İnamdan imana gedən yolda möhtəşəm zəfər

Bu gün milyonlarla Azərbaycan türkünün, on milyonlarla Azərbaycan dostlarının hər birinin ürəyindən keçir deyəcəklərim və demək istəyib Azərbaycan türkcəsi kimi zəngin dilimizdə belə ifadə etməyə qüdrətli sözlər toplusu tapmaqda zorlanıb deyə bilmədiklərim. 1747- ci ildən – qüdrətli sərkərdə Nadir Şah Əfşarın ölümündən bu yana parçalana-parçalana neçə yerə bölünən, bölünə-bölünə kiçilən, kiçilə-kiçilə düşmənlərin üstümüzə ayaq almalarına şərait yaradılan bir məmləkət yenidən silkələndi, yenidən varlığını, qüdrətli bir xalqın xələfi olduğunu dünyaya göstərdi...

İki gündür dünyanın harasından zənglər gəlmir? İki gündür otuz ildən çox inildəyən, iniltisindən qopan bağırtılarla dünyadan ədalət uman iliklərimizi titrədən sevinc dolu qəhərimizə, göz yaşlarımıza dünyanın harasından qoşulmurlar bizlərə? Hələ davamı olacaq bu möhtəşəm rəşadətin iki günlük sevincinə dünyanın harasından sevinc hayqırtıları eşitmirik? Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən özülü qoyulmuş möhtəşəm siyasi kursun son on yeddi ildə sədaqətlə, həm də zamanın tələbləri fonunda yaradıcılıqla, qətiyyətlə irəli aparılması əksəriyyət kimi məndə də belə bir günün gələcəyinə qəti inam formalaşdırmışdı. Hər kəs kimi mən də inanırdım, həm də qəti olaraq inanırdım ki, məhz dünyanın ən güclü diplomatik gedişləri ilə dostları sevindirən, düşmənləri pəjmürdə edən Prezident, Ali Baş Komandan İLHAM ƏLİYEV iqtidarı bu sevinci də bizlərə yaşadacaq. Dünyanın nəhəng dövlətləri sırasında kiçik görünən, hələ cəmi iyirmi doqquz illik müstəqillik yaşı olan bir məmləkətin beynəlxalq aləmdə qazandığı uğurlar yaratmışdı bizlərdə bu inamı! Dünyanı öz əllərində saxlamağa çalışan beş nəhəng dövlətlə bərabər BMT-nin Təhlükəsizlik Şurasında yer alanda artmışdı bizlərdə bu inam! Bizdən qat-qat güclü olan dövlətlərin arzuları əleyhinə Azərbaycan neftini, qazını birbaşa Avropaya daşıyacaq kəmərlərin reallaşdığını görəndə artmışdı bizlərdə bu inam! Tarixi İpək Yolunun, hər cür maneələrə baxmayaraq reallaşdığını, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizinin xəyallardan gerçəkliyə çevrildiyini görəndə artmışdı bizlərdə bu inam! Dünyanı ən mötəbər tribunalarından Azərbaycan həqiqətlərinin dünyaya hayqırılmasını izlədikcə artırdı bizlərdə bu inam! Diplomatik istedadın sayəsində dünyanın bütün beynəlxalq təşkilatlarında Azərbaycan həqiqətlərinin dünyaya tanıtdırıldığını, bunların nəticəsində qəbul edilən qərarları gördükcə artırdı bizlərdə bu inam! Xalqın sosial durumunun ilbəil artırılmasına yönəlik tarixi qərarlar veriləndə, ölkədə korrupsiya adlanan bəlaya açıq savaş açıldığını görəndə artırdı bizlərdə bu inam! Paytaxt Bakı başda olmaqla ölkənin bütün əyalətləri tamamən yeni görkəm aldıqca artırdı bizlərdə bu inam! Son iki ildə oyuncaq Baş(əslində “boş”) nazir Paşinyan başda olmaqla Ermənistan siyasilərinin bütün məqamlarda diplomatik mat vəziyyətinə salınmasını gördükcə artırdı bzlərdə bu inam! Nəhayət, xalqın milli ruhunun yüksəlişinə, Vətənə sevgi hissinin kükrəməsinə yönəlik atılan addımların şahidi olduqca artırdı bizlərdə bu inam!

Sadaladığımız və sadalamadığımız, cəmi on yeddi illik qısa bir zamana sığışdırılmasını təsəvvür belə edə bilmədiyimiz bu tərəqqidən yaranan inamlar toplusu imanımızı möhkəmlətdi, imanımızla yoğrultdu bizləri. Bu günkü rəşadətimizin on illər boyu qətiyyətlə aparılan inanılmaz fədakarlığın, yuxusuz gecələrin, dinclik bilməyən zəhmətin bəhrəsi olduğunu hər kəs bilir, anlayır. Tarixi düşmənimiz olan, Rusiyanın və digər böyük güclərin dəstəyinə arxalanıb bütün dövrlərdə başımız üzərində at oynadan haylara, üstümüzə fısqırdıldığı iki yüz illik tarixdə ilk dəfə istəklərinin gözlərində qoyulmasına nail olduq. XIX əsrin 20-ci illərində Azərbaycana köçürüldülər, etiraz etdik, səsimizi batırdılar. Ötən əsrin əvvəllərində Azərbaycan torpaqlarında, kiçik bir ərazidə dünya güclərinin təzyiqi ilə dövlət qurdular, dinməyimizə imkan verilmədi. Sövetlər dövründə Zəgəzur, Dərələyəz torpaqları bu qondarma respublikaya pay verildi, ayağa qalxdıq, ayaqlarımızı imperiya aqreqatı ilə doğradılar. Qədim Azərbaycan tirpağı olan Qarabağda haylara muxtariyyət verdilər, yenə ucalan səsimizi kəsə bildilər. Eyni ssenarini davam etdirmək istəyən böyük güclər ötən əsrin sonlıarında bu torpaqlarda ikinci hay dövləti qurmaq siyasətini hazırladılar. Əslində reallaşdırmaları üçün hər şey də etdilər. Lakin bu dəfə qarşılarına qaragüruhçular, zamanın tələbinə uiyğun olan diplomatik gedişlərdən uzaq olub , qəhramacasına savaşan sadəlövh xalq kütləsi deyil, dünya siyasətini mükəmməl bilən, diplomatiyada qarşısına çıxan hər kəsi mat edə bilən bir qüdrət çıxdı. Çıxdı və sadəcə işğal olunmuş torpaqlarda düşmənə qan uddurmadı, həm də millətin iki yüz ildə itirdiyi inamını özünə qaytardı. Bu qüdrətə inanıb da iman gətirməmək mümkünmü?

Böyük, tarixi qələbən mübarək, ALİ BAŞ KOMANDAN!

Zəfərlərin çox olsun rəşadətli AZƏRBAYCAN ƏSGƏRİ!

Bu böyük tarixi günləri görən gözlərin aydın olsun, AZƏRBAYCAN XALQI!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə