“Qlobal bazarda düyünün bahalaşması, daxili bazara da təsir edəcək” - EKSPERT DANIŞDI

“Son dövrlərdə dünyada, xüsusilə Asiya regionunda düyü bazarında baş verən qiymət artımı və tələbatın genişlənməsi qlobal ərzaq bazarına birbaşa təsir göstərir”.

Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, Asiya ölkələri, xüsusilə Hindistan, Tailand, Vyetnam və Pakistan dünya düyü ixracının əsas hissəsini təmin edir:

”Bu ölkələrdə iqlim dəyişiklikləri, su qıtlığı, daxili bazarı qorumaq üçün tətbiq edilən ixrac məhdudiyyətləri və logistika xərclərinin artması qlobal qiymətlərin yüksəlməsinə səbəb olur. Azərbaycan isə düyü tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödədiyindən bu proseslər ölkənin ərzaq bazarına birbaşa təsir edir.

Qiymət artımı ilk növbədə idxal dəyərinin yüksəlməsinə gətirib çıxarır. Bu isə daxili bazarda pərakəndə qiymətlərin artmasına səbəb olur və xüsusilə aşağı gəlirli əhali qruplarının xərclərinə daha çox təsir göstərir. Düyü Azərbaycanda əsas istehlak məhsullarından biri olduğuna görə onun bahalaşması ümumi ərzaq inflyasiyasını sürətləndirə bilər. Eyni zamanda, idxaldan yüksək asılılıq tədarük zəncirində yaranan hər hansı geosiyasi və ya iqtisadi risk zamanı bazarda qıtlıq ehtimalını artırır.

Düyü istehsalında mövcud risklər əsasən suvarma imkanlarının məhdudluğu, iqlim dəyişiklikləri, məhsuldarlığın aşağı olması və torpaq resurslarının səmərəli istifadə edilməməsi ilə bağlıdır. İdxal baxımından isə əsas risklər valyuta məzənnəsinin dəyişməsi, ixracatçı ölkələrin tətbiq etdiyi məhdudiyyətlər və beynəlxalq nəqliyyat xərclərinin artmasıdır. Əgər qlobal bazarda təklif azalarsa və ya iri ixracatçı ölkələr daxili bazarı qorumaq üçün ixracı məhdudlaşdırsalar, Azərbaycan kimi idxaldan asılı ölkələr daha yüksək qiymətlərlə üzləşə bilər.

Qiymət artımının sosial rifaha təsiri xüsusilə aztəminatlı ailələr üçün daha kəskin hiss olunur. Ərzaq xərclərinin artması onların real gəlirlərini azaldır və sosial bərabərsizliyi dərinləşdirə bilər. Ərzaq təhlükəsizliyi baxımından isə uzunmüddətli idxal asılılığı strateji risk yaradır və qlobal bazarlardakı dalğalanmalar ölkədaxili sabitliyə təsir göstərə bilər.

Bu vəziyyətdə Azərbaycan üçün əsas alternativ istiqamətlər yerli istehsalın artırılması, müasir suvarma sistemlərinin tətbiqi, məhsuldarlığın yüksəldilməsi və toxumçuluğun inkişaf etdirilməsidir. Eyni zamanda, idxalın diversifikasiyası , yəni düyünün bir neçə ölkədən alınması, riskləri azalda bilər. Dövlət səviyyəsində strateji ərzaq ehtiyatlarının formalaşdırılması, bazara nəzarət mexanizmlərinin gücləndirilməsi və həssas əhali qrupları üçün sosial dəstək proqramlarının genişləndirilməsi də mühüm qoruyucu tədbirlərdir.

Qlobal düyü bazarındakı dəyişikliklər Azərbaycanın ərzaq bazarına birbaşa təsir göstərir və bu risklərin idarə olunması üçün həm iqtisadi, həm də aqrar siyasətdə uzunmüddətli və kompleks yanaşma tələb olunur”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə