Budaqlar niyə bar vermir? - KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Bəşər sivilizasiyasının inkişafı yalnız elmin sayəsində mümkün olmuşdur- demək artıq olardı. Zira, elm dedikdə buraya olduqca geniş sferada sahələr cəmləşir- fəlsəfi düşüncə, siyasət və ədəbiyyatdan, tutmuş texnoloji, iqtisadi, hərbi, mədəni industriyalar.

Elmin son məqsədi insanların düzgün fiziki və mənəvi inkişafını, yaradılışın mahiyyətini, müxtəlif problemlərin aradan qaldırılması yollarını tapmaqdan ibarətdir. XX əsrədək elm əsasən, cəmiyyətin həyatını yüngülləşdirmək, əl əməyini aradan qaldırmaq və təbii sərvətlərin əldə edilməsi, istehsalı və istehlakını təmin etmək istiqamətində inkişaf edirdi.

XX əsrdə hərbi texnologiyaların inkişafına daha çox diqqət verilməyə başlandı. İri dövlətlər öz işğalçılıq məqsədlərini həyata keçirmək üçün hərbi sənayeni sürətlə inkişaf etdirməyə və alimlərin əsas zərbə gücünü buraya toplamağa girişdilər. Elmdən dövlətlərin güclənməsi üçün istifadə geniş vüsət aldı.

I və II Dünya müharibələrində elmin həlledici rolunu bütün dünya əyani surətdə gördü. Daha sonralar sosializm və kapitalizm dünyasının timsalında iki rəqib cəbhə formalaşanda və sərhədlərin birdəfəlik müəyyən edilməsi və dəyişdirilməməsi qərara alınanda məlum oldu ki, artıq mübarizə elmi müstəviyə keçir.

Son dünya müharibəsinin faciəvi nəticələri Avrasiyanın xarabalıqları üzərində sərgilənirdi. Bu mənzərə cəmiyyətləri müharibə əleyhinə elə bir ovqata kökləmişdi ki, xalq müharibə etmək istəyən hökuməti 1 saat ərzində devirərdi.

Soyuq müharibə dövründə hərbi sənayenin inkişafı davam etsə də, digər sahələrdə də rəqabət şiddətlənmişdi. İqtisadi (sənaye) texnologiyalar, peyk-rabitə sistemləri, nüvə energetikası, elektronika sənayesi sürətlə inkişaf etməyə başlamışdı.

Artıq 2 növ ölkələr əmələ gəlmişdi; sənaye ölkələri və aqrar ölkələr. Başqa sözlə desək- xammal ölkələri və bu xammalı məhsula çevirən ölkələr. Hansı ölkə elmə, təhsilə üstünlük vermişdisə, o ölkələrdə müasir zavod-fabriklər, emal müəssisələri tikilmişdi.

Elmə, texnologiyaya üstünlük verməyən ölkələr isə öz xammalını su qiymətinə onlara satmağa məcbur olurdu. Məsələn, sənaye ölkəsi aqrar ölkədən pambığın kq-i 30 qəpiyə alıb, ondan 2 köynək tikir və onun özünə 30 manatdan (100 qatına) satırdı. Ya da, 1 ton metal və digər xammalı 1000 manata alıb ondan avtomobil düzəldir və qaytarıb həmin ölkəyə 30 min manata satırdı.

Maraqlıdır ki, dünyanın siyasi, iqtisadi xəritəsinə nəzər salanda aydın görünür ki, ən geridə qalmış ölkələr arasında müsəlman ölkələri əsas yer tutur. XX əsrdə müsəlman ölkələri arasında elmi, mədəni, iqtisadi cəhətlərdən ən inkişaf etmişi keçmiş sosialist respublikaları olan Azərbaycan və Qazaxıstan idi ki, bunun da səbəbi onların 20 il əvvələdək dünyanın ən böyük elm və texnologiya dövlətlərindən birinin- Sovet İttifaqın tərkibində olması idi. Lakin son 30 ildə bu ölkələrdə formalaşmış elmi potensial tədricən dağılıb getdi.

Düzdür, İran, Pakistan, Qətər, Türkiyə, Bəhreyn, Səudiyyə kimi sərvətlərlə zəngin, inkişaf etməkdə olan müsəlman ölkələri var, lakin onların da əsasən, bu təbii sərvətlərin istismarı nəticəsində yaşadığı- mədəni, elmi, texnoloji cəhətdən dərin inkişafı olmadığı aydındır. Son dövrlərdə İndoneziya, Türkiyə və İran elm və sənayedə xeyli irəliləsələr də hələ tam elm və texnologiya dövlətinə çevrilə bilməyiblər.

Azərbaycanda Sovet dövründə böyük elmi potensial yaradıldı, nəhəng elm imperiyası formalaşdı- bizdə çoxsaylı elmi-tədqiqat institutları ilə Elmlər Akademiyası fəaliyyət göstərəndə nə İndoneziyada, nə İranda, nə Türkiyədə, nə də Səudiyyədə yox idi.

Sözümün canı odur ki, xalqlar, dövlətlər inkişafa ancaq elmin sayəsində nail olurlar, əks halda ucuz və geridə qalmış xammal ölkəsi kimi qalırlar. Elm tutumlu sənaye sektoru isə bu günün və gələcəyin qarantıdır.

Bunun üçün çoxsaylı elmi mərkəzlər, alimlər, texnoloqlar lazımdır. Elmi institutlarımız yalnız formal cəhətdən qalıb. Köhnədən qalmış alimlərimiz də bir-bir dünyadan gedir. Bu “ağacların” budaqları artıq bar vermir. Onların yerinə yeni alimlər yetişmir. Budaqlar niyə bar vermir? Bu haqda ciddi düşünməyin- səbəbi aydınlaşdırmaq və vəziyyəti dəyişməyin vaxtıdır. Bəs burada hansı əngəllər var, necə həll etmək olar? Bu barədə növbəti yazımda.

Bütün xəbərlər Facebook səhifəmizdə