Torpaq çərşənbəsi haqqında nə bilirik? - ARAŞDIRMA

Azərbaycanda torpaq yerin nəfəs alması, “İl Axır Çərşənbə” kimi tanınır və Novruz bayramından əvvəlki son çərşənbə axşamına təsadüf edir. Su, Yel və Od çərşənbəsindən sonra sıra Torpaq çərşənbəsinə, yəni “İl Axır Çərşənbəyə” çatır. Anadolu türklərinin ifadəsinə görə, yerin isinməsi və cemrenin yerə düşməsi təxminən Torpaq Çərşənbəsinə uyğun gəlir.

SİA Torpaq Çərşənbəsi ilə bağlı araşdırma aparıb.

İnsanın yaradılışdan bəri torpaqdan yaranması, həyatın torpaq üzərində qurulması, od, su, dağ kimi ünsürlərin yer üzərində mövcud olması səbəbindən torpaq bütün dövrlərdə insanlar tərəfindən müqəddəs sayılmışdır. Günümüzə qədər bu müqəddəsliyini qoruyan və bolluq-bərəkətin rəmzi olan torpaq, Torpaq Çərşənbəsi adı altında Azərbaycanda təntənəli şəkildə qeyd olunur.

Novruz Bayramı üçün alış-verişlər məhz bu gündə edilir. Zəngin və ya kasıb olmasından asılı olmayaraq, hər kəs öz imkanına uyğun şəkildə çərşənbəliyini alıb evinə aparır. Bu günə aid xüsusi adətlərdən biri isə gün batandan sonra hər evdə mütləq bir tonqal yandırılmasıdır. Daha sonra kiçikdən böyüyə hər kəs onun üzərindən hoppanır. Bu qədim inanca əsasən, odun üzərindən atlanarkən insandakı hər hansı bir xəstəlik, neqativ enerji və ağırlıq oda keçir, yerini isə sağlamlıq və aydınlıq tutur.

Yanan od eyni zamanda ailəni, ocağı və işığı simvolizə edir. Bu axşam evlərdə qazanda müxtəlif yeməklər bişirilir və ailə üzvləri, qohumlar bir araya gələrək Çərşənbə Gecəsini birlikdə qeyd edirlər.

Mifologiyada torpaq tanrı keyfiyyətinə malik olduğuna inanılan yer qabığıdır. Torpağın müqəddəsliyinə inam ən ibtidai və qədim inanclardan yüksək inkişaf etmiş dinlərə qədər davam edir. Demək olar ki, bütün inanclarda su, göy və yer üç əsas universal element kimi qəbul edilir və “Yer Ana” ilk tanrı modelidir.

Türk mifoloji dünya modelində yer yaratmaq, torpağa həyat vermək, qoruyucu başlanğıc kimi funksiyaları ilə təyin olunan “Torpaq Ana”, bərəkətin qoruyucusu, torpağın sahibidir. Həmçinin, bəzən mifoloji varlıq olaraq Ulu Ana, Yer Ana, İlahi Ana və qarı nənə kimi adlarla qarşımıza çıxır. Qədim baxışlarda səmadan fərqli olaraq torpaq qadın kimi qəbul edilirdi. “Ana torpaq”, “vətən” anlayışları da buradan yaranıb. Bundan əlavə, maddi sərvətlər qadın, mənəvi sərvətlər isə kişi sayılırdı. Bu həm də ilk dörd elementin (su, od, torpaq, hava) xüsusiyyətləri ilə bağlıdır.

Əfsanələrə görə, Böyük tanrı Kayra Xan və ya Qara Xan suları yaratmış və sonra bir qu quşu göndərmişdir. Qu quşu dənizə dalıb, dimdiyi ilə dənizin dibindən palçığı götürüb, sonra da suyun üstünə çıxıb. Qara xanın əmri ilə quş dimdiyindəki palçığı suya səpdi və beləliklə torpaq sahələr əmələ gəldi.

Axşamdan sonra keçirilən ən maraqlı adətlərdən biri isə “Şal Sallama”dır. Günümüzdə bu adət daha çox uşaqlar tərəfindən yerinə yetirilir və əyləncə xarakteri daşıyır. Lakin keçmişdə “Şal Sallama” ənənəsi böyüklər tərəfindən də icra olunurdu. Xüsusilə imkansız ailələr, öz heysiyyətlərini qorumaq üçün tanınmadan, gizli şəkildə, son çərşənbədə şallarını qonşularının bacasından sallayırdılar. Adətə görə, şal kimin bacasından içəri girirdisə, ev sahibi şalın içinə pul, Novruz bayramı şirniyyatları, bişmiş yumurta, qoz, quru meyvə və ya çörək kimi ərzaqlar qoyurdu. Beləliklə, hamı Novruz Bayramına aid nemətləri bərabər şəkildə bölüşərək bayramı sevinclə qarşılayırdı.

Azərbaycanda çərşənbə axşamından sonrakı səhər – çərşənbə günü səhər su ilə bağlı inanclar mövcuddur. Xüsusilə subay qızlar çərşənbə günü sübh tezdən bir bulağın başına gedib əvvəlcə niyyət tutub, sonra su qablarını su ilə dolduraraq evlərinə qayıdırlar. Xalq arasında bu suya “Lal Su” deyilir. Ona “Lal Su” demələrinin səbəbi, suyu daşıyan şəxsin evə çatanadək danışmaması və susmasıdır.

Lal Su ilə bağlı başqa inanclar da mövcuddur. Belə ki, bu suyun yerə toxunmaması üçün onu hündür bir yerdə asırlar. Şəfalı olduğuna inananlar isə Novruz Bayramında bişirilən yeməklərdə və şirniyyatlarda bu sudan istifadə edirlər.

Azərbaycanda Çərşənbə Gecəsi ilə bağlı çoxsaylı maraqlı adət-ənənələr mövcuddur ki, burada onların yalnız bir neçəsini qeyd edə bildik.

Nəticə etibarilə, mədəniyyətimizin ayrılmaz hissəsi olan və bahar şənlikləri kateqoriyasına daxil edilən İl Axır Çərşənbə hamımıza torpağın bolluq və bərəkətini gətirsin! İl Axır Çərşənbəniz mübarək olsun!

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə