Azərbaycana daha bir ölkədən quzu əti idxal olunmağa başlayıb - EKSPERT DANIŞDI

“Hazırda bu sahədə yerli istehsalın faktiki olaraq minimum səviyyəyə enməsi daxili bazarda ciddi struktur problemləri yaratmışdır. Qiymətlərin yüksəkliyi isə artıq məlum və davamlı xarakter alan bir reallıqdır”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, əslində idxalın əsas məqsədi daxili tələbatı qarşılamaq və qiymətləri tənzimləmək olsa da, mövcud vəziyyət iqtisadi baxımdan qənaətbəxş hesab edilə bilməz:

“Müşahidələr göstərir ki, bazarda istehlakçılar iki əsas qrupa bölünüb. Birinci qrup maddi imkanları məhdud olduğu üçün Ukrayna və Monqolustan mənşəli idxal quzu ətinə üstünlük verənlərdən ibarətdir. İkinci qrup isə aylıq istehlak həcmini azaltmaq bahasına yerli məhsul almağa çalışan istehlakçılardır. Bu bölünmə bazarda həm sosial, həm də iqtisadi disbalansın dərinləşdiyini göstərir.

Qiymətlərin və daxili bazarın daha effektiv tənzimlənməsi baxımından sırf diri heyvan idxalının daha məqsədəuyğun olacağı qənaəti formalaşır. İqtisadi amillərlə yanaşı, vətəndaşların istehlak vərdişləri və qida mədəniyyəti də nəzərə alınmalıdır. Uzun illər ərzində ölkədə heyvanın alıcının gözü qarşısında kəsilməsi, doğranması və satışa çıxarılması formalaşmış praktikadır. Donmuş, kəsilmə şəraiti və saxlanma prosesi barədə tam məlumat olmayan ətin bazara daxil olması isə ictimai etimad baxımından ciddi suallar yaradır.

Ümumilikdə qiymətlərin sabitləşdirilməsi üçün iki əsas istiqamət ön plana çıxır: kənd təsərrüfatının, xüsusilə heyvandarlığın sistemli şəkildə inkişaf etdirilməsi və ya diri heyvan idxalının genişləndirilməsi. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, böyük və davamlı fermer təsərrüfatlarının yaradılması bu sahədə əsaslı dönüş yarada bilər.

Digər mühüm sosial aspekt orta yaşlı əhalinin məşğulluq problemidir. Bu yaş qrupuna aid şəxslər mövcud əmək bazarında yaşlarına uyğun iş tapmaqda çətinlik çəkirlər. Regionlarda fermer təsərrüfatlarının və kənd təsərrüfatına əsaslanan istehsal sahələrinin yaradılması həm bu sosial problemin həllinə, həm də yerli istehsalın artmasına töhfə verə bilər.

İstehlak vərdişlərində baş verən dəyişikliklər də mövcud vəziyyəti daha aydın göstərir. Əvvəllər qoyunlar bütöv kəsilir, yağ iri qablarla, şəkər və un isə kisələrlə alınırdı. Hazırda isə marketlərdə ət qramla paketlənmiş formada, farş və digər məhsullar isə 500–800 qramlıq qablaşdırmalarda satışa çıxarılır. Halbuki istehsalçı və satıcı üçün iri həcmdə satış daha sərfəlidir. Lakin istehlak səbətinin alıcılıq gücü bu tələbi qarşılamır.

Yerli istehsalın kifayət qədər inkişaf etməməsi qiymətlərin bazar mexanizmləri ilə tarazlanmasına imkan vermir. Nəticə etibarilə, həm istehlakçı, həm istehsalçı, həm də bazar uzunmüddətli qeyri-sabitlik şəraitində fəaliyyət göstərməyə məcbur qalır. Bu problemin həlli yalnız qısa müddətli idxal siyasəti ilə deyil, kompleks və davamlı kənd təsərrüfatı strategiyası ilə mümkün ola bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə