ki, müəllimlik çətin peşə olduğu kimi, müəllim-şagird arasında olan əlaqə də çətin prosesdir. Hər bir şagirdin xarakteri, dünyaya baxdığı çərçivə fərqlidir. Çətin xarakterli şagirdlərlə kontent yaratmaq daha çətindir. Müəllim bir çox şeyə diqqət etməli, hər zaman bütün şagirdlərinə bərabər qaydada münasibət göstərməlidir. Mənfi münasibət çətin xarakterli şagirdlərin rəftarının dəyişməsinə kömək etmir. Əksinə, şagirdlərin ehtiyaclarını anlamaq üçün bir maneədir”.

Müəllimə Türanə Kərimova: “Müəllim-şagird arasındakı əlaqələr elə tənzimlənməlidir ki, yaxşı nəticələr əldə olunsun. Müəllim-şagird arasındakı qarşılıqlı münasibətlər təlim-tərbiyə məsələlərinin həllində mühüm rol oynayır. Təbii ki, qarşılıqlı münasibətlər yaxşı olan zaman təlim prosesində də münasibət yaxşı olur və yaxşı nəticələr əldə edilir. Münasibətlər çərçivəsində şagird özü də müəllimini qiymətləndirir. Müəllimə qarşı yaxşı münasibət onun şagird tərəfindən yüksək qiymətləndirilməsi isə şagirdlərin biliklərə yiyələnmə istəyini daha da artırır. Müəllimlə şagird arasında həm də mənəvi əlaqələr olmalıdır. Bu əlaqələr şagirdin şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Əgər müəllim şagirdin daxili aləminə bələd olsa, o, şagirdi daha tez ələ alar və dərsə cəlb edər.

Ümumi nəticəyə gəldikdə isə, müəllim pedaqoq olmaqla yanaşı, həm də yaxşı psixoloq olmalı, hər bir şagirdinə fərdi yanaşmağı bacarmalı və valideynlə sıx əlaqədə olmalıdır ki, ölkəmiz və cəmiyyətimiz üçün düzgün şəxsiyyət formalaşdıra bilsin”.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə