Sənaye 4.0 və əməyin xarakteri: Azərbaycanın məşğulluq sferasının üzləşdiyi çağırışlar MƏQALƏ

Son illər, xüsusilə dünya iqtisadiyyatının çağdaş dövründə Dördüncü Sənaye inqilabı və ya “sənaye 4.0” faktorunun müzakirə predmeti olaraq araşdırılması marağı ictimai rəydə daha çox diqqət çəkməkdədir. Lakin belə bir əsnada belə bir sual da yaranır ki, onun inkişafı amili əməyin xarakter və məzmununda necə əks olunacaq?

SİA xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Şura üzvü Emin Əliyev bu faktor ətrafında “Report”da elmi-araşdırma məqaləsi ilə çıxış edib.

Birinci Sənaye inqilabından Dördünücü Sənaye inqilabına doğru – dəyişən imkanlar, reallaşdırılan ideyalar

Başlanğıcı buxar mühərrikinin kəşfi ilə qoyulan Birinci Sənaye inqilabı əl əməyindən maşın əməyinə keçidi şərtləndirdi. Yəni bu şətrləndirmə elm və texnikanın inkişafına çox kifayət qədər böyük təsirini göstərdi, yeni ixtisasların və əməyin təşkili formalarının yaranmasına, çoxfunksiyalı iş əmsalına gətirib çıxardı.

Mütəxəssislər İkinci Sənaye inqilabını elektrikləşmə, eləcə də konveyer istehsalının təşkili ilə bağlayırlar ki, bu da əməyin məhsuldarlığını kəskin surətdə artırmış, müəssisələrin idarəolunmasına yanaşmaları dəyişmişdir.

Üçüncü Sənaye inqilabının təməlində isə, telekommunikasiya texnologiyalarına keçid, onları istehsalat prosesinə tətbiqi, rəqəmsal istehsala keçid dayanırdı. Bu keçid reallığı əmək məhsuldarlığını daha da artırdı, göy yaxalıqlara, birbaşa istehsalatda çalışan fəhlələrə tələbatı azaltdı, eyni zamanda yeni iqtisadi reallıqlara uyğunlaşmaq məqsədilə işə salınan uyuşqan məşğulluğun inkişafına şərait yaratdı.

Lakin daha bir maraqlı məqam budur ki, Üçüncü Sənaye inqilabının hələ bütün yer üzünə yayılmamasına baxmayaraq, artıq bu gün yeni bir “inqilabi situasiya” – “sənaye 4.0” faktoru yetişib. Bir çoxları bu faktorun zamandan əvvəl öz yerini tutmağa başladığını iddia etsə də, əslində “sənaye 4.0” məhz sürətli elmi-texnoloji tərəqqinin nəticəsi olaraq da qiymətləndirilə bilər. Lakin bunun da bir sıra izahları mövcuddur.

Belə ki, Dördüncü Sənaye inqilabının əsas hərəkətverici qüvvəsi “kiberfizik sistemlərin” (“cyber physical system”) və ya “CPS”-lərin istehsal proseslərinə sürətli inteqrasiyasıdır. Bu, bir çox ixtisaslar və peşələrdən ötrü fəlakətə çevrilə, əməyin və əmək münasibətlərin məzmun və xarakterində köklü dəyişikliklərə səbəb ola bilər. Bizlər anlamalıyıq ki, söhbət işçi qüvvəsinin qarşısına yeni tələblərlə çıxan, prinsip etibarilə fərqli bir işdən gedir. Daha dəqiq vurğulayarsaq, 4.0 sənayesinin məşğulluğun və əmək münasibətlərinin inkişafına göstərə biləcəyi bəzi nəticələri artıq indidən proqnozlaşdırmaq olar. Misal üçün, Üçüncü Sənaye inqilabı əmək münasibətlərinin əmək fəaliyyətinin mərkəzdən uzaqlaşması və qeyri-standart məşğulluq formalarının yayılmasında, əmək davranışının motivlərində köklü dəyişikliklərdə ifadə olunan böyük bir transformasiyasına səbəb oldu.

Dördüncü Sənaye inqilabına keçid isə bu prosesi bir xeyli sürətləndirəcək. O cümlədən, əmək münasibətlərinə xas olan standartlaşma və unifikasiyanın yerinə əməyin qeyri-standartlaşdırılması, qeyri-daimi muzd, subsidiya verilən əmək müqaviləsi, uyuşqan məşğulluq formalarının inkişafı baş verəcəkdir. Çünki əmək fəaliyyəti sərt tənzimləmə və mümkün müxtəliflik sahələrinə bölünərək daha da diskretlik kəsb etməyə başlayır. Bütün bunlar iş vaxtı haqqında ənənəvi təsəvvürü dəyişəcək və o, tədricən insanın həyatındakı mərkəzi yerini itirəcəkdir, nizamsız iş vaxtı isə həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevriləcəkdir.

Asudə vaxtın artması yeni sənaye inqilabının çağırışlarına və informasiya dövrünə səmərəli adaptasiyaya səbəb olur

Digər tərəfdən, əmək fəaliyyətini yalnız müəyyən bir həyat səviyyəsini saxlamaq vasitəsi kimi qəbul edən işçilərin sayı artacaqdır. Bununla bərabər, get-gedə asudə vaxt fəaliyyəti sferasına uğurluluq, özünüreallaşdırma ayaq açacaqdır. Sərbəst vaxt strukturunun dəyişməsi artıq indidən özünü göstərir. Əksər işçilər üçün o artıq istirahət vaxtı yox, zaman-zaman şəxsiyyətin özünüreallaşdırmasına kömək edən zəngin məzmunlu intellektual bir fəaliyyətdir. Bu baxımdan, nəticə çıxarmaq olar ki, asudə vaxtın artması yeni sənaye inqilabının çağırışlarına və informasiya dövrünə səmərəli adaptasiyaya səbəb olur, məhz qeyri-iş vaxtı işçi yeni reallıqlara uyğun olan keyfiyyətləri inkişaf etdirir, insan kapitalını təkrar istehsal edib çoxaldır.

M.Kastels yeni işçilər nəslini get-gedə kreativlik, koqnitiv qabiliyyətlər, nəzəri və praktik bilikləri inteqrasya etmək bacarığı, yeni bilik və səriştələr əldə etməyə hazırlıq kimi xüsusiyyətlərə üstünlük verən “informasiya istehsalçıları” adlandırmışdır.

Əmək bazarı daha da uyuşqan olmağa başlayır. Aşağıdakı uyuşqan məşğulluq formalarına keçid prosesi fəal surətdə inkişaf edir:

- qismən məşğulluq;

- uyuşqan iş qrafiki;

- ixtisar olunmuş iş həftəsi;

- müvəqqəti məşğulluq;

- fərdi məşğulluq;

- informasiya texnologiyarının istifadəsi ilə baş verən distant məşğulluq (uzaqdan işləmək).

Uyuşqan məşğulluğun bir forması da “uyuşqan iş yeri” (flexi-place) yaxud başlıca ofisdən kənar iş kimi tanınır.

Boston Consulting Group-un proqnozlarına görə 2030-cu ilə ən çox yayılmış 700 peşənin 60%-ə qədəri avtomatlaşdırılacaq

Onu da qeyd etmək yerinə düşərdi ki, “sənaye 4.0” qlobal sənaye trendini tutan Azərbaycan da yaxın vaxtlarda əmək və məşğulluq sahəsi ilə bağlı bir sıra suallarla üzləşəcək. Bəs bunun əsas çağırışları, həmçinin ona mümkün hazırlıq metodları hansılardır? İlk növbədə, ölkədə fərdi məşğulluq və “4.0 sənayesi” tələblərinə hazırlıq məsələsi müstəvisində siyasətin bələdçisi kimi Azərbaycan Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məqsədyönlü və sistematik şəkildə paytaxtda, eləcə də ölkə regionlarında apardığı işi qeyd etmək gərəkdir. Fərdi məşğulluq proqramına cəlb olunmuş şəxslərin dəstəklənməsi üzrə tələblərin və meyarların qoyuluşunda proqram çərçivəsində dəstəklənən subyektlərin fəaliyyətinin dördüncü sənaye inqilabının hərəkətverici qüvvələrinə uyğunlaşdırılmasının gücləndirilməsi və ya rəqəmsallaşdırma, məlumatların təhlilini tələb edən fəaliyyət növlərinin seqmentləşdirilmiş dəstəklənməsi məqsədəuyğundur. Əmək Nazirilyi nəzdində fəaliyyət göstərən məşğulluq mərkəzlərində və “Əmək birjası” kimi reallaşdırılan platformalarda labüd olaraq diqqəti avtomatlaşdırmanın gözlədiyi ixtisaslar üzrə ixtisasartırma treninqlərinə və kurslarına diqqətin gücləndirilməsi zərurəti ortaya çıxacaq.

Növbəti proqnozlar və ehtimallar da maraqlı məsələləri önə çıxarır. Məsələn, Boston Consulting Group-un proqnozlarına görə 2030-cu ilə ən çox yayılmış peşələrin 60%-ə qədəri 700-ü avtomatlaşdırılacaq. Əslində, bu çağırışa hazır olmaq lazımdır, ona görə də analitika, dəqiq elmləri və İKT ilə bağlı sahələri bilməyi tələb edən texniki ixtisaslar üzrə ixtisasartırmaya yönəlmiş siyasət və fəaliyyət prioritetlərdən biri olmalıdır.

Üçüncü Sənaye inqilabı əmək fəaliyyəti üçün yeni, virtual məkanlar açdı, internet-iqtisadiyyatı (e-economy) və ona uyğun olan elektron bazarları (e-markets, virtual markets) və elektron-biznesi (e-business, e-commerce) formalaşdırdı, informasiya texnologiyaları təhsil proqramlarının inkişafı üçün də yeni imkanlar açdı, biliklərin və informasiyanın rolunun artması təhsil sistemini ön plana çəkdi.

Ənənəvi məşğulluq formalarının transformasiyası, onun uyuşqan formalarının inkişafı insanın birdən çox işə malik olması ilə səciyyələnən çoxməşğulluğun yayılmasına səbəb oldu

Qeyd etmək yerinə düşərdi ki, bu gün təhsilin qloballaşması nəticəsində tələbələrin ölkələrarası yerdəyişmə axınlarının çoxalması, yüksək keyfiyyətli peşəkar mütəxəssis hazırlığını təmin etməyə vəzifələndirilmiş beynəlxalq lisenziyalaşdırma, sertifikasiya və akkreditasiya sisteminin yaradılması ilə səciyyələnir. Xüsusilə də, distant təhsil getdikcə daha çox inkişaf edir. 40%-ə yaxın iri şirkət bu gün distant təhsildən öz mütəxəssislərinin təkrar hazırlığı və ixtisasartırması üçün istifadə edirlər. Ona görə də, informasiya-kommunikasiya texnologiyaları təkcə məşğulluğun, asudə və iş vaxtının strukturunu dəyişməmiş, eləcə də fərdi məğulluq, xüsusən də belə deyilən frilanserlər - əmək bazarına müstəqil xidmət tədarükçüsü kimi çıxan mütəxəssislər üçün yeni perspektivlər açmışdır. Bu olay “uzaqdan iş” adını almışdır. İşçilərin bu kateqoriyasını göstərmək üçün amerikalı tədqiqatçılar T.Meloun və R.Loybaxer xüsusi “elektron frilanser” yaxud e-lanser terminini daxil etmişlər. [3]. Praktik olaraq “kompüter ixtisaslarını təmsil edən bütün fərdi məşğul işçilər (proqramçılar, veb-dizaynerlər) e-lanserlərdir. Həmçinin, uzaqdan işə cəlb olunan peşələrin çoxu daim genişlənir. Bu insanlar öz istehsalat fəaliyyətini fərdiləşdirməyə, öz əmək proseslərinə özləri nəzarət etməyə can atırlar.

Lakin daha bir danılmaz gerçəkliyi qeyd etmək gərəkdir ki, Azərbaycanda bu trendlərin bəziləri koronavirus infeksiyası yayılandan sonra fəallaşdı. Covid-19 Azərbaycanda frilanserlik anlayışını tətbiq ediləndən geniş yayılana çevirərək bununla da insanlarda uzaqdan iş vərdişlərini, biznesin distant aparılmasında biliklərin dərinləşdirilməsini inkişaf etdirdi. Mütəxəssislər kommunikasya vasitələri seçimində daha səfərbər, uyuşqan oldular, işin uzaqdan təşkili metodlarında biliklərini təkmilləşdirə bildilər. Eyni zamanda, dünya təcrübəsi də göstərdi ki, ənənəvi məşğulluq formalarının transformasiyası, onun uyuşqan formalarının inkişafı insanın birdən çox işə malik olması ilə səciyyələnən çoxməşğulluğun yayılmasına səbəb oldu. İnsanlar “multi-task functional” (bir zaman kəsimində bir neçə vəzifələrin yerinə yetirilməsi funksionalı ilə) oldular. Xüsusən, tanınmış ingilis iqtisadçı-alimi Çarlz Hendli elmi dövriyyəyə əsasında “portfel karyerası”, portfel işçisi” termininin meydana çıxdığı “işlər portfeli” anlayışını gətirdi. Ç.Hendlinin əsas ideyası ondan ibarətdir ki, müasir işçi “portfel təfəkkürü”nü formalaşdırmalıdır. Qeyri-standart məşğulluq formalarını natamam kimi qəbul etmək stereotipindən imtina edib onları bir portfelə yığaraq müasir işçi müxtəlif həyat situasiyalarını nəzərə alıb fərqli həyat mərhələlərində maliyyə axınlarına bacarıqla nəzarət edə bilər. Bu mənada, natamam iş günü məşğulluğu, uyuşqan iş qrafiki, əlavə məşğulluq, ev işi Dördüncü Sənaye inqilabının hətta ən mürəkkəb şəraitində belə uyuşqan maddi yaşam təməli yarada bilər. Ümumi trenddən, o cümlədən əmək sferasının inkişaf trendlərindən istisna olmayan Azərbaycan da dəyişiklərə uyğunlaşmağa hazır olmalıdır.

Lakin buradan da növbəti suallar meydana gəlir: Gələcək dəyişikliklər nəzərə alınmaqla biznes yeni çağırışlar fonunda özünü necə aparacaq?

4.0 sənyesi texnologiyalarının işlənib hazırlanması və tətbiqi layihələrinin gerçəkləşdirilməsi ilə bağlı gözlənilən sosial-iqtisadi transformasiyaları nəzərə almaqla, Azərbaycanda şirkətlərin insan resurslarının idarə olunması sahəsində aşağıdakı mümkün biznes-strategiyalarını proqnozlaşdırmaq olar:

1. “sənaye 4.0” texnologiyaları ilə zəruri iş vərdişlərinə malik əməkdaşların işə götürülməsi;

2. müvafiq işçilərin “4.0 sənayesi” texnologiyaları ilə zəruri iş vərdişlərinə yenidən öyrədilməsi;

3. personalın ixtisarı və iş vəzifələrinin tam avtomatlaşdırılması.

“Sənaye 4.0” texnologiyalarının tətbiqinin xoşagəlməz nəticələrini neytrallaşdırmaq üçün (əmək bazarı mövqeyindən isə 3-cü bənd arzuolunmazdır) Azərbaycanda əmək bazarının və təhsil sferasının yeni 4.0 sənayesi texnologiyalarının tətbiqi ilə bağlı transformasiyalara reaksiyası mexanizmlərinin daxil olduğu dövlət proqramının işlənib hazırlanması zəruridir.

Bu zaman 4.0 sənayesi texnologiyalarının tətbiqinin müxtəlif fəaliyyət sahələri və növləri üzrə tətbiqinin perspektiv və nəticələrinin fərqləndirilmiş xarakterini nəzərə almaq lazımdır.

Sahələr üzrə fərqləndirilmiş yanaşmanı həmçinin sahələrin özləri daxilində seqmentləşdirmək lazım gələcək. Azərbaycan iqtisadiyyatının flaqmanlarından biri olan neft-qaz sahəsi biznesin avtomatlaşdırılması zamanı bir çox dəyişikliklərə məruz qalacaq. Və biznes prosesləri nə qədər çoxpilləlidirsə, onda avtomatlaşdırma da bir o qədər olacaq.

Analoq erasını tərk edib rəqəmsal eraya qədəm basan aqro-sektorun da adını çəkmək lazımdır. Bu sahədəki yeniləşmələr labüd olaraq avtomatlaşdırma proseslərinə və nəticə etibarilə aşağı ixtisaslı kadrların ixtisarına gətirib çıxaracaq.

Bu mənada Kənd Təsərrüfatı Nazirliyində keçirilən çoxsaylı ixtisastırma treninq və kursları personalın dəyişikliklərə daha tez adaptasiyasına kömək edəcək.

Digər tərəfdən, analoji treninqləri keçirərkən ora maksimal sayda özəl sektoru təmsil edən iştirakçılar cəlb etmək lazımdır, çünki idarəçilik qərarlarının böyük bir hissəsi məhz biznesin çiyinləri üzərinə düşəcək.

Beləliklə, bütün bu reallıqlardan nəticə hasil edərək, belə məntiqə varmaq olar ki, Üçüncü Sənaye inqilabına keçid artıq əməyin xarakter və məzmununda köklü dəyişiklər doğurub. “4.0 sənayesi bu prosesi davam edib sürətləndirəcək, qeyri-ənənəvi məşğulluq formalarının əmələ gəlməsinə səbəb olacaq, onların uyuşqanlığını gücləndirəcək, əmək davranışının yeni motivlərinə gətirib çıxaracaqdır. Əmək münasibətlərinin inkişafında yaranmaqda olan yeni tendensiyalar gələcək fundamental, dərinləşdirilmiş tədqiqat və tezliklə tətbiq tələb edir. Artıq bu da 4.0 sənayesinin təkzibolunmaz gerçəkliyidir ki, müasir dövrümüzdə, çağdaş zamanımız qarşısında tələblərini ortaya qoymaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...