“15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın xilası və dirçəlişinin başlanğıcı” - MÜNASİBƏT BİLDİRİLDİ

“15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olan, dövlətçiliyimizin qorunub saxlanması və davamlı inkişaf yoluna qədəm qoymasının təməlini təşkil edən bir gündür. Bu gün, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə bağlıdır. Məhz onun qətiyyətli siyasi iradəsi, liderlik məharəti və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan vətəndaş qarşıdurmasından, siyasi xaosdan və dağılmaq təhlükəsindən xilas olmuş, sabitlik, inkişaf və tərəqqi yoluna çıxmışdır.

1987-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının rəhbər orqanlarından etiraz olaraq istefa verəndə, bu qərar yalnız bir fərdin istefası deyildi – bu, eyni zamanda Azərbaycanın gələcək taleyində dərin izlər buraxacaq hadisələr zəncirinin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin istefasından cəmi iki həftə sonra Ermənistan tərəfi Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün aktiv şəkildə fəaliyyətə başladı. O dövrdə ölkəni idarə edən şəxslərin səriştəsizliyi erməni millətçilərinin avantürasına geniş meydan yaratdı. Bu təzyiqlər və separatçılıq meylləri Azərbaycanın daxilində sosial-siyasi sabitliyi pozdu və son nəticədə ərazi itkilərinə gətirib çıxardı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Şahin Seyidzadə deyib.


Şahin Seyidzadə sözlərinə belə davam edib: “Belə bir ağır şəraitdə xalqın yeganə ümidi Ulu Öndər Heydər Əliyevə bağlanmışdı. Dövlətçiliyin iflasa uğradığı, ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verməsi tarixi dönüş nöqtəsi oldu. 1993-cü ilin iyun ayında xalqın və siyasi dairələrin təkidli tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasına başladı. O, həyatını təhlükə altına ataraq, Gəncədə baş vermiş hərbi qiyamı şəxsən yatırdı. Bu cəsarətli və prinsipial addım Azərbaycan xalqının ona olan inamını daha da möhkəmləndirdi. 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix xalqın yaddaşına Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğunun yenidən təmin edilməsi günü kimi yazıldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi həyatında keyfiyyət dəyişikliyi baş verdi. Qanunsuz silahlı dəstələr ləğv edildi, idarəetmə sistemi formalaşdırıldı, sabitlik təmin olundu, insanlara öz dövlətinə inam qaytarıldı. Həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat dirçəlməyə başladı. Məhz bu dövrdə neft strategiyası formalaşdırıldı, “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişləndi.

1992-ci ilin noyabrında Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası da ölkədə siyasi sistemin formalaşmasında əhəmiyyətli rol oynadı. Ulu Öndər Heydər Əliyevin partiyaya rəhbərliyi YAP-ın qısa zamanda Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilməsinə səbəb oldu. Bu partiya Azərbaycanın müstəqil dövlət kimi inkişafında, milli birliyin təmin olunmasında və sabitliyin qorunmasında vacib funksiyalar yerinə yetirdi.

1997-ci ildə Milli Məclisin qərarı ilə 15 iyun tarixi rəsmi olaraq Milli Qurtuluş Günü elan edildi. Bu qərar tarixi həqiqətlərin və milli yaddaşın qanunverici şəkildə təsdiqi idi. Azərbaycanın dövlətçilik tarixində dönüş yaradan bu gün yalnız bir qurtuluşun deyil, eyni zamanda yeni inkişaf mərhələsinin simvoludur.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin təməlində dövlətin təhlükəsizliyi, sabitlik və milli həmrəylik dayanırdı. Onun qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin olundu, vətəndaş müharibəsinin qarşısı alındı, münaqişələrin dinc yolla həlli istiqamətində danışıqlar başlandı. Ulu Öndər Heydər Əliyev öz nitqlərində dəfələrlə vurğulayırdı ki, əgər ölkədə sabitlik olmazsa, heç bir sosial-iqtisadi və siyasi proqramın icrasından söhbət gedə bilməz.
1993-2003-cü illər arasında Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin bütün əsas sütunları formalaşması, Konstitusiyanın qəbulu, parlament seçkilərinin keçirilməsi, ölkəni beynəlxalq aləmdə tanınan, müstəqil siyasət yürüdən bir dövlətə çevirməyi bacardı.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt bu gün də onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm daxili, həm də xarici siyasətdə mühüm uğurlara imza atdı. Müstəqillik, suverenlik, ərazi bütövlüyü kimi əsas prinsiplər qorunaraq, dövlətin nüfuzu beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə artdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Zəfəri də məhz Ulu Öndər Heydər Əliyevin siyasi irsinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi qələbə Ulu Öndər Heydər Əliyevin “Şuşaya birlikdə gedəcəyik” arzularını gerçəkləşdirdi. . Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” - Prezident İlham Əliyev 8 noyabr 2020-ci il. Bu gün Azərbaycanın üçrəngli bayrağı Şuşada, Laçında, Xankəndidə və digər azad edilmiş şəhərlərdə əzəmətlə dalğalanır.
Milli Qurtuluş ideyasının daşıdığı siyasi və mənəvi dəyərlər bu gün də aktuallığını qoruyur. Bu gün xalqımızın rifahı, dövlətimizin gücü və sabitliyi, beynəlxalq aləmdə nüfuzunun artması məhz 1993-cü ildə atılmış möhkəm təməllər üzərində yüksəlir. Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində Azərbaycan yalnız müstəqilliyini qoruyub saxlamadı, həm də onu daha da gücləndirdi.

15 İyun – Milli Qurtuluş Günü, Azərbaycan xalqının öz xilaskar lideri ətrafında birləşərək ölkəni xilas etməsinin və yeni bir inkişaf mərhələsinə qədəm qoymasının simvoludur. Bu gün həm də Azərbaycan xalqının dövlətinə, liderinə və müstəqilliyinə olan sarsılmaz inamının ifadəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi, onun göstərdiyi yol bu gün də Azərbaycanın gələcəyinə işıq tutur. Onun “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır” vəsiyyəti bu gün də reallığa çevrilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə