Paşinyan “təslim aktını” harda imzaladı?

“Nikol Vladimir Putinə yardım xahişi ilə əlaqədar məktub göndərib. Putin ona Xarici İşlər Nazirliyi vasitəsilə cavab verib. Onun nə dediyini siz başa düşmürsünüzmü? Əgər siz bunu da başa düşmürsünüzsə, vay bizim halımıza!”.

Ermənistan tarixinə “fəlakətlər ayı” kimi düşəcək, noyabr ayının ilk günlərində sabiq prezident Levon Ter-Petrosyan erməniləri rəzil vəziyyətə salan keçmiş köməkçisi, 2008-ci ildə keçirilən prezident seçkilərində onun seçki qərargahının kordinatoru olmuş baş nazir N.Paşinyanın Rusiya prezidentinə göndərdiyi xahiş-məktub barədə danışarkən belə deyirdi.

N.Paşinyan bundan 10 il əvvəl keçirilmiş prezident seçkilərində namizədliyini irəli sürmüş Aşot Bleyanın seçki qərargahının üzvü olmuşdu. Erməni siyasətçiləri içərisində müdrikliyi, reallıqları görmə bacarığı ilə seçilən A.Bleyan 1992-ci ildə Ermənistan parlamentinin 55 deputatatının imzaladığı “sülh təklifi” ilə Azərbaycana gəlmişdi və xarici qüvvələrin iştirakı olmadan birbaşa sülh müqaviləsi imzalamağı, dostluq münasibətləri yaratmağı təklif etmişdi. Özünün hazırladığı sənədlə Azərbaycanın, Ermənistanın prezidentlərinə, parlamentlərinə, hökumətlərinə, siyasi xadimlərinə, ziyalılarına müraciət edərək, Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunun bərpa edilməsini ehtiva edən sülh müqaviləsini imzalamağı təklif etmişdi. Təəssüf ki, onun bu təşəbbüsü layiqincə qiymətləndirilmədi və heç bir nəticəyə nail ola bilməyən Bleyan kor-peşman geri qayıtmalı oldu.

Son dəfə 2016-cı il, mayın 11-də “Birinci informasiya”ya açıqlama verən A.Bleyan bildirdi ki, Qarabağda növbəti müharibə Ermənistanın iflası olacaq. “Müharibə bizim üçün heç bir nəticə verməyəcək. Bu bizim üçün avantüra və iflas deməkdir”.

Ermənistanda çox az rast gəlinən iki müdrik siyasətçinin seçki qərargahında çalışan, 2016-cı ilə qədər münaqişənin nizamlanması ilə əlaqədar Levon Ter-Petrosyanın mövqeyini müdafiə edən N.Paşinyan sonradan sağalmaz “populizm xəstəliyi”nə tutuldu və bəyan etdi ki, “bizim Azərbaycana veriləcək torpağımız yoxdur”.

Ermənistandakı “Soros çevrilişindən” sonra hakimiyyəti ələ keçirən və baş nazir postuna yiyələnən N.Paşinyan tarixə yeni erməni dövləti yaradan şəxs kimi düşmək istəyirdi, ancaq ermənilərə ən dəhşətli fəlakətləri yaşadan şəxsiyyətsiz birisi kimi düşdü. O, nadanlığı ucbatından yeni Azərbaycan ərazilərini işğal edərək Dağlıq Qarabağın müstəqilliyini təmin etməyin mümkün olacağına inanırdı, yaxud, inandırılmışdı.

İlk cəhd 2020-ci ilin iyulunda Tovuz istiqamətində oldu. Alınmadı. Azərbaycan rəhbərliyi məqsədyönlü şəkildə silahlı qüvvələrimizin bütün potensialını ortaya qoymadı və Ermənistan ordusuna yüngülvari “qulaqburması” verməklə kifayətləndi.

Nadanlığı və avantüristliyi üzündən özünü qalib sayan və növbəti təxribatla məqsədinə nail olacağını düşünən N.Paşinyan erməni ordusuna sentyabrın 27-də Azərbaycan ərazisinə hücum əmrini verdi. Qısa müddətdən sonra anladı ki, bu əslində hücum əmri deyil, onun siyasətçi və insan kimi ölümünə gətirib çıxaracaq “intihar fərmanı”dır.

Qısamüddətli müstəqillik tarixinin ən ağır məğlubiyyətini yaşayan Ermənistanın baş naziri N.Paşinyan hakimiyyəti nəyin bahasına olursa-olsun saxlamaq üçün uzun müddət erməniləri qırğına verməkdə davam etdi. Azərbaycan ordusunun zəfər yürüşünü yalnız xarici güclərin köməyi ilə dayandırmağın mümkünlüyünü bilən erməni baş nazir V.Putinə son dəfə növbəti məktub-yalvarışını göndərərək ondan yardım istədi. Cavabı ranqına uyğun olan rəsmi şəxsdən-dövlət başçısından və onun administrasiyasından deyil, Xarici İşlər Nazirliyindən aldı. Başqa cür ola da bilməzdi. Özünə, rəhbərlik etdiyi dövlətə hörmət etməyən birisinə Rusiyanın ehtiramla yanaşacağını düşünmək sadəlövhlük olardı. Üstəlik V.Putin 2 il əvvəl Ermənistan baş nazirinin Rusiya prezidentinə qarşı nümayiş etdirdiyi saymazyana davranışı qətiyyən unutmamışdı və onu aşağılamaq imkanından hər fürsətdə maksimum yararlanmağa çalışırdı.

Ermənilərin bütün bunları görməməzliyə vurmalarını, yenə də bu alçaldıcı davranışı və növbəti “rədd cavabı”nı anlamaq istəmədiklərini görən Levon Ter-Petrosyan - “əgər siz bunu da başa düşmürsünüzsə, vay bizim halımıza!”-dedi və bir neçə gün sonra, noyabrın 10-da Ermənistan tarixinin ən şərəfsiz hadisəsinə şahidlik etdi. N.Paşinyan “erməni hərbçilərinin israrlı xahişlərini nəzərə alaraq” Azərbaycan qarşısında məğlubiyyətini etiraf edərək, “təslim aktına” imza atdı və ermənilərin qəzəbindən qorxaraq, qaçıb gizləndi. Sonradan, prezident İ.Əliyev bəyanatı gizli şəraitdə imzalamasına yaralı hərbçilərlə görüşündə özünəməxsus yumorla diqqət çəkdi və “Paşinyan, harda imzaladın?”-deyə sual verdi.

“Qələbə bəyanatı”nı imzaladıqdan sonra xalqa müraciət edən müzəffər Ali Baş Komandan İ.Əliyev N.Paşinyana müraciətlə-“nə qədər mən varam, status olmayacaq”-deyərək, qəti mövqeyini ortaya qoydu. Bu bəyanatdan sonra daha bir “şok” yaşayan ermənilər Azərbaycanın 1997-ci ildə təklif etdiyi və onların qəbul etmədiyi “ən yüksək muxtariyyat” statusu barədə L.Ter-Petrosyanın sözlərini peşmanlıq hissi ilə xatırlamaq məcburiyyətində qaldılar: “Vaxt gələcək, bu gün qəbul etmədiklərimizi gələcəkdə xahiş edəcəyik, yalvaracağıq, ancaq ala bilməyəcəyik”.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə