Görkəmli tarzən doğum gününü qeyd edir FOTOLAR

Bu gün görkəmli tarzən, pedaqoq, xalq artisti Ramiz Quliyevin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbində, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində təhsil alıb. 1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisaslarına daxil olub. O, Ağdam musiqi məktəbində təhsil alarkən "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub.

Sənətkar rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dram Teatrında musiqi hissə müdiri olub. 1963-64-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı musiqi məkləblərində və 1974-92-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. Xalq artisti 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.

R. Quliyev 1974-cü ildə musiqiçilərin Zaqafqaziya Festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə, Almaniya, Pakistan, Əlcəzair, Tunis, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və başqa ölkələrdə silsilə konsertlər verib.

Tarzən 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq Folklor Festivalında xüsusi diploma layiq görülüb. 1989-cu ildə "Böyük İpək yolu" Festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərlərində konsertlərlə çıxış edib. 1964-94-cü illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət Konsert Birliyinin solisti olub.

O, 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib.

R. Quliyev 1993-cü ildə "Humay" milli mükafatına, 2001-ci ildə "Simurq" Milli Mükafat Fondunun təsis etdiyi "İlin fədakar sənətçisi" fəxri adına layiq görülüb.

Sənətkar 1978-ci ildə Respublika "Lenin Komsomolu" mükafatı laureatı, 1982-ci ildə əməkdar artist, 1988-ci ildə xalq artisti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə