İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir - AMB

Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu ilin aprel ayında 12 aylıq inflyasiya 6,3 %, aylıq inflyasiya isə 0,3 % təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7,6 %, qeyri-ərzaq malları üzrə isə 2,7 % təşkil edib. İllik baza inflyasiya isə 4,8 % olub.

Son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin aprelində əmtəə qiymətləri indeksi aylıq 1 %, illik isə 4,6 % azalıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin aprelində ötən ilin eyni ayına nəzərən 9,6 % olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin may ayında ötən ilin eyni ayı ilə müqayisədə sabit qalıb", - deyə məlumatda qeyd olunub.

"Son aylar inflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici mühitlə əlaqədar olub. Qlobal ticarətdə baş verən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmaları gücləndirir. Bu şəraitdə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi, dollar indeksinin azalması və nominal effektiv məzənnənin aşağı templə möhkəmlənməsi xarici risk faktorlarındandır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri ilə yanaşı məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılır. Ümumilikdə, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir. Baza ssenariyə əsasən 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır", - deyə AMB bəyan edib.

Bundan başqa, məlumatda deyilir ki, ümmumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək. AMB bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə