Sovet dövründə hər beş-on ildən bir Stalinlə Mikoyan oturub fikirləşib, sovet adamlarının gözlərini qırmağın, adamları azad düşünməyə imkan verməməyin variantlarını kəşf edirdilər. Elə variantlar ki, adamları statuslandırıb, sonra da sıradan çıxarırdılar. Əstəğfurullah, kimsə hesab eləməsin ki, mən o lənətə gəlmiş imperiyanı təbliğ edirəm. İndi deyəcəm, hər kəs biləcək ki, niyə o rejimi misal şəkməli oluram. Sovet hökumətinin ilk illərində - 1920-ci illərdə “burjoy” statusu müəyyənləşdirdilər. Xoşlarına gəlməyənə “burjoy”, yəni burjuaziya nümayəndəsi damğası vurub aradan götürdülər. Ardınca türk adı gələndə Kremldə yuxularına haram qatılan Stalin və Mikoyan cütlüyü “pantürkizm” deyilən bir status gətirdilər sovet dünyasına. Kim türk haqqında yaxşı söz deyirdisə tutub basırdılar dama, göndərirdilər sürgünə, bir az cəsur “pantürkistlər”i isə qanına qəltan edirdilər ki, kimsə türk adı çəkməsin. Ardınca “panislamizm” statusunu kəşv elədilər. Kim deməsə allah yoxdu, o “panislamist” hesab olunurdu və cəzasını lazımi qaydada alırdı. Hələ “kolxoz-molxoz oyunu” zamanı meydana atılan “qolçomaq” statusu! Nə qədər “dikbaş” kənd adamları bu statusa qurban getdi. 1937-ci ilin repressiya dövründə isə “sapotaj” deyilən təptəzə bir status atdılar ortalığa. Kimi istəyirdilər, ölkədə gedən inkişafa, tərəqqiyə, kommunizm ideologiyasına (???)əks gedən damğasını vururdular alnına,adını qoyurdular “sapotajçı” və dinməz-söyləməz güllələyirdilər. Bu statusların hamısını niyə sadaladım, indi deyim.

Bizdə demokratik cəmiyyətdi, insanların söz azadlığı, fikir azadlığı, plüralizm dövlət səviyyəsində tanınır və müdafiə olunur. Odur ki, sözə, fikirə görə kimsə təqib olunmur və kiminsə qaşının altında gözü olduğu xatırladılmır. Amma bəziləri qaşını, gözünü elə oynadır ki, hərdən belələrinə bunu xatırlatmağa ehtiyac hiss eliyirsən. Gələk sözümüzün canına. 2018- ci ilin Prezident seçkilərindən dərhal sonra ölkəmizdə gerçək bir inqilabi xarakterli dəyişikliklərə start verildi. Həm Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, həm kadrların yeni, gənc mütəxəssislərlə əvəzlənməsi, həm sosial sahədə sıçrayışlar, həm də və xüsusi olaraq cəmiyyətdə saflaşma, korrupsiyasız cəmiyyət quruculuğu yolunda atılan qətiyyətli addımlar. Həm beynəlxalq aləmdə, həm də cəmiyyətdə böyük dəstək qazanan bu islahatlar, heç şübhəsiz, ölkəmizin daha sürətli inkişafına, saflaşmasına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına, ən mühümü isə Azərbaycan vətəndaşının rifahının daha da yüksəlməsinə hesablanmış tarixi addımlar kimi yüksək dəyər qazandı. İnsanların gələcəkdə bu islahatların nəticəsini daha güclü hiss edəcəkləri danılmazdır.

Lakin elə indinin özündə atılan addımların müsbət bəticələrinin hər birimiz şahidləriyik. Di gəl ki, özünü tanımayan, sözünü bilməyən, gözünün tirini uzağa itələməyi bacarmayan beş-üç adam və ya adamabənzərlər var ki, hər vasitə ilə görülən işləri gözdən salmağa, onun əhəmiyyətini heçə endirməyə çalışırlar. Sadəcə çalışmır, dərisindən qabığına, qabığından saçındakı tüklərə qədər hər yerini bu işə yönləndirir. Belə çıxır ki, dünyada anoloqu olmayan bu islahatların əhəmiyyətini gündəlik həyatında hiss edən millətin inkişafından bu adamabənzər məxluqlar çox pəjmürdədirlər və nə etdiklərini özləri də bilmirlər. Yox, yanıldım, nə etdiklərini, ya da onlara bunu kimlərin niyə etdirdiklərini gözəl anlayırlar, amma sonda özlərinə dəyəcəyi zərbəni anlamırlar. İmanım allah amanatı, bəlkə onu da anlayırlar, amma bu inkişafdan narahat olan xarici və daxili buqələmunların pulu, parası gözlərini elə qamaşdırır ki, hər bir olacağı görsələr də, görməzdən gəlirlər. Bu, deyəcəyim sözümün əsas canı idi.

İndi keçirəm canın da baş orqanı olan ürəyə, yəni sözümün ürəyinə. O da ibarətdi ondan ki, gərəkdir bu zavalsızları ya ağıllandıraq, ya ağıllandıraq,ya da... yenə ağıllandıraq. Çünki onların xətirlərinə dəysək, xaricdəki ağaları o saat kompaniya başlayacaqlar ki, ay dadi-bidad, qoymayın, Azərbaycanda demokratiya pozulur. Ona görə də əlac qalır ancaq ağıllanndırmağa. Bunun üçün də kommunistlərin istifadə etdikləri statuslardan birini tətbiq etsək, vallah həm onlar udar, həm də cəmiyyət. Demirəm ki, bu statusla tutub adamları güllələmək gərəkdir. Qətiyyən, bu heç bizim demokratik inkişaf prinsipimizə də uyğun deyil. Sadəcə, belələrini tanıyaq, cəmiyyətə də “sapotajçı” statusu ilə tanıdaq, vəssalam. Cəmiyyət özü biləcək onları necə ağıllandırmaq lazımdı!

Necə məsləhətdi?

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...