4-cü sənaye inqilabı və mütəxəssislərin kompetensiyası MƏQALƏ

Dördüncü sənaye inqilabı bütün sosiuma, o cümlədən əmək bazarının transformasiyasına əhəmiyyətli dərəcədə təsir göstərir – peşələr, işə yanaşmalar dəyişir.

SİA-nın məlumatına görə, bu gün artıq şirkətin uğuru bir çox hallarda onun əməkdaşlarının texnologiyalardan istifadə etmək, özü də hər şeydən öncə bunu kreativ və innovativ etmək bacarığından asılıdır.

Ümumi vərdişlər içərisində emosional zəka, kreativlik, ünsiyyətcillik və s. kimi nadir insani bacarıqlara tələbat artmaqdadır. Texniki biliklərin də vacibliyi artır: proqram təchizatı ilə səmərəli işləmək bacarığı, ümumi rəqəmsal savadlılıq. Əməkdaşlarda “yumşaq” vərdişlərin (“soft skills”) şərti hissəsi bu gün artıq yetəri səviyyədə inkişaf etmişsə də, texniki bacarıqların vəziyyəti narahatlıq doğurur. Bütövlükdə, uğurlu və rəqabətli işçi qüvvəsinin yaradılması üçün şirkətlər iki istiqamətdə hərəkət etməlidir – bazarın tələbatlarına uyğun olaraq bilik və vərdişlərin öyrədilməsi və monitorinqi sistemini formalaşdırmaq, eləcə də life time learning, yəni fasiləsiz müstəqil təhsil ideyalarını təbliğ etmək.

Tarix göstərir ki, artım sıçrayışları sənaye inqilablarının başlanğıcı ilə əlaqələndirilir. Avtomatlaşdırmanın tətbiqindən sonra qlobal iqtisadi artım artıq 50 ildir ləngiyir. Bütün bu vaxtı şirkətlər yerində saymayıb yeni artım imkanları tapmağa çalışıblar. Məsələn, istehsalın ofşorlara köçürülməsi əmək qüvvəsinə məsrəfləri azaldır. Vaxtilə, ən məşhur ofşor zona Çin hesab olunurdu, ancaq orada da əmək ucuzluğu çox çəkmədi. Artıq 2015-ci ildə Çində orta əməkhaqqı bir çox ölkələrin göstəricilərini geridə qoymuşdu.

2018-ci ildə Davosdakı Ümumdünya İqitsadi forumu 4-cü sənaye inqilabını və onun biznes və cəmiyyətə təsirini ən vacib məsələlərdən biri kimi nəzərdən keçirirdi. Bu inqilab özlüyündə, hərtərəfli rəqəmsallaşdırma getdiyi və istehsal, biznes prosesləri və bütövlükdə cəmiyyətdə dəyişikliklər doğuran geniş çeşidli ən yeni texnologiyaların tətbiq olunduğu texnoloji tərəqqinin inkişafından ibarətdir.

4.0 sənayesi biznesin köklü transformasiyasını nəzərdə tutur, ekspertlər və praktiklər isə onun qarşısında duran əsas çağırışları aşağıdakı şəkildə sıralamışlar:

- rəqəmsal vərdişlərin yoxluğu və çatışmazlığı, dəyişikliklərə müqavimət;

- dəyişikliklər üçün xərclərə və uzunmüddətli investisiyalara tələbat;

- biznes-modelin və biznes-mədəniyyətin dəyişməsi;

- məlumatların təhlükəsizliyi və məxfiliyi.

Bu gün rəqəmsal texnologiyalar bütövlükdə hələ aprobasiya dövründədir, ancaq bununla bərabər yeni texnologiyalar yeni bazarlar və məhsullar da yaratmaqdadır. Yeni texnologiyaları fəal surətdə inkişaf etdirən şirkətlər özləri üçün “mavi okeanlar”ı birinci kəşf edirlər. Bir çox şirkətlər yeni sənaye inqilabının tərkib hissələrini artıq uğurla tətbiq edirlər.

Texnologiyalar obyektiv olaraq məhsuldarlığı, istehsal sürətini və malların keyfiyyətini yaxşılaşdırmağa qadirdirlər. Yekdil bir fikrə görə, məsrəfləri optimallaşdırmağa, resurslara və avadanlığa nəzarət etməyə imkan verən Əşyalar interneti birbaşa iqtisadi üstünlükləri sayəsində 4.0 sənayesi çərçivəsində təklif olunan bütün texnologiyalar içərisində ən perspektivlisi hesab olunur.

Tədarükçülər, istehlakçılar və bütün biznes ekosistemi dəyişikliklərə köklənir, deməli, kim ki hələ bunu etməyib, ümumi trendə tabe olmağa məcburdur. Bu yolun “ensiz” hissələrindən biri – insan kapitalıdır. Bununla bərabər, bu, uğurlu texnoloji transformasiyanın ən aparıcı parametrlərindən biridir.

Bəs biznesin texnoloji transformasiyası zamanı əməkdaşlara hansı səriştələr lazımdır?

Əmək bazarının dəyişikliklərini proqnozlaşdırmaq çox mürəkkəbdir. Amma buna baxmyaraq ona təsir edən əsas tendensiyaları nəzərdən keçirməyin geniş yayılmış bir praktikası vardır:

Yaxın 20 ildə istehsalçılara da, istehlakçılara da dəyəcək texnoloji dəyişikliklər dalğası müşahidə olunacaq. Robotların, süni zəkanın, 3D-çapın və yeni sənaye inqilabının digər komponentlərinin gündəlik həyata da tətbiqi əhali arasında rəqəmsal cihazların isrtifadəsi vərdişlərinin yayılmasına və yüksəkixtisaslı texniki mütəxəssislərə tələbatın artmasına gətirib çıxaracaqdır.

Son proqnozlara görə inkişaf etmiş ölkələrdə əhalinin qocalması müşahidə olunmaqdadır. Əgər 2000-ci ildə dünya əhalisinin yalnız 10%-i 60 yaşdan yuxarı idisə, 2050-ci ilə bu göstərici 21%-ə çatacaq. İnkişaf etmiş ölkələrdə əhalinin əhəmiyyətsiz artımı şəraitində bu kadr resursları uğrunda rəqabətin güclənəcəyinə işarədir.

Qloballaşma ölkələr arasında həm ticarət, həm də əmək miqrasiyasında formal və qeyri-formal maneələri azaldır. Bu bənd həm də inkişaf etməkdə olan ölkələr üçün aparıcı əhəmiyyət kəsb edir, çünki texnoloji geriləmə faktoru işsizlik, bazarda aşağı maaşlar, daha varlı və texniki cəhətdən mütərəqqi ölkələrdən kadr defisiti ucbatından aşağıixtisaslı kadrların miqrasiyası ola bilər.

2050-ci ilə bütün dünya üzrə şəhər əhalisinin payı 50-dən 72%-dək artacaq. Urbanizasiya ixtisaslı personalın sayının artmasına, ən yeni layihələrin ortaya çıxmasına və rəqabətin kəskinləşməsinə doğru aparır.

Təxminən 2030-cu ilə bəşəriyyət orta hesabla baza resurslarının 40%-dən çoxunu işlədəcəkdir. Resurs defisiti təhlükəsi və iqlim dəyişiklikləri bütün dünyada son dərəcədə aktualdır. İstehsala və istehlaka ekoloji yanaşmaların işlənib hazırlanması üçün daha çox mütəxəssis tələb olunacaq.

Bir çox tədqiqartçılar yeni sənaye inqilabının sosial nəticələri barəsində öz əndişələrini bildirməkdədirlər. Onun xüsusiyyəti miqyaslı avtomatlaşdırmada, məsələn, sadə istehsaldan tutmuş idarəçilik qərarlarının qəbulunadək bütün səviyyələrdə insan müdaxiləsi olmadan maşınların qarşılıqlı fəaliyətinin mümkünlüyündədir. Bu cür xüsusiyyətlər labüd olaraq məşğulluq strukturunun dəyişməsinə səbəb olacaqdır.

İşini birinci itirən və ya ixtisasını artımağa məcbur olanlar yeknəsəq təkrarlanan işlə məşğul olan əməkdaşlar olacaq.

Oksforddan olan alimlər hesablayıb ki, yaxın 20 il ərzində ABŞ-dakı peşələrin 47%-i çox güman ki, avtomatlaşdırılacaq. Müşahidə olunan gələcəkdə bu fərziyyə tam ehtimal olunandır. Xüsusilə, bu gün artıq insanın yazdığından faktiki olaraq fərqləndirilməyən mətni sintezləşdirməyə qadir olan mürəkkəb alqoritmlər mövcuddur. Bu layihənin təkmilləşdirilməsi templəri saxlanıldıqca 2020-ci illərin ortalarına xəbərlərin 90%-i kompüter tərəfindən yaradılacaqdır.

Bir tərəfdən, güman ki, proseslərin hərtərəfli avtomatlaşdırılması ilə insan əməyinin payının aşağı düşməsi bu gün texnoloji geriliyin işçi qüvvəsinin aşağı qiymətləri hesabına kompensasiya olunduğu inkişaf etməkdə olan ölkələrə güclü təsir göstərəcəkdir. Eyni zamanda istehsalın inkişaf etmiş ölkələrə, xüsusilə, Avropa və ABŞ-a qayıdışı başlayacaqdır, inkişaf etməkdə olan ölkələr özlərinin praktik olaraq aparıcı resurslarını itirəcəklər.

Yeni texnologiyalar işçilər qarşısında yeni tələbləri müəyyən edir və yeni bacarıqlara tələb yaradır. Yeni rəqəmsal gerçəklik üçün başqa vərdişlər dəsti tələb olunacaq.

2017-ci ilin sonunda "Deloitte" şirkəti Amerika, Asiya və Avropanın 19 ölkəsindən 1 603 top-menecerlə sorğu aparıb və bunu müəyyən edib: sorğu götürülənlərin ancaq dörddə biri hesab edir ki, onların əməkdaşları yetərincə hazırlıqlıdır və gələcəkdə iş üçün zəruri vərdişlərə malikdir.

26 ölkədən 2 000-dən çox respondentin iştirakı ilə aparılmış PWC-tədqiqat göstərmişdir ki, şirkətlərin təxminən yarısı rəqəmsal transformasiya yolunda başlıca çətinliyi rəqəmsal mədəniyyətin yoxluğunda və işçilərdə müvafiq səriştələrin olmamasında görür.

Beləliklə, tədqiqatçıların fikrincə, gələcəkdə şirkətin bazardakı uğuru onun peşəkar vəzifələrin uğurla yerinə yetirilməsini təmin edən bilik, bacarıq, vərdiş, motivasiya və xüsusiyyətlərin məcmusu olan zəruri səriştələrə malik olmalı olan işçilərinin keyfiyyəti ilə müəyyən olunacaq.

Dördüncü sənaye inqilabı şəraitində ağıllı maşınlar indi insanların yerinə yetirdiyi bir çox vəzifələri yerinə yetirə biləcəklər. Onda bəs hansı nadir insan bacarıqları qiymətdə olacaq? Əgər tamamlanmış gerçəklik işçilərə nəhəng həcmdə məlumatlara çıxış yaradır və qərarların qəbulunda kömək edirsə, bəs onda texnologiyaların potensialından tam istifadə etmək üçün işçilər necə olmalıdır?

Texnoloji dəyişikliklərə mühəndis, kömpüter, riyazi ixtisasların işçiləri yardım edir, çünki təbəddülatların yaradıcısı məhz onlardır. Ancaq yenə də texnoloji inqilab digər peşə kateqoriyalarına, xüsusilə ofis əməkdaşlarına nə cür təsir göstərəcək? Səriştələri hər bir konkret peşəyə münasibətdə nəzərdən keçirmək lazımdır, ancaq bütün peşə sahibləri üçün ümumi olan müəyyən bir bilik və vərdişlər layından da danışmaq olar.

Dördüncü sənaye inqilabının təsiri haqqında tədqiqatlarda vurğunu texnoloji, demoqrafik və sosial-iqtisadi dəyişikliklərin biznes-modellərə təsiri, məşğulluq şəraitinin dəyişilməsi və peşəkar vərdişlərə olan tələblərin üzərinə qoyurlar, bütün sadalananlar da kadrların yığılması, təlimi və idarəolunmasında ciddi problemlərə səbəb olacaq. Respondentlərin məlumatlarına görə, bu gün artıq müxtəlif sahələrdə müxtəlif iş yerlərində ən çeşidli bacarıqlara artan tələbat hiss olunmaqdadır.

Orta hesabla 2020-ci ilə peşələrin əksəriyyətindən tələb olunan vərdişlərin üçdə birindən çoxu hələ dünən iş üçün aparıcı hesab olunmurdu. Artıq bütün sahələrdə respondentlərin üçdə biri dəyişikliklərin idarəolunması və gələcək əmək resurslarının planlaşdırılması üzrə strategiya çərçivəsində əməkdaşların təkrar hazırlığına investisiya qoymaq niyyətindədirlər. Bütövlükdə, gözlənilənlərin əksinə olaraq sosial vərdişlər (inandırma, emosional zəka və digərlərinin təlimi) bütün sahələrdə daha çox tələb olunacaq, nəinki məhdud texniki vərdişlər, məsələn, proqramlaşdırma yaxud avadanlığın istismarı və ona nəzarət. Mahiyyət etibarilə, texniki vərdişləri güclü sosial vərdişlərlə tamamlamaq lazım gələcəkdir.

Gələcəyin tələbatında geniş bir vərdişlər spektri vardır. Ümumi İT vərdişləri və proqram təchizatının istifadəsi, ümumi proqramlaşdırma vərdişləri yüksək əhəmiyyət qazanmaqdadır. Mürəkkəb informasiyanı işləmək, yeni rəqəmsal texnologiyaların köməyi ilə əməkdaşlar və müştərilərlə ünsiyyət qurmaq, vəzifələri yerinə yetirmək, planlaşdırmağı bacarmaq ən müxtəlif ixtisaslı əməkdaşlar üçün vacib olacaq. Rəqəmsal texnologiyaların yaxşı bir təməl işlətmək səviyyəsinə nail olmaq peşəkar inkişafın zəruri şərtlərindən biridir. Texnologiyaların formalaşdırmaqda olduğu yeni mühit bəzi mövcud və əlavə vərdişlərin təkmilləşdirilməsini tələb edir.

Məsələn, analitik tədqiqatların məlumatlarına görə, yaradıcılıq, problemlərin həlli, ünsiyyət, komanda işi və sahibkarlıqla bağlı olan qeyri-standart analitik vərdişlərə - işçilərə dəyişikliklər şəraitində effektiv qalmağa kömək edən bütün vərdişlərə tələbat artır.

The Expert Group on Future Skills Needs ekspert qrupu biznes nümayəndələri, pedaqoqlar, həmkarlar ittifaqları xadimləri və siyasətçilərlə sorğu aparmışdır ki, gələcəkdə hansı vərdişlərin tələb olunacağını öyrənsin. Toplanmış informasiyanı o bir neçə qrupa bölmüşdür:

- təməl və ya fundamental vərdişlər (savadlılıq, hesablama bacarığı, rəqəmsal savadlılıq);

- insanlarla bağlı vərdişlər (kommunikativlik, komandada işləmək); konseptual/təfəkkür bacarıqları (informasiyanın toplanması və təşkili, problemlərin həlli, innovasiyalar və kreativlik).

İstehsalın və korporativ struktur dəyişikliklərinin miqyası əməkdaşların yerlərdə səlahiyyətlərinin genişlənməsinə gətirib çıxaracaqdır, deməli, onların qarşısında son dərəcədə müxtəlif peşəkar vəzifələri həll etmək durur. Bununla yanaşı, işçilər dəyişikliklərə tez adaptasiya olmağı və daim nəsə yeni bir şey öyrənməyi bacarmalıdır. Gələcəkdə işçilərə tənqidi və yaradıcı təfəkkür, təşəbbüskarlıq və məsuliyyət, adaptivlik, innovativlik, işgüzarlıq, və emosional zəka gərək olacaq.

McKinsey konsaltinq şirkətinin tədqiqatının məlumatlarına görə, əksər peşələr bu gün yalnız nisbətən məhdud sayda iş yerlərində tətbiq oluna biləcək sosial və emosional vərdişlər və yüksək səviyyəli məntiqi təfəkkür kimi yüksək koqnitiv bacarıqlar tələb edəcəkdir. Bununla belə, şirkət proqramlaşdırma və texniki ekspertiza vərdişlərinə gərəyini verir. Hətta avtomatlaşdırılmış peşələr belə müəyyən dərəcədə insan iştirakını tələb edəcək. Məsələn, maşınlar informasiyanın alınması və işlənməsi üzrə təməl işləri görməyə qadirdir, ancaq daha yüksək təhlil tələb edən işə tələbat artmaqda davam edir.

Beləliklə, 4-cü sənaye inqilabı və onun gətirdiyi dəyişikliklər ilk öncə insan kapitalı səriştələrinin və vərdişlərin aşağıdakı struktur üzrə artırılmasını tələb edəcəkdir:

- Nəzəri vərdişlər: öyrənmək, təhlil və təşəbbüs göstərmək qabiliyyətini müəyyən edən Koqnitiv (intellektual) vərdişlər;

- Metakoqnitiv vərdişlər, yəni müxtəlif vərdişləri məqsədyönlü şəkildə uzlaşdırmaq və onların konkret situasiyada faydalılığını tənqidi qiymətləndirmək;

- Qeyri-koqnitiv vərdişlər: dəqiqlik, etibarlılıq, məsuliyyət, vicdanlılıq, doğruluq,

- Sosial (şəxslərarası) vərdişlər (komandada ünsiyyət yaxud işləmək qabiliyyəti, əməkdaşları yönəltmək, koordinasiya və motivasiya etmək bacarığı);

- Rəqəmsal vərdişlər: (İT sahəsində vərdişlər, yəni internetin istifadə olunması, informasiyanın işlənməsi və mübadiləsi, proqram təchizatının istifadəsi, və proqramlaşdırma vərdişləri, yəni kompüter proqramlarından müstəqil istifadə və onları istifadəçilərin tələblərinə uyğun qurmaq; rəqəmsal savadlılıq, yəni rəqəmsal texnologiyaların necə işlədiyi, hansı fürsətləri təklif etdiyinin və hansı risklərlə əlaqəli olduqlarının təməl dərki.

Beləliklə, şirkətlər çağırışlara, o cümlədən insan kapitalı ilə bağlı olanlara nə qədər tez uyğunlaşırsa, biznes xüsusilə və iqitisadiyyat bütövlükdə bir o qədər effektiv olacaqdır.

Tarix üzrə fəlsəfə doktoru Emin Əliyev

Report

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...