Deyir bir gün Molla Nəsirəddin arxı tullanıb keçmək istərkən, suya düşür. Gileylənir, "olaydı cavanlıq, gör necə keçərdim, arxın üstündən" deyir. Ətrafa boylanır, sağında-solunda kimsənin olmadığını görüb, "heç cavanlığımda da bir zibil deyildim" deyə etiraf edir. Bəli, cavanlıq daha çox özündən razılıq, dəliqanlıqlıq, təkəbbürlülük, hərdəmxəyallıq, bir sözlə güc, qüvvə, nəhayət, həyatın özü deməkdir. Karl Marks deyirdi ki, ömrü fəlsəfi mənada, tarixə bölsək, cavanlıq orta əsrlər deməkdir. Orta əsrlər adlandırılan bu ömrü kimisə misqal-misqal xərcləməklə, yaşamağa və yaşatmağa çalışırsa, başqa birisi də, gəncliyini bir növ küləyə vermiş olur. Xalqımızın dahi şairi Xaqani Şirvani şeirlərinin birində gəncliklə bağlı deyir:

Gənclik bir qızıldır, ömrün əlindən,

Düşərək torpağa yox oldu birdən.

Tapmaq həvəsiylə həmin qızılı,

Torpağı yuyuram göz yaşımla mən.

Tam əminliklə və qətiyyətlə demək olar ki, Allahın verdiyi ömrü nə qədər yaşamaq deyil, əsası odur ki, mənalı, xalqına və dövlətinə xeyirli övlad olaraq, yaşayasan, ən azı, ailənə və nəslinə başıaşağılıq gətirməyəsən. Böyük şair, maarifçi və pedaqoq Seyid Əzim Şirvani oğlu Cəfərin timsalında bütün gənclərə ünvanladığı nəsihətində dediyi kimi:

Cəfər, ey nuri-dideyi Seyid,

Qönçeyi - növrasi deyi Seyid.

Ülamə haqqını riayət qıl,

Əhli-elmə həmişə hörmət qıl.

Demə bu kafir, ol müsəlmandır,

Hər kimin elmi var, o, insandır.

Dünyamızda elə müdiriklər, dahi şəxslər olub ki, qısa ömür yaşayıblar, amma adlarını qızıl həriflərlə tarixə həkk ediblər. Azərbaycanımızın ölməz şairləri Fələki Şirvanı, Əli Kərim, Mikayıl Müşviq, Cəfər Cababrlı ömürlərinin qaynar çağında həyatla vidalşsalar da, qəlblərdə və ürəklərdə heç zaman silinməyəcək şərəfli iz qoydular. Eləcə də, Corc Qordon, Şihabəddin Sührəvərdi, Sergey Yesenin, Aleksandr Puşkin, Eynəlqüzat Miyanəci, Mixail Lermontov və bu kimi digər böyük şəxsiyyətlər, qısa ömür yaşasalar da, tarixə min illər ğoyu unudulmayacaqları möhürlərini vurdular. Qısa ömür, qırıq talelər, nakam həyatlar deyil. Bu qəzavü-qədərin yazısı da deyil. Bu xoşbəxt ömürdür ki, milyonda, milyardda bir insana nəsib olur, 100-200 il də, bir Adəm övladının taleyinə yazılır. Ona görə də, uca Allahın yazısına şükür etməmək mümükün deyil.

Çox yazıqlar olsun ki, günümüzdə, elə məxluqatlar var ki, maddiyyatı nəzərdə tutub, "az yaşayım, amma saz yaşayım" deyir və pul-para qazanmaq üçün hər cür oyunbazlıqlar edir, əlləm-qəlləm əməllər törədir. Bəzən müxtəlif qaranlıq vasitələr, çirkli əllər hesabına yüksək pilləyə, mənsəbə çatanlar da olur. Sənəti olmayan, mütrüblər meydan sulayır, yuxarı başa keçib, cəmiyyətə, insanlara mənəviyyatdan, əxlaqdan farsın bozbaş molaları kimi moizələr oxuyur. Ümumilikdə, bu kateqoriyadan olan məxluqatları iki qismə bölmək olar: birincilər, bir növ "canı yanmış" mütrüblərdir ki, "dünya beş günlükdür ye, iç, keyf elə" deyib, meydan sulayırlar. Yəni ömrün başını buraxıblar, harda qırılar-qırılar. Təki televiziyalarda görünsünlər, saytlarda şəkilləri bərq vursun, anormal statusları instaqram səhifələrini bəzəsin. İkincilər isə, bir qədər fərqlidirlər. Onları həm də, qocalanda yorğalayanlar sinfinə aid etmək olar. Çünki varı-dövləti daha çox qocalanda, əldə ediblər. Vəzifələri də, heç də, cavanlığın mirası olmayıb. Beləliklə, pul-para və vəzifə, ömür də ki, onların düşüncəsinə görə, fanidir. Başlayırlar yeyib-içib, mütürüblərlə, şellənməyə. İnanın ikincilərə deyilsə ki, Kefli İsgəndər peyda olub, səni cavanlığına qaytaracaq, istəməzlər. Heç yaxın da durmaz, qaçıb- gizlənərlər. Hətta ölkəni tərk edərlər. Niyəsi bəllidir. Axı onların cavanlığı, heç də, ürəkaçan olmayıb. Kimisi gəncliyində dəmir yolunda rels daşıyıb, yola şalbanlar düzüb, sonradan bəxt-tale üzünə gülüb və vəzifə sahibi olub. Başqa birisi, uzaq diyarda, ferma təssərüfatı yaradıb, rayonun süd, qatıq və ət tədarükünü edib. Nəhayətdə, adamları bu adama dəstək olub, ad günündə ona vəzifə stolunu hədiyyə edirlər. Əli İnsanov adlı məxluq isə, Ermənistanda kolxozun sürücüsü kimi, fəaliyyət göstərib. Deyilənə görə, bu məxluq aradabir ermənilərin donuzlarını da otarırmış. Amma bu da, sonralar Azərbaycanda yüksək vəzifənin sahibi oldu. Ondan sonrakı taleyi hər kəsə bəllidir. Bu barədə nəsə demək və yazmaq fikrindən uzağam. Sadəcə, əminliklə deyə bilərəm ki, Əli İnsanova və digər qoca varlı-karlı keçmiş vəzifə daşıyıcılarına desəm ki, cavanlığı sənə ənam edirik, əsla, razılaşmazlar. Çünki bu məxluqların əksəriyyətinin cavanlığı heç də yaxşı keçməyib. Nələrinə lazımdır ki? "Dəyərəm min cavana" Məşədi İbad düşüncəsi ilə yığdıqlarını qocalıqlarında xımır-xımır yeyib, keyf edirlər. Bir sözlə, taleyin yazısı hərəyə bir-birindən fərqli ömür yaşamağı qimsmət edir. Amma elə yaşamaq, elə ömür sürmək lazımdr ki, cəmiyyətin, ən azı, səni tanıyanların lənətini qazanmayasan.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə