DİM-in Magistraturaya qəbul üçün sınaq imtahanı necə keçdi? - TƏHSİL EKSPERTİ AÇIQLADI

"İlk növbədə qeyd edim ki, artıq bir neçə ildir magistratura pilləsinə qəbul imtahanları yalnız İnformatika biliklərinin, Məntiq və Xarici dil bacarıqlarının yoxlanılması istiqamətində həyata keçirilir. Amma bir neçə il bundan əvvələ qədər magistratura pilləsində imtahan iştirakçılarının həm də ixtisas bilikləri yoxlanılırdı". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi bakalavrların magistr imtahanlarına daha yaxşı hazırlaşması üçün mütəmadi olaraq sınaq imtahanları keçirir və sınaq imtahanlarının qiyməti 2016-cı ildən etibarən ciddi şəkildə artıb: "Əgər 2016-cı ilə qədər qiymətlər 3 manat idisə, indi artıq 50 manatdır.

Biz rəqəmlərə baxanda görürük ki, son illər ərzində sınaq imtahanlarında iştirak edənlərin sayı 2016-cı ilə qədər olan müddətdə dəfələrlə aşağı düşüb. Bu bazar günü sonuncu dəfə keçirilən sınaq imtahanlarında təqdim edilən test tapşırıqlarının ilkin təhlilini apardıq. Düzdür, orada sınaq kitabçaları bakalavrlara verilmirdi. Onların yadında qalan suallar əsasında deyə bilərik ki, bir neçə sual müxtəlif test banklarda dəfələrlə istifadə olunmuş təkrar suallar idi. Bu xüsusən məntiq və informatika test tapşırıqlarının nümunələri idi ki, biz buna işlənmiş suallar deyirik.

Ümumiyyətlə, sualların məzmunu və strukturu baxımından deyə bilərik ki, çətin tipli suallar çox deyildi. Yəni, ümumiyyətlə hazırlıqlı abituriyentlərin birini digərindən fərqləndirmək üçün müxtəlif tipli açıq, qapalı və situasiya tipli suallardan istifadə olunmuşdu. Məzmun baxımından deyə bilərik ki, ümumiyyətlə heç bir test tapşırığı ali məktəblərdə məhz bu fənlər üzrə keçirilən fənlərdən istifadə olunmayıb. Yəni, məzmun baxımından məntiq sualları ali təhsil müəssisələrində keçirilən məntiq dərsləri ilə ümumiyyətlə uyğunluq təşkil etmir. İnformatika və Xarici dil bu qədər dərin şəkildə ali məktəblərdə keçirilmir. Bu imtahanlarda uğur əldə etmək üçün mütləq şəkildə imtahan iştirakçıları hazırlıq kurslarına və fərdi müəllimlərə müraciət etməlidirlər".

Kamran Əsədov sözlərinə belə davam edib: "Ümumilikdə qeyd edim ki, Azərbaycanda magistr təhsil alanların sayı ildən-ilə azalır. Bunun əsas səbəbi Azərbaycan ali təhsil müəssisələrinin bir çoxunun keyfiyyətli ali təhsil verməməyi ilə bağlıdır. Bu gün yaxşı magistr hazırlığını həyata keçirən ali təhsil müəssisəsində ilk yerdə Bakı Dövlət Universiteti gəlir. Yəni, daha çox bakalavrlar magistr imtahanında iştirak etdikdən sonra Bakı Dövlət Universitetini seçmək istəyirlər. Orada ikili diplom proqramı eyni zamanda əmək bazarının tələbinə cavab verən kadr hazırlığı baxımından, onun ardınca ADA universitetinə daha çox bizim tələbələrimiz seçirlər. Amma xarici ölkələrə gedənlərin sayı hər il kifayət qədər artır. Bunun əsas səbəblərindən biri xaricdə daha keyfiyyətli kadr hazırlığının həyata keçirilməsidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə