"İndiki yazarlarımız oxucunu sanki avamlıqda, cahillikdə ittiham edir" - İLQAR FƏHMİ İLƏ MÜSAHİBƏ

Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi yazıçılıq və yaradıcılığın tədrisi, gənc yazarların etdiyi səhvlər, kitab yazmanın qaydaları barədə danışıb. SİA İlqar Fəhmi ilə müsahibəni təqdim edir.

- Azərbaycanda yazıçılığın ayrıca tədris edilməsi praktikası varmı? Belə sistemə ehtiyac var?

- Azərbaycanda yaradıcılığın tədrisi uzun illər çox zəif olub. Sovet dövründə də az idi. Məsələn SSRİ-nin Moskva, Leninqrad kimi şəhərlərinə təhsil almağa gedirdilər. Daha sonralar Azərbaycanda yaradıcılığın başqa sahələrinin tədrisinə başlanılsa da, məhz ədəbiyyatda bu, baş vermədi. Məsələn, konservatoriyada musiqişünas fakültəsi, musiqi tarixçisi, bəstəkarlıq ayrıdır. Rəssamlıqda sənətşünas, araşdırmaçı, rəngkarlıq, qrafik dizayn, heykəltəraşlıq ixtisasları ayrıdır. Yəni, bu ixtisaslarda əsərin yaradılması öyrədilir. Rejissorluqda da – sənətşünaslıq, teatrşünaslıq, kinoşünas, sırf səhnə qurmaq rejissorluğu ayrıca tədris edilir. Ədəbiyyat üzrə isə Azərbaycanda yalnız filoloq hazırlanır, lakin sənətin özünü yaratmağın bir fakültəsi, yəni şairlik, yazıçılıq üzrə nəsə yoxdur.

Bu da bizim xalqın ədəbiyyata münasibətindən irəli gəlir. Yazıçılıq və şairlik həmişə istedad faktoru üzərində olub, şəxs istedadlıdırsa, yazmalıdır və heç bir çərçivə yoxdur. Halbuki, tarixdə, qədim dövrlərdən bunun öyrədilməsinin ənənəsi olub, özəlliklə şeirdə. Qədim dövrlərdə bizim mədrəsələrdə, darülfünunlarda şeir yazmağın tədrisi vardı. Metodikaya görə, şeir/qəzəl yazmaq üçün ən azından on min beyt əzbərlənməlidir. Şagirdlərə birinci növbədə çoxlu şeir əzbərlədilirdi, növbəti mərhələlərdə təxmis və nəzirələr yazılmalı idi. Necə ki, rəssamlıqda məşhur rəssamların əsərlərindən “kopya”lar edirlər, burada da məqsəd əlin işləməsi və buna alışması idi.

Amma Sovet dövründə yazıçılığın tədris edilməməsi bəlkə də Rusiyanın bir siyasəti idi. Yaradıcılıqla bağlı fakültələr əsasən Moskvada cəmlənmişdi. SSRİ-nin yaxşı ssenaristi, yaxşı yazıçısı, yaxşı rəssamı milliyyətindən asılı olmayaraq yalnız Moskva və ya Leninqradda təhsil alıb öz ölkəsinə qayıtmalı idi. Əlbəttə orada da təhsil alanın şüuru və ideyaları SSRİ-nin ideologiyasının təsirinə düşüb uyğunlaşdırılırdı. Bir sözlə, digər sənətkarlıq sahələrində məktəblər yaradılsa da, yazıçılıq məsələsinə ciddi yanaşılmadı. Yazıçılığın özünün müəyyən mexanizmləri olsa da, bu, bizdə tətbiq olunmur. Filologiya, jurnalistika fakültələrində müəyyən yazı növləri öyrədilmə metodları var, yəni publisistika, oçerklərin, felyetonların quruluşu öyrədilir. Filologiyada isə müəyyən inşalar, hansısa bədii əsərin analizi yazdırılsa da, bunlar orijinal bədii yazılar hesab edilmir. Yalnız İncəsənət Universitetində ekran dramaturgiyası fakültəsində araşdırmaçılıq yox, birbaşa konkret ssenari yazmaq tədris edilir. Mən orada diplom komissiyasının sədriyəm.

Yazıçılığın tədrisinə cəhd də etmişik. Xəzər Universitetində kreativ yazı fənnini tədris edirdim. Amma bu, yenə də yazıçılıq və ya şairliyin öyrədilməsi deyildi. Sadəcə jurnalistika və filologiya fakültələri üçün “orijinal yazı necə yazılmalıdır” dərsi tətbiq edilirdi.

Düşünürəm, yazıçılığın ayrıca peşə kimi tədris edilməsinə ehtiyac var. Bizim indiki ədəbiyyatda elə bir xaos əmələ gəlib ki, kim nə istəyirsə, gündəlik səviyyəsində yazı yazırsa, bunu roman adı altında çap etdirir. Bunun da mexanizmləri heç yerdə öyrədilmir. Ədəbiyyatda heç bir mexanizmə ehtiyac yoxdur, ədəbiyyat insan hiss və duyğularının, həyat hekayələrinin təsvirdir və burada müəyyən mexanizmlərin tətbiqi gərəkli deyil kimi yanlış düşüncə cəmiyyətə hakim olub.

- Bəs gənc və təcrübəsiz yazıçılar, yazıçı olmaq arzusunda olan gənclər bu sənəti haradan öyrənsinlər?

- Yazıçılar Birliyinin Gənc Ədiblər Məktəbində müəyyən mexanizmlər tətbiq olunur. Burada sırf bir istiqamət tutulmayıb. Şair, yazıçı, tənqidçi üçün maraqlı ola bilər. Bir məsələni də qaldırmışam, kino və dramaturgiya sahəsində müəyyən yaradıcı laboratoriyaların yaradılması ideyası var. Bu, ali məktəb təhsili sayılmır, amma metodika var və bunu heç olmasa, yaradıcı laboratoriyalar səviyyəsində tətbiq etməyə ehtiyac var. Bu ideyanın əsas mexanizmi mərhələli şəkildə tədrisdən ibarətdir. İstənilən bir əsər – roman, povest, ssenari mahiyyətcə eyni olsa da, forma cəhətdən fərqlidir.

Əynimizə geyindiyimiz paltarın parçası eynidir, sadəcə məqsəd və məram fərqlidir. Eyni parçadan şalvar da tikilir, köynək də. Deməli istənilən nəsr əsərinin də parçası hadisədir, ilk növbədə, hadisə necə qurulmalıdır, bilmək lazımdır. Həyatda baş verən hadisəni olduğu kimi yazmaq artıq sənədli, publisistik yazı olur. Hər olan hadisə hələ ədəbiyyat demək deyil - ədəbiyyatın özünün qanunları var, dramaturgiya deyilən bir anlayış var. O, hadisəni necə maraqlı danışmağın üsuludur, hadisəni müəyyən qəlibin içinə salmaqdır. Bu zaman belə sual ortaya çıxır: mən o formanı haradan tapım? Yaradıcılığın tədrisi də məhz bu formanı əldə etməkdir. Bu, hadisəni danışanda haradan başlamaq, necə cəlbedici etmək və insanlara çatdırmaqdır. Belə məqamda soruşurlar: bunlar nə üçündür? Mən istədiyim kimi də yazıram.

Şkaflar da ürəyi istədiyi kimi yazanların əsərləri ilə doludur. Hər bir insan ortalama olaraq hər gün təxmini 20 müxtəlif hadisə barədə eşidir və ya şahidi olur. Ətrafda baş verən bu qədər hadisə varsa, biz niyə əziyyət çəkib bu hadisəni kitabdan oxumalıyıq? Deməli, ədəbiyyat elə tərtib olunmalıdır ki, həyat hadisələrindən daha maraqlı olsun. Bu halda dramaturgiya, əsərin quruluşu, mexanizmi, əslində hadisənin marketinqidir. Əsər oxuyucu üçün maraqlı olmalıdır, yazıçılığın öyrədilməsi də, maraqlılığın yollarıdır, hadisəni mərhələli şəkildə açmaq personajların yazılmasıdır.

Nəsrdə də maraq cəlb etməyin mexanizmlərini bilməyəndə təsadüf nəticəsində kiminsə əsəri maraqlı alınır, kiminsə əsəri maraqsız alınır. Təsadüf nəticəsində maraq toplanırsa, yazıçının on kitabından biri təsadüfən maraqlı alınacaq. Mexanizmləri, qayda-qanunu öyrənən ən ortabab yazar da əsərini maraqlı etməyi bacarır. On yazıçıdan onu da yaxşı yazıçı ol bilməyəcək, amma öyrənəndən sonra on yazıçıdan beşi maraqlı olmağı bacaracaq. Dramaturji bilgilər, qaydalar, mexanizmlərin məqsədin əsəri maraqlı edib oxucuya çatdırmaq üçündür.

- Yazıçılıq kursu, təlimi olsa, ya yazıçılıq ixtisası ali məktəblərdə tədris edilsə, belə layihələrdə iştirak etmək istəyərsiniz?

- Əslində bir neçə dəfə yazıçılığın tədrisinə cəhd etmişik. Məsələn, “Hədəf” Nəşriyyatında bir neçə master-klass keçirmişdik.

İndiki dövrdə çox kitab çap edilir, məhz bu dövrdə oxucunu smartfonlardan ayırıb kitab oxutdurmaq üçün yazıçı çox düşünməlidir. Sadəcə hadisəni danışmaq kifayət etmir; oxucu kitabı əlinə götürəndə bilməlidir ki, oxucu bu kitabda yazılan şeyi nə televiziyada, nə də internetdə tapa biləcək. Oxucu asanlıqla tapa bildiyi maraqlı hadisəni bilmək üçün niyə iki gününü sərf edib kitab oxumalıdır?

İndiki yazarlarımız oxucunu sanki, avamlıqda, cahillikdə ittiham edir, insanların kitab oxumamağından gileylənir. “Oxucu niyə kitabımı oxumalıdır” sualını vermək lazımdır. Yazıçı oxucuya başqa yerdə olmayan nə verir ki, oxucu mütləq kitabını oxumalıdır. Həmin yazarların nə yüksək intellekt səviyyəsi var, nə fərqli, maraqlı ədəbi dili var ki, insanlar oxuyanda xüsusi zövq alsın – sadəcə adi həyat hekayəsini danışırlar. Bunu Tiktokda da, instaqramda da, yutubda da eşitmək olar, canlı efirdə yayımlanan tok-şoularda da izləmək olar. Yazarın uydurduğu həyat hekayətinin real versiyasını isə tamaşaçı televiziyada görə bilir. Ona görə də bədii əsər elə olmalıdır ki, oxucu heç yerdə tapa bilmədiyi materialı orada tapa bilsın. Çünki, reallıq heç vaxt dramaturji model üzərində irəliləmir. İnsan beynində nizam-intizam tələbi var. Real hadisələrdə bu, olmur. Yazar da bu hadisələri nizama salıb oxucu üçün daha rahat qəbul edilə bilən hala salmalıdır. Adi yemək bişirməyin, saç kəsməyin, paltar tikməyin öz qayda-qanunu varsa, niyə yazıçılığın məktəbi olmasın? Yazıçılıq aşpazlıqdan daha az məsuliyyətli işdir? Burada “hər şey sərbəst olmalıdır” deyən yazıçıların kitablarını oxuyan yoxdur. Yazıçılığın tədrisinin mahiyyəti də budur.

İndiki Azərbaycanda peşəkar yazı modellərini mənimsəyən təxmini on faiz yazıçı var. Məzmunu çıxmaqla, sovet dövrünün əsərləri quruluş olaraq yaxşı səviyyədədir.

Yazıçılıq kursları və ya təlimləri olsa, iştirak edərəm. Sadəcə ali məktəb səviyyəsində tədrisi daha yaxşı olar. Yazıçılıq bir neçə aya öyrəniləsi model deyil. Roman janrının yüzlərlə növü var, hekayənin onlarla növü var. Kökdə quruluş eyni olsa da, “üstünü” düzəltməyi də öyrənmək lazımdır. Yazıçılığın istiqamətləri o qədər çoxdur ki, bir istiqamətini kurslarda və ya emalatxana şəraitində bir neçə aya tədris etmək olar. Yazıçılığı geniş şəkildə öyrənmək üçün isə ali məktəblərdə, Moskvadakı M. Qorki institutu kimi təhsil ocaqlarında 5 illik öyrənmək lazımdır.

- Yazıçılıq məktəbləri və ya kursları yaranarsa, hansı qurumların nəzdində olmalıdır? Məsələn, filologiya fakültəsinin bir qolu kimi, yoxsa incəsənət universitetində ayrıca ixtisas kimi?

- İncəsənət universitetində artıq ekran yaradıcılığı kimi belə bir təcrübə var. Kinoya və teatra lazım olan mexanizm burada tətbiq edilir.

Fikrimcə, belə layihələr ya nəşriyyat, ya da yaradıcı təşkilatların nəzdində olmalıdır. Könüllülük prinsipi də tətbiq edilməlidir.

Mədəniyyət Nazirliyindən də Yazıçılar Birliyi olaraq müəyyən işlər gedir.

Ali təhsil səviyyəsində filologiyanın tərkibində yox, isə ayrı fakültə kimi olmalıdır, çünki, filologiya ədəbiyyatı yaradanı yox, ədəbiyyatı araşdıranı yetişdirir. Yazıçılıq fakültəsi olarsa, burada bütün dünya ədəbiyyatını öyrənmək yox, yazıçıya lazım olan şeyləri öyrənmək kifayət edər.

- Yazıçılar Birliyinin belə layihələr təşkil etməsi gözlənilir?

- Hazırda Yazıçılar Birliyində Rəşad Məcidin rəhbərliyi ilə Gənc Ədiblər Məktəbi var ki, oraya təkcə nəsr yaradıcıları yox, şairlər də yığışır.

Yazıçılığın emalatxana formasında tədrisi barədə isə müəyyən ideyalarımız var. Lakin tələbələrin gələcəyindən əmin deyilik. Məsələn, Slavyan Universitetində yaradıcılıq fakültəsi var. Orada yazıçılığın qaydaları müəyyən qədər tədris edilir. Lakin, bu fakültə də universitetin rəsmi diplom verən fakültəsi deyil, çünki qeyri-rəsmi şəkildə yaradılmış bir fakültədir. Rəsmiləşdirilməsi ilə bağlı planlar olsa da, hələ ortada bir şey yoxdur. Bəlkə də tədrisə ehtiyac yoxdur, amma yazıçılarımız başa düşməlidir ki, məcbur kitab satmaq mümkün deyil, kitab maraqlı olmalıdır və özü-özünü oxutdurmalıdır. Yaxşı kitab özünə yol açmalıdır.

- Başqa yazıçılardan bu fikirdə olan, bu ideyaya maraqlı olanlar var?

- Olar, niyə də olmasın. Bu barədə yazıçılarla çox söhbət etmişik lakin təşkilatçılıq çətin məsələdir. Bizim xalqda da belə problem var ki, fərdi qaydada layihə həyata keçirəndə barmaqarası baxırlar. Amma düşünürəm ki, hansısa ali məktəbin nəzdində rəsmi fakültə kimi olarsa, oranı bitirən tələbə hansısa ali məktəb diplomu alarsa, bu sahəyə, yazıçılığın mexanizmlərini öyrənməyə maraq artar.

- Dəstəklədiyiniz gənc yazıçılar varmı?

- İstedadlı gənc yazıçılar çoxdur. Lakin, mən müəyyən şeylərdə çaşqınlıq çəkirəm. Məsələn, fikirləşirəm ki, bu şəxs müəyyən şeyləri bilsəydi, daha yaxşı yazardı. Amma ətraf mühitə baxanda görürəm ki, mühitin öz tələbləri var. Son illərdə insanların düşüncəsi, təfəkkürü dəyişib.

İstedadlı, yaxşı hekayə danışa bilən, təxəyyülü olan gənc yazarlar çoxdur. Amma oxucu tələbi, cəmiyyətin istədiyini dəqiqləşdirmək çətin olduğuna görə gəncləri o istiqamətdə yönləndirmək çətinləşir. Bir az bu yöndə tərəddüd edirəm. Qabağa çəkmək deyərkən iki istiqamət var; yazarı ciddi sənətdə qabağa çəkmək, tanıtmağın zəhməti çoxdur. Bəzən isə ciddi sənətdə irəli çəkdiyin yazarın kütlənin damarını tutmaq, kütləyə istədiyini vermək qabiliyyətini əlindən almış olursan, kütləsini itirir. Çünki, keyfiyyətli şeyin alanı azdır. Ona görə də bəzən kömək etməyə çəkinirəm. Düşünürəm, həmin yazarın köməyə ehtiyacı varmı? Bəlkə əslində onun indiki spontan vəziyyəti daha yaxşıdır? Ona görə də dövrün gedişatını gözləyirəm. Azərbaycanda isə istedadlı gənclər var, həmişə də olub. Hətta düşünürəm, Azərbaycan xalqı ətrafdakı xalqların bir çoxundan daha istedadlıdır.

- Gənc yazarlara və yazıçı olmaq istəyənlərə nə məsləhət görərdiniz?

- Əvvəllər məsləhət görürdüm ki, özünüzdən əvvəl gələnlərin əsərlərini oxuyun və öyrənin. Eyni zamanda, özünüzdən əvvəl necə yazılıb öyrənin ki, əvvəlkiləri təkrar etməyəsiniz. Lakin, indiki qəribə dövrdə həmin məsləhəti verməyə tərəddüd edirəm. Mən də anlayıram ki, 20 il bundan əvvəlki strukturu tələbəyə, gəncə öyrətmək ona çox da fayda verməyəcək.

Düşünürəm ki, əksinə, köhnə dövrün əsərlərini öyrənmək gənc yazarlara artıq yük ola bilər, bəlkə də əslində bilməsə daha yaxşıdır. Zəmanənin sürətlə dəyişməsinə görə indi verdiyim məsləhətin bir müddətdən sonra yazara lazım olub-olmayacağına tərəddüdlə yanaşıram. Köhnə qaydaları bilirik, indiki qaydalar isə tam formalaşmayıb. Öz bildiklərimin hamısını gənclərə təlqin etməyə çalışsam, onu müəyyən istiqamətdə qabağa çəksəm, bəlkə bu, ona xeyirdən çox zərər verəcək. Ona görə də bəzən çaşqınlıq keçirirəm və auditoriyanın haraya, necə getdiyin görmək üçün gözləmə mövqeyində dayanıram.

Yəqin ki, gələcəkdə yazıçılıq ayrı fakültə kimi yaradılsa, köhnə qaydaları yox, yeni qaydaları axtarıb tapıb tədris edərəm. Amma o qaydalar da tam formalaşmayıb. Hər halda istənilən bir şeyi etmək üçün nələrisə öyrənmək lazımdır. Ürəyin istədiyin oturub yazmaqla heç nəyə nail olmaq olmaz.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə