Mətbuat azadlığı necə tənzimlənməlidir? KÖŞƏ

Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət göstərən əsas ictimai institut olduğundan, onun əhəmiyyəti son dərəcə vacibdir.
Heç kimə sirr deyil ki, bəzi şəxslərin fikir plüralizmindən və söz azadlığından sui-istifadə edərək şantaja əl atması, böhtan xarakterli məlumatlar yayması Azərbaycan cəmiyyətinin KİV-lərə olan inamına böyük zərbə vurur.
Mətbuatın fəaliyyətini analiz edərkən məsələyə 2 kontekstdən yanaşmaq olar- söz və mətbuat azadlığı senzura daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki cəhətdən hər iki sistemdə ciddi problemlərin olduğu sirr deyil.
Birincidə- media və söz azadlığına sərt senzura qoyulduqda, dövlət məmurları və başqaları bundan sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib olan informasiyaları ustalıqla gizlədə bilirlər. Bu sistemdən avtoritar ölkələrdə geniş istifadə edilir. Azərbaycan demokratik ölkə olduğundan bu yolu qoyaq kənara.
İkincidə- ifrat-azadlıq şəraitində də başqa problemlər yaranır. Bu zaman jurnalistlər vəziyyətdən sui-istifadə edə, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və korporativ maraqlar üçün yararlana bilirlər. Ona görə də, dünyanın heç bir ölkəsində mediada ultra-azadlıq sistemi yoxdur
Son dövrlərdə ölkədə mətbuat azadlığından sui-istifadə halları getdikcə artır. Mediadan şəxsi məqsədlər üçün istifadə, şərəf və ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, şəxsi və işgüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarının sayı-hesabı yoxdur.
Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə ortaya belə bir sual çıxır- İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxarmırmı?
Bu suala cavab vermək üçün əvvəlcə vəziyyəti analiz etməyə ehtiyac var. Faktiki olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə edilir. Əvəzində sifarişli, qərəzli, reklam xarakterli və cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir.
Bunları nəzərə aldıqda, qətiyyətlə demək mümkündür ki, mediada ultra-azadlıq nə cəmiyyət üçün, nə də peşəkar jurnalistlər üçün optimal yol deyil. Amma təbii ki, 1-ci yolun- sərt senzura sisteminin də uyğun olmadığı aydındır. Hər məsələdə "qızıl orta" deyilən bir praktika var ki, o, bütün hallarda öz müsbət təsirini göstərir. Bunu 3-cü yol adlandıraq.
Azərbaycanda bu 3-cü yolun seçildiyi aydın görünür. Dövlətin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir.
Konkret olaraq, hazırda söz və mətbuat azadlığı üçün bütün imkanlar var. Kim istəsə icazəsiz qəzet, jurnal, agentlik, internet saytı aça bilir. İstənilən şəxsin hansısa yayım orqanında və ya sosial şəbəkələrdə fikrini ictimailəşdirmək imkanları var.
Bu imkanlardan kimin necə istifadə etməsi isə, cəmiyyətin, fərdlərin problemidir. Məsuliyyət tələb edilmədikdə cəza mexanizmi, ictimai qınaq olmadıqda isə ortada ciddi mətbuat olmur. Bu ikisinin arasında 3-cü yolun formalaşması üçün zaman lazımdır.
Azərbaycan mediası bu mərhələni keçməlidir. Əks halda, cəmiyyətin inamını tamam itirəcək, ənənəvi mətbuat sosial şəbəkələr tərəfindən tamam sıradan çıxarılacaq. Ümid ediriəm ki, buna imkan vermərik.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə