Manıs tayfası, pandemiya və toy... KÖŞƏ YAZISI

Birinin altında ən son model maşın, o birinin bir-iki mənzili və dəniz kənarında super villası, daha birinin əynindəki geyim-keçim bir maşının qiymətində, sport motosiklet 5 maşının qiymətində və s... MANISLARDAN danışıram! Özü də həmin manıslardan ki, pandemiyadan əvvəl şou proqramlarda "biz xalqın pulu ilə dolanırıq", "bizi xalq dolandırır" kimi sözləri ilə həssas insanları daha da qıcıqlandırırdılar. Halbuki, bir toya 1-cə saatlığa getmək üçün bir neçə min manatdan bircə qəpik belə düşmürdülər. Əvvəlcə, yəni bir neçə illər əvvəl TV-lərdə guya "toy" sözünü deməyə utanırdılar, "el şənliyi" - filan deyirdilər. Sonradan isə bu tayfanın üzü bir az da açıldı və elə birbaşa "toy" deməyə başladı, hətta ara-sıra "toy"a öz jarqonlarında "təvər" də deyənlər var idi. Əlbəttə, bu fikrim heç də bütün musiqiçilərə aid deyil və gördüyünüz kimi, mən burada MANIS ifadəsini işlətmişəm.

İndi həmin manıslardan biri, məsələn, vaxtilə restoranların birində ofisiant işləmiş, indi isə "şəxsiyyətə" çevrilən, bəlkə də ofisiantları bəyənməyən Niyam Səlamiyə görə, Qarabağda müharibə gedərkən, daha çox pul qazanırmış və indi - pandemiya dövründə pul qazana bilmirmiş, kirayəsini ödəyə bilmirmiş (?!). Əcəba, altındakı təyyarəyə bənzər yekə maşının pulu bir insanın əb-əcdadına belə yetər, sat və dolan da, ödə kirayəni! Amma o boyda maşını olanın kirayə evdə qala bilməsi də inandırıcı görünmür. Sadəcə, gözdən pərdə asmaq kimi zaddır...

Hələ Baloğlan müəllimə baxın da, deyir toyda camaat bir-birinin ağzını yalamır... Yəni demək istəyir ki, pandemiya şəraitində millət toy eləsin və qarışqa kimi qırılsın, Allah eləməmiş. Digərləri də bu sıradandır. Sizləri Allaha inandırım ki, onlar bir yerə toplaşanda söhbətləri yalnız və yalnız toyların keçirilməməsinə görə pandemiyadan, dalınca isə, toyların qadağasından - yəni bu qadağanı qoyan dövlətdən şikayət olur! Vaxtilə biri kəndinə yol, su çəkdirəndə, o biri hansısa ailəyə maddi və s. yardım göstərəndə bunu TV-lərdə şoulara çevirir, özlərinə "nə qədər humanist biridir" kəlməsini dedizdirirdilər. Millət də alırdı dəsmalı əlinə və hönkür-hönkür ağlayırdı, sonra da arvadlar yapışırdı ərlərinin yaxasından ki, istəyir yerlə-göy bir olsun, oğlumun toyunda bu adam oxumalıdır, vəssəlam! Toy da gələndə, bircə qəpik belə dala-qabağa keçilməzdi. Bir toydan o biri toya, o biri toydan da daha o biri toya... 2-3 saata filan qədər min manatları qatla qoy cibinə, sonra da xalqa yalandan tərif yağdır ki, xalq olmasa idi biz ölərdik, ay sənin canın üçün! Reklam ki, reklam...

Ancaq Vallah bu qədər də olmaz e, olmaz! Vaxtilə maqnitofon kassetlərindəki zapisləri və ara toyları ilə dolananlar indi TV-lərə çıxıb olublar ağılqoyan (?!) Üstəlik, bir azca cibləri boşalan kimi özlərini lezvalayıb, yaxalarını cırırlar ki, bəs qoymayın, acımızdan öldük! Bəs onda sosial vəziyyətləri stabil olmayan insanlar nə eləsinlər? Balaca birotaqlı kirayələrdə əl-qolları bağlı qalan işsiz-gücsüz adamlar necə etsinlər? Dövlət öz yardımını ayırır və sosial cəhətdən əlindən gələni edir. Pis, yaxşı çörəyini tapan-tapır da.

Deyəsən, elə öz dilləri ilə sözümü yekunlaşdıracağam: Bəs sizə nə gəlib axı, ay MANISLAR, "təvərləriniz" olmayandan, "kəlbələriniz" (pullar) qurtarandan sonra niyə bu qədər "xas" (yaxşı) manısdan "qastanı" (pis) manıslara çevrilirsiniz? Nə oldu, indi xalq sizləri dolandırmır deyə, dövlət oldu günahkar? Sadəcə, ayıb olsun, özü də çox..!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə