İqlim dəyişikliyi zamanı həyata keçirilən fəaliyyətlərdə əlçatan maliyyə olmalıdır - Nigar Arpadarai

Yaşıl iqtisadiyyata təkcə iqtisadiyyatın deyil, insan kapitalının da keçidi baş verməlidir. Bərpaolunan enerji sahəsi təcrübə və bilik tələb edir. SİA xəbər verir ki, bunu COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dayanıqlı ekologiya, “yaşıl nəqliyyat” sahələrinin hər birində insan kapitalının inkişafı vacibdir.

“Səriştələrin artırılması, təlimlərin təşkili üçün investisiyalar ayrılmalı, yatırımlar etməliyik. Bunu həyata keçirərkən hökumətlər, təhsil müəssisələri birlikdə əməkdaşlıq etməlidirlər ki, həm cari, həm də gələcək nəsillərin yaşıl iqtisadiyyat yönündəki tələblərini qarşılamaq mümkün olsun. Çalışmalıyıq ki, planetimiz və qlobal icma nəinki sağ qalsın, eyni zamanda, gələcəkdə inkişaf etsin. Bu baxımdan iqlim davamlılığına qarşı Bakı Təşəbbüsü çərçivəsində bir çox fəaliyyətlər, o cümlədən hamı üçün “sıfır tullantı” və “yaşıl gələcək” sahəsində vacib işlər planlaşdırılır. Həmin işlərin həyata keçirilməsi üçün insanların, xüsusilə də gənclərin bilikləri, dünya görüşü və bu sahədəki təsirlərini artırmağa çalışmaq lazımdır. İnsan kapitalı bəşəriyyətin, planetin gələcəyi üçün COP29 Sədrliyi tərəfindən vacib vurğulanan prioritetlərindən biridir”, - deyə Nigar Arpadarai qeyd edib.

Onu sözlərinə görə, bir çox sahələr iqlim dəyişikliyinə qarşı çox həssasdır: “Çalışmalıyıq ki, keçidi sürətləndirək və ədalətli keçidə nail olaq. Yaşıl enerji mərhələləri, dayanıqlı infrastrukturu dəstəkləmək üçün milyardlarla vəsait tələb olunur. Bu, elə olmalıdır ki, bütün ölkələrdə həyata keçirmək mümkün olsun. Xüsusilə də iqlimə qarşı daha həssas olan ölkələr üçün bu daha çox vacibdir. Burada dövlət və özəl sektorun əməkdaşlığı ön plana çıxır. İqlim dəyişikliyi zamanı həyata keçirilən fəaliyyətlərdə əlçatan maliyyə olmalıdır və burada “yaşıl kapital”ın qlobal axınını təmin etmək lazımdır. Yaşıl iqtisadiyyata keçidin sadəcə ekoloji deyil, sosial komponenti də vardır. Bu, gələcəkdə iqtisadi inkişaf və ekoloji təkamül ilə birlikdə getməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə