Tərcüməçidən
2019-cu ildə Tampere şəhərindəki “Palladium Kiryat” nəşriyyatında Məhsəti Gəncəvidən günümüzə qədər olan Azərbaycan qadın poeziyasının fin dilinə tərcümə edilmiş antologiyası çap olunub. Elə həmin yerdə, 1920-ci ilin yayında Beynəlxalq Poeziya Festivalında onun təqdimatı böyük uğurla keçdi. Orkestrin müşayiəti ilə aktrisanın ifasında Azərbaycan şairələrinin şeirləri ilhamla səsləndirilib. Kitab Finlandiya oxucuları arasında, xüsusən də qadın oxucular arasında böyük maraq doğurdu, o, satılıb qurtardı və indi onu ancaq kitabxanalarda tapmaq olar. Amma indiyə qədər bilmirdim ki, məşhur fin yazıçısı, şairə Rimma Erkko eyni vaxtda antologiyanın nəşrinə aşıq poeziyamıza heyranlığını ifadə etdiyi məqalə ilə cavab verib. Amma hələ də aşıq şairələrin ifasını görüb eşidə bilsəydi, onda təəssüratları daha da parlaq olardı. Təsadüfi deyil ki, aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi və təşəbbüskarı olduğu Heydər Əliyev Fondu aşıq poeziyasının təbliği istiqamətində böyük işlər görmüş və görməkdədir.
Bu yaxınlarda “Küləklər ölkəsinin qadın poeziyası” məqaləsini aşkar etdim, həmyerlilərimi də bu məqalə ilə tanış etmək qərarına gəldim. Rimma Erkko qədim şairlərimizə o qədər heyran olmuş, kitabın tərtibatına o qədər valeh olmuşdu ki, onun ikinci hissəsində təqdim olunan müasir qadın poeziyasına praktiki olaraq toxunmamışdır, lakin qeyd etmişdir ki, o, daha geniş şəkildə təqdim edilməli idi, ayrıca topluda. Yaxşı, ümid edək ki, Finlandiya nəşriyyatları onun təklifi ilə maraqlanacaqlar.
Tahirə Cəfərova,
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi.
Rimma ERKKO
“Bir az ağlayacağam” Azərbaycan qadın poeziyasının antologiyası haqqında (Tərtib və Fin dilinə tərcümə edən Tahirə Cəfərova)
“Gedib bir az ağlayacam” – orta əsrlərdən bu günə qədər Azərbaycan qadın mahnı poeziyasının antologiyası.
Kitaba daxil edilən mətnlərin ən qədimi folklor ənənəsinə görə sonrakı qeydlərdə qorunub saxlanılan və buna görə də yazılı forma almış şeirlərdir. Kitabda birincisi XII əsrdə fəaliyyət göstərmiş, ən gənci isə 1984-cü il təvəllüdlü şairə xanımlar təqdim olunur. Təəccüblüdür ki, nisbətən kiçik kolleksiyada müxtəlif əsrlərin qadınlarının mahnı yaradıcılığını bu qədər geniş və çoxşaxəli, təkcə bir kitabın üz qabığıyla deyil, həm də bir ənənə ilə birləşdirən şəkildə təqdim etmək mümkün olub.
Yaşanmış haqsızlıqlar, zülm haqqında açıq lirik etiraflar.
Mövzuya dərindən bələd olan müəllifin yazdığı ön söz, mətnlərdə mədəni reallıqların əlçatan izahatları, eləcə də şairələrin hər biri haqqında bioqrafik məlumatlar bugünkü Fin oxucusu üçün ən əhəmiyyətli olanı ortaya qoyur. Və təbii ki, ilk növbədə, necə olmalıdır, şeirlər öz sözünü deyir. Tərcümə çox peşəkarlıqla edilib. Tərcüməçi Tahirə Cəfərova Bakıdandır, lakin 1980-ci illərdən Finlandiyada yaşayır. Bundan əlavə, bu məcmuə şairələrin də təmsil olunduğu Azərbaycan poeziyasının kifayət qədər geniş panoramasını açan onun redaktorluğu ilə nəşr edilmiş “Gövhəri laməkan mənəm” kitabını açıq şəkildə davam etdirir. Ən qədim lirik şeirlərdən bəziləri bir qədər yarımçıq görünə bilər, lakin bu, bizə gəlib çatan nəğmə irsinin natamamlığından irəli gəlir.
Nəşr olunmuş kitab ifadəli və səxavətlə təsvir edilmişdir (lakin çox təəssüf ki, rəsmlərin götürüldüyü mənbələr göstərilmir). Və demək lazımdır ki, bütövlükdə bu kiçik antologiya danılmaz heyrətamiz, məhəbbətlə hazırlanmış mədəni məhsuldur. Bundan əlavə, o, Azərbaycan poeziyasını və daha geniş mənada mədəniyyətini əlçatan və gözəl şəkildə təqdim edir, lakin ən əsası, fin oxucusuna hələ də məlum olmayan şairələrin nüfuzlu lirikalarını təqdim edir. Bundan əlavə, kitabda müsəlman dünyasında qadın hüquqlarının xüsusiyyətləri açıqlanıb. İçərisində zərrə qədər də siyasi pamfletizm eyhamı belə olmasa da, topluya daxil olan şairələrin bir çoxu yaşadıqları haqsızlıqları birbaşa və cəsarətlə etiraf edirlər. Yenə də bu, ilk növbədə, hisslərdən, qadın ruhundan bəhs edən əsl poeziya, ürəkdən gələn lirikadır.
Gözəllik və faciəli tale həsrəti
Kitab boyu, uzaq XII əsrdən başlayaraq kəsişən motivlər keçir - bütün şairələr gözəllik və azadlıq istəyindən, həyatda öz yerini tapmaqdan, sevginin sevincindən və kədərindən danışırlar. Və təbiət həmişə onları müşayiət edir, sanki qadınların təcrübələrini əks etdirir. Ən qədim poetik əsərlərdə belə lirik münasibətin varlığını görmək olar.
Təbii ki, orta əsrlər poetik mətnlərinin fərdiliyi öz təbiətinə görə sentimental, hətta həssasdır. Ancaq onlar daxili aləmə deyil, ətrafa yönəldilmişdir. Şairənin görünüşü xəyalpərəstliklə rənglənsə də, bəsirətsiz deyil. Bu misralarda qadınların adətən üzlərini gizlətməyə, məişət tənhası olmağa məcbur olduqları o qədim dövrlərdə də şairələrə xas olan açıq ifadə olunan həssaslıq bu misralarda heyrətlənməyə bilməz. Buna baxmayaraq, o vaxtkı müsəlman cəmiyyətində bir qadın məşhur şairə - aşıq ola bilər, hətta şərab içməyi tərənnüm edir, cinsiyyətini gizlətmir, həyatdan həzz almaq hüququnu öz sözü ilə təsdiqləyirdi. Məsələn, ilk Azərbaycan şairlərindən olan Məhsəti Gəncəvi (1141-1209) qorxmadan bəyan edir:
Dur çəngi dinləyək, bir ülfət qataq,
Şərab içək, utancaqlığın ataq.
Hiylə şişəsini çalıb daşlara,
Canamazı bir cam şəraba sataq.
Gözəllik şairin qəddar dünyaya qarşı yeganə silahıdır və sonda yalnız bir anlıq həzz önəmlidir.
Anın gözəlliyi heyrətamiz poetik obrazlarda tərənnüm edilir, xüsusən də qəddar zorakılığın və faciənin hər yerdə mövcud olduğu o uzaq zamanda. Şairə Aşıq Bəsti (1836–1936) qadının faciəli taleyindən yığcam və ifadəli danışır:
Gecə-gündüz ağlamaqdan
Qəm evində dustaq oldum.
Bu dünyanın dərdi-qəmin
Yarı böldüm, ortaq oldum.
Vəhşiliklər, həyatın adi qəddarlığı şairələrdə kəskin hisslər yaradır, gözəlliyi daha qabarıq dərk edir, həyatın dəyərini hiss etdirir və buna görə də zorakılıqdan, ədalətsizlikdən daha cəsarətlə danışmağa vadar edir. Bir anlıq həzz də ona görə dəyərlidir ki, həyat kövrəkdir - hər kəs hər an ölə bilər.
Modernist günlərə
Kitabda klassikləri yeni zamanın trendlərindən ayıran, fərqli üslub gətirən xətt aydın şəkildə göstərilir. Və bu, toplunu sanki iki yerə bölsə də, müasir poeziyanın inkişaf məntiqini izləməyə imkan verir. O, əvvəlki hiss partlayışları ilə müqayisədə emosional olaraq daha soyuq görünür. Bu modernist dövr, görünür, hələ 1900-cü illərdə başlayır. Müasir poeziya nadir hallarda klassik nümunələrin ehtiraslı ifadəliliyinə yaxınlaşır. Yeni şairələr isə keçmiş aşıqların faciəsinə çatmır. Oxucu həmişə bu günün çalarlarına nəzər salmaq, yeni bədii şüurun incəliklərini tutmaq istəmir.
Başlığı bütün antologiyanın adına çevrilən, orada təqdim olunan şairələrdən ən gənci Leyla Əliyevanın “Gedib bir az ağlayacağam” adlı müasir şeiri ruhlandırıcı təsir bağışlayır. Bu köhnə klassik poeziyanın gözəl və faciəli qroteski ilə ortaq bir şey səslənir:
Kimsə duyuq düşməsin
kədərimdən, qəmimdən,
Durub yol alım bağa-
astaca ağlamağa...
Götürüm ürəyimi
atım coşan ümmana-
dalğaların qoynuna.
heç dinə də bilməsin-
“ Niyə sığmır sinəmə?”
Gah tufan, gah rüzgar
apardıqca uzağa.
Bununla belə, bəzən istisnalara baxmayaraq, müasir poeziyanın bölməsi sanki bir-birindən ayrılır. Ola bilsin ki, xronoloji ardıcıllıqla təqdim olunan ayrıca bir toplunu müasir poeziyaya həsr etmək daha məqsədəuyğun olardı. İndi kitab iki qeyri-bərabər hissəyə bölünür. Amma buna baxmayaraq, kifayət qədər diqqətə layiqdir və oxucunu Azərbaycan poeziyasının onun üçün açılmış səhifələrində düşünməyə sövq edir.
Kitabın əsas məziyyəti ondan ibarətdir ki, o, keçmiş əsrlərin qaranlığından füsunkar şairələr silsiləsi çıxarıb o dövrün qadınlarının taleyi, onların sevinc və kədəri haqqında düşünməyə vadar edir. Və bu gün az sayda şeir toplusu bunu bacarır.
Rus dilindən tərcümə edən:
Afət Məmmədov,
Azərbaycan Respublikasının Əməkdar
mədəniyyət işçisi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB