Laureatlar, rekordçular, ən gənc laureatlar, ən uğursuz nominantlar, mühüm rəqəmlər, tarixlər və sair. Dünən 85-ci dəfə təqdim olunan "Oskar" mükafatı ilə bağlı maraqlı faktlardan danışacağıq.
Görəsən, bilirikmi ki, 2004-cü ilədək "Oskar" mart ayında verilirdi. Yalnız son illərdə təqdimat fevralda baş tutur. Yəqin onu da bilirik ki, hazırda qaliblər 28 nominasiya üzrə yazılı səsvermə əsasında müəyyənləşdirilir.
Amerika Kino Akademiyasının (AKA) tərkibinə 15 müxtəlif gildiya daxildir. Onların ən çoxunu - 22 faizini aktyorlar gildiyası təşkil edir. Qaydalara əsasən, hər gildiya ancaq öz kateqoriyası üzrə səs verə bilər. Məsələn, aktyorlar gildiyası ən yaxşı aktyoru və ya aktrisanı müəyyənləşdirmək hüququna malikdir. "Ən yaxşı film" nominasiyası üzrə qalibi müəyyənləşdirmək üçünsə AKA-nın bütün üzvləri səs verirlər. Yeri gəlmişkən, dünən ən yaxşı film nominasiyası üzrə Ben Afflekin rejissoru olduğu "Arqo" əməliyyatı" uğur qazanıb.
Tarixə müraciət etsək, "Oskar"ın ilk təqdimatı 16 may 1929-cu ilə təsadüf edib. Həmin vaxt 250 qonağın iştirakı ilə keçirilmiş mərasim media üçün qapalı olub. Üstündən bir il keçdikdən sonra mərasimin ilk radio yayımı həyata keçirilib. 19 mart 1953-cü ildə Kaliforniyada düzənlənmiş tədbirdə laureatların adının açıqlanması ilk dəfə olaraq televiziya vasitəsilə göstərilib. Hazırda təntənəli mərasim ABŞ-dan başqa 220 ölkədə canlı yayımlanır.
"Oskar" ödülünün çəkisi 3,85 kiloqramdır. Heykəlciyin hündürlüyü 34, diametri 13 santimetrdir.
1,7 milyon dollar - 2012-ci ildə Amerikanın ABC telekanalında "Oskar" mükafatı laureatlarının təqdimetmə mərasimindən canlı yayım müddətində göstərilən hər 30 saniyəlik reklam çarxının qiyməti məhz belə olub.
18 dəfə "Oskar" mükafatı ilə bağlı təntənəli mərasimi Amerika komiki Bob Houp aparıb.
Bir dəfə "Oskar"ın təqdimetmə mərasimində səhnəyə çılpaq adam çıxıb. 1974-cü ildə bu hərəkəti fotoqraf, mavi cəmiyyətlərindən birinin fəalı Robert Opel edib. O zaman elə indi də məlum deyil ki, belə bir addım öncədən planlaşdırılıbmış, yoxsa bu, Opelin öz arzusuymuş.
2012-ci ildə "Oskar"la əlaqədar Qubernator balı kimi tanınan ənənəvi qəbul mərasimində 1500 adam iştirak edib. Həmin vaxt qonoqlara xidmət göstərilməsinə 150 texniki mütəxəssis, 400 ofisiant və 30 idarəedici personal cəlb olunmuşdu. Mərasimin baş aşpazı isə məşhur avstriyalı aşpaz və biznesmen Volfhan Pak olmuşdu.
"Oskar"ın tarixində ən çox ödülə layiq görülən filmlər "Ben qur" (1959), "Titanik" (1997), və 2003-cü ildə çəkilmiş "Üzüklərin hökmdarı: Kralın qayıdışı" olub. Onlardan hər biri müxtəlif nominasiyalar üzrə 11 heykəlcik qazanıb.
64 dəfə Amerika multiplikatoru Uolt Disneyin əməyi "Oskar"a namizəd olub. İlk dəfə o, nüfuzlu ödülə 1932-ci ildə Mikki Maus cizgi filminə görə layiq görülüb. Karyerası müddətində Disney 26 "Oskar" qazanıb. Onlardan 6-sı ölümündən sonra olub.
Ketrin Hepbern aktyor oyununa görə "Oskara" ən çox layiq görülən şəxsdir. Onun ümumilikdə 4 mükafatı var ki, onların hamısı birinci planda olan ən yaxşı aktrisa nominasiyası üzrədir.
Böyük beşlik kimi qiymətləndirilən ən yaxşı filmə, rejissor, ssanarist işinə, baş qadın və kişi roluna görə mükafatı yalnız üç ekran əsəri qazana bilib. Bunlar "Bu, bir dəfə gecə vaxtı olub" (1934), "Qu quşu yuvasının üzərindən uçarkən" (1975) və "Quzuların səssizliyi" (1991) filmləridir.
""Oskar"ın ən gənc sahibi 10 yaşlı Tatum Onil olub. O, mükafatı 1973-cü ildə çəkilmiş "Kağız ay" ekran əsərindəki ikinci dərəcəli rola görə qazanıb. Mükafatın ən yaşlı sahibi isə 81 yaşlı Cesika Tendidir.
1992-ci il istehsalı olan "Şəhər avaraları" filmindəki roluna görə "Oskar"a layiq görülmüş Cek Pelens səhnədə bir əli üstündə bir neçə dəfə "jim" edib. 73 yaşlı aktyor sevincini belə nümayiş etdirib.
"Oskar"dan imtina edən ilk şəxs ssenarist Dadli Nikolsdur. "İnformator" filmi Dadliyə 1935-ci ildə uğur gətirsə də, o, Ssenaristlər Gildiyasındakı tətil edən dostları ilə həmrəylik əlaməti olaraq nüfuzlu ödülü götürməyib.
"Oskar"ın namizədlik sayı üzrə liderlik aktyor Cek Nikolsona məxsusdur - 12. Lakin o, mükafata 3 dəfə sahib çıxıb. Bu baxımdan fərqlənən qadın aktrisa Meril Stripin 17 nominasiyasına rəğmən üç qələbəsi var.
"Oskar" mükafatı laureatı adını qazanmış ən qısa adlı filmi 1970-ci ildə ekranlara çıxmış Fransa və Əlcəzairin istehsalı olan "Z"dir. Bu ekran əsəri ümumilikdə beş mükafata sahib çıxıb ki, onlardan da biri ən yaxşı xarici film nominasiyası üzrədir. Adı "Oskar"a namizəd irəli sürülən ən uzun adlı film isə ingiliscə belə səslənir - "Those Magnificent Men in Their Flying Machines or How I Flew from London to Paris in 25 hours 11 minutes". Rusca sadəcə, "Hava məcaraları". 1965-ci ilin istehsalı olan bu Britaniya kinokomediyası bir dənə də olsun mükafat qazanmayıb.
Rejissor işinə görə ən çox "Oskar" sahibi Con Ford və Vudi Allendir. Onların hər biri 4 dəfə mükafatçı adına sahib çıxıb.
"Oskar" mükafatına ən yaxşı xarici film kimi irəli sürülən ekran əsərləri içərisində liderlik Fransa kinolarına məxsusdur. 1948-ci ildən 2010-cu ilədək Fransa filmləri 38 dəfə mükafata iddialı olublar.
"Ən yaxşı rejissor işi"nə görə "Oskar"a sahib çıxan ilk qadın Ketrin Biqeloudur. 2010-cu ildə "Fırtınalar hökmdarı" filmi ona bu uğuru qazandırıb. Yeri gəlmişkən, həmin vaxt "ən yaxşı rejissor işi" kateqoriyası üzrə Biqelounun keçmiş həyat yoldaşı məşhur Ceyms Kemeron və ən azı Kemeron qədər məşhur olan Kventin Tarantino da namizədlər sırasında olublar.168
Bütün xəbərlər Facebook səhifəmizdə