"Əsas məsələ əhalini etibarlı və təhlükəsiz ərzaq malları ilə təmin etməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Dördüncü Sənaye İnqilabı dövrünü yaşayırıq. Bu baxımdan yaşadığımız dövr müasir texnologiyalar, innovasiyalar və süni intellektin nailiyyətlərinin iqtisadiyyata tətbiqi genişlənmişdir. O cümlədən, bu gün müasir texnologiyalardan istifadə etmədən iqtisadiyyatı rəqabət qabiliyyətli etmək qeyri-mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, iqtisadiyyatımızın aqrar sektoru da özünün inkişaf dövrünü yaşayır: “Kənd təsərrüfatı sektorunda bitkiçiliyin inkişafında yeni sortlar və hibridlər, heyvandarlıqda yeni cins heyvan növləri tətbiq etməklə xəstəliklərə və zərərvericilərə davamlılıq artırılır. Kənd təsərrüfatının idarəetməsi elektronlaşdırılır və şəffaflıq təmin edilir. Müasir innovasiyaların tətbiqi sayəsində su resurslarına qənaet olunur, istehsal sahələri avtomatlaşdırılır və məhsuldarlıq bir neçə dəfə artırılır. Məsələn, Aqroparklarda istehsal olunan taxılın məhsuldarlığı 70-80 sentner olduğu halda ənənəvi üsullarla becərmədə 25-30 sentnerdən yuxarı məhsuldarlığa nail oluna bilinmir. Çünki, intensiv üsullarla becərilən sahələrdə sərf olunan su və dərman preparatları birbaşa bitkiyə və ya ağaclara çatdırılır. Son vaxtlar dərmanların çilənməsində pilotsuz uçan aparatlardan istifadə olunması halları da tətbiq olunmağa başlanmışdır. Bu da əkin sahələrinə zərər yetirmədən daha qənaətli şəkildə aqrotexniki proseslərin həyata keçirilməsinə imkan verir.

Təbii ki, kənd təsərrüfatında innovasiya və ağıllı texnologiyaların istifadə olunması üçün göstərilən dövlət dəstəyi xüsusilə qeyd olunmalıdır. Bu baxımdan aqrar sahədə qazanılan bütün uğurların təməlində dövlət dəstəyi dayanır. Belə ki, dövlət becərilən sahələrin növünə, məhsulun nəticələrinə, alınan yeni sortlara, cins heyvanlara, müasir texnologiyalara və kənd təsrrüfatı texnikalarına görə subsidiyalar verir. Həm də kənd təsərrüfatı sektoru torpaq vergisindən başqa bütün vergilərdən azad olunmuşdur. Bu da aqrar sektrorunda fəaliyyətinə tətbiq olunan stimullaşdırıcı tədbirlərdir. Beləliklə, müasir texnologiyaların tətbiqi genişləndikcə kənd təsərrüfatı sektorunda sürətli inkişafa nail ola biləcəyik.

Bu gün dövlətimizin qarşısında dayanan əsas məsələlərdən biri əhalini etibarlı və təhlükəsiz ərzaq malları ilə təmin etməkdir. Daxili istehsalımızın artması həm ölkəmizdə təlabatın ödənilməsinə, idxaldan asılılığının aradan qalxmasına və ixrac potensialımızın artmasına xidmət edir. Bu gün Azərbaycan quşçuluq, bitkiçilik və digər məhsulları ilə özünü təmin edərək, xarici bazarlara da çıxmaq imkanına malik olmuşdur. Hesab edirəm ki, gələcək illərdə özünü təminin səviyyəsi daha da artacaq və ərzaq təminatı ilə bağlı idxaldan azad olunmaqla dünya bazarlarında yaşanan infilyasiyanın nəticələrinin daxili bazarlarımıza təsirini minimuma endirə biləcəyik. Bu, yeni iş yerlərinin yaranmasına, həm də vətəndaşların rifahının yaxşılaşmasına töhfə verəcəkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə