Moskva həmsədrlərin dəyişdirilə bilməsindən niyə narahatdır? - TƏHLİL
Xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış etdilər. Sənəddə bir çox məsələylə yanaşı Ermənistan-Azərbaycan münaqişəsiylə bağlı abzas da yer alıb: "Nazirlər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamənin, xüsusən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsipləri əsasında, ilk növbədə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri barədə müddəanın, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına riayət edilməsinin təmin olunması əsasında tezliklə tənzimlənməsinin vacibliyi haqqında müddəalarının əhəmiyyətini təsdiqləyirik, həmçinin ATƏT-in 2010-cu il dekabrın 1-də Astanada (Qazaxıstan) keçirilmiş Sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatının müddəalarını təsdiqləyirlər…"
Protokol qaydalarına əsaslanıb onu söyləmək olar ki, münaqişə ilə bağlı deyilənlər təbiidir. Amma ötən həftə Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Avropa İttifaqı ilə əvəzlənə bilməsinə kəskin münasibət bildirməsinin fonunda rəsmi Moskvanın bu məsələdə narahatlığı nəylə bağlı ola bilər? Lavrov regiona səfəri çərçivəsində açıqlamalarında bu məsələyə toxunmadı. Amma gün kimi aydın sezilir ki, Rusiya ATƏT-in Minsk qrupu həmsədrliyində Fransanın Aİ-lə əvəzlənməsini istəmir.
Şübhəsiz, Fransanın və Rusiyanın Ermənistana iri qucaq açmasını və prinsipial məsələlərdə rəsmi Yerevanı dəstəkləməsi bizlər üçün sirr deyil. Görünür, bu "sirri" digər Qərb ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları da dərk etməyə başlayıb və onu açmağa cəhd edirlər. Yəni Qərb və beynəlxalq nüfuzlu təşkilatlar anlayır ki, problemin çözülməsiylə məşğul olan Mİnsk qrupunun həmsədr ölkələri konstruktiv mövqe tutan Ermənistana təsir etmək gücündə deyil: Dolayı və ya açıq olsa da, Paris və Moskva Yerevana dəstək nümayiş etdirməklə qərarların qəbul olunmasında maneələr yaradır. İndi bu "qardaşlardan" birinin itirilməsi, həmsədrlər arasındakı səsvermədə yetərsayın olmaması, yaxud bu kvorumun Rusiyanın və Ermənistanın maraqlarına ziddiyyət yarada bilməsi Kremlin narahatlığına səbəb olub. Şübhəsiz, əgər Avropa İttifaqının həmsərdliyi təsdiqlənərsə, məsələnin əhatə dairəsi də genişlənəcək. Əvvəllər həmsədr kimi yalnız Fransa hansısa qərarı verə bilərdisə, yerdəyişmədən sonra bunu Aİ edəcək. Avropa İttifaqı isə Fransa deyil. Burda Rusiyanın qərarlarının əlehinə istər qurumun rəhbərliyi, istərsə də, təşkilata üzv olan ölkələr səviyyəsində təsir edə biləcək ABŞ-ın ciddi rıçaqları mövcuddur.
Beləliklə də, dünyada və regionda baş verən ictimai-siyasi proseslər onu deməyə əsas verir ki, bu məsələdə Rusiyanın neytrallaşdırılması digər "nəhəngləri" narahat edən məsələdir.
Keçmiş Yuqoslaviyanın parçalanmasıyla bağlı Balkanlardakı proseslərdən başlamış Yaxın Şərq, Əfqanıstan, İrak, Kosova, Misir, Liviyaya… qədər şimal qonşumuz nüfuzunu və maraqlarını itirə-itirə gedir. Məqam Cənubi Qafqaza çatıb. Burda da artıq Gürcüstan ən yüksək səviyyədə əldən çıxıb. Azərbaycan ikitərəfli əməkdaşlığa üstünlük verərək 20 ildir, müstəqil dövlət kimi Rusiyayla diplomatik əlaqələr yaratsa da, yaralı Qarabağ problemi 24 ildir ki, göz dağına dönüb-problem hələ də həllini tapmayıb. Hərçənd, xatırlamaq yerinə düşər ki, münaqişə elə ötən əsrin 80-ci illərinin sonlarında Rusiyanın sələfi olan SSRİ-nin dövründə yaranıb.
Ermənistan isə dəfələrlə deyildiyi kimi, bu ölkənin "forpostu" funksiyasını yerinə yetirməkdədir. Qısası, Moskva Cənubi Qafqazda nüfuzu ilə yanaşı dayaqlarının və maraqlarının itirilməsinin astanasında ola bilər. Qarabağ probleminin birdəfəlik həlli isə o maraqlara da "nöqtə" qoyar.
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, münaqişənin həll olunmaması ilk növbədə Rusiyaya sərf edir. Həmsədrlərin əvəzlənməsində Fransanın dəstəyini itirlməsi isə Moskvaya daha bir zərbə olar. Belə bir vəziyyətdə Qərbin hansı qərar verəcəyi maraq doğurur. Məsələyə ATƏT-in bu ay keçiriləcək yekun iclasında aydınlıq gətirilməlidir. Avropa İttifanın Minsk qrupunda həmsədrliyi təsdiqlənərsə, Rusiyanın burda da "ofsayda düşəcəyini" söyləmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB