ABŞ-ın Yaxın Şərq siyasətində SURİYA …və Rusiya - TƏHLİL

Yaxud Suriyanın Milli Şurasının tanınması, "ərəb baharı"nın fiaskosu və "Annan planı"na xəyanət müstəvisində nəzərə çarpanlar


Ötən həftənin diqqətçəkən hadisələri içərisində Suriyadakı böhranlı durum daha qabarıq nəzərə çarpırdı. Xüsusən ölkə ilə bağlı siyasi-diplomatik səylərin artan müstəviyə qədəm qoyması nəzərlərdən yayınmırdı. Amma ortada kimlərin görünməsindən asılı olmayaraq məsələ ətrafında mərkəzi qüvvələr kimi ABŞ və Rusiyanının fəaliyyəti, Moskva ilə Vaşinqton arasındakı mövqe savaşının ayrı-ayrı detalları ön planda idi. Yaxın Şərq bölgəsini ümumi orqanizm kimi götürsək, burada İran amilinin də münasibətlər kontekstindəki rolunu vurğulamağa ehtiyac var.


"Ərəb baharı"nın "payız xəzəli"


Əvvəla onu deyək ki, Suriyadakı bir illik dirəniş Birləşmiş Ştatların "ərəb baharı" ssenarisinin iflası baxımdan mühüm rol oynadı. Tunis-Misir-Liviya oxu məntiqi davamını tapmadı. Əslində isə ardı gəlməyən daha qlobal missiya idi.


Keçmiş Yuqoslaviyadakı Miloşeviç rejiminin devrilməsinin timsalında nəzarətə götürülən Balkan yarımadası, Pakistandakı çevriliş nəticəsində ölkədə amerikanpərəst hakimiyyətin formalaşdırılması, Əfqanıstan və İraqa nəzarətin ələ keçirilməsi. Bütün bunlar ABŞ-ın dünya ağalığı mübarizəsində vacib həlgələrdir. Manevr, məhz Atlantik okeanı-Adriatik dənizi xətti ilə Hind okeanı arasındakı manevr və Fars körfəzinə çıxış. Amerikalıların iki cinahlı hərəkət strategiyasına Şimali Koreya istiqamətini də əlavə etsək, demək olar, bütün yollar Moskvaya, yəni yekunda Rusiyanın dağıdılmasına aparmalıdır.


Birləşmiş Ştatlar İraqın ardınca manevr xəttini Afrikanın şimalına doğru dəyişdi. Tunisə, Misirə və Liviyaya yiyələnmədən sonra 1952-ci ildən NATO-ya daxil olmaqla anti-sovet cəbhəsində vacib məntəqəni təşkil edən Türkiyənin dəstəyi, milli və dini hisslərdən uzaq ərəb şeyxlərinin havadarlığı nəticəsində Suriyanın nüfuz dairəsinə alınması başlandı. Liviyada 8 aylıq dirənişi fonunda Qəzzafinin həm də yüksəlmiş olan nüfuzunun alçaq ölümlə heçə endirilməsindən sonra digər avtoritarın, yəni Bəşər Əsədin geri duracağını proqnozlaşdırmaq olardı. Bu, baş versəydi, şübhəsiz, növbədəki hədəf İran olacaqdı ki, ona hər bir halda çox çətin görünən sahiblik isə Rusiya yolçuluğunda əhəmiyyətli rol oynayacaqdı. Amma hələlik bunun reallaşması izah edəcəyimiz bir sıra məqamlara görə çox çətindir.


Güclü Rusiya, üşümüş Avropa


Rusiyada 4 mart prezident seçkisində qələbə qazanmış Vladimir Putin göz yaşlarına hakim kəsilməyərək səsləndirdiyi çıxışında bir çox məsələlərdən danışdı. Amma onun ifadə etdiyi ən aydın fikir ölkəsinin bölünməyəcəyini vurğulaması idi. Bu bölünməzliyin təminatı isə, şübhəsiz, itirilmişlərin bərpasından, ilk mərhələdə Qərbin, konkret olaraq Birləşmiş Ştatların irəliləməsinin qarşısının alınmasından keçir.


Təsadüfi deyil ki, bir çox siyasi müşahidəçilər də bildirirdilər ki, əgər Putin prezident seçilsə, NATO-nun Şərqə doğru genişlənməsinin üzərindən xətt çəkiləcək. Əlbəttə, məsələnin belə dəyərləndirilməsinədək Suriya cəbhəsində bir sıra siyasi-diplomatik uğurlar əldə edilmişdi. Moskva Çinlə birgə BMT Təhlükəsizlik Şurasında Ərəb Dövlətləri Liqasının Suriyadakı vəziyyətin tənzimlənməsinə dair qətnamə layihəsinə veto qoymuşdu və bununla da mövcud istiqamətdəki ziddiyyətlərin əsası formalaşdırılmışdı.


Ağ Ev administrasiyası son zamanlardakı baxışları ilə diplomatdan çox hərbçi təsiri bağışlayan dövlət katibi Hillari Klintonun dilindən çıxan və kifayət qədər qətiyyətli təsir bağışlayan bəyanatlarla, ara-sıra isə ərəb dövlətlərinin və Türkiyənin demokratiya çağırışları ilə bir neçə dəfə təşəbbüsə yiyələnməyə çalışdı. Soyuq keçən qış və Avropanın Rusiya qazına möhtac qalması isə köhnə qitənin məsələyə Liviyadakı kimi qətiyyətli yanaşmasına mane oldu. Liviya ekspansiyasından əliboş dönən Fransa sanki "erməni soyqırımı" ilə başını daxildəki gərginliyə qatdı və Vaşinqtona dəstəyini əsirgədi. Almaniya loyallığını saxladı. Böyük Britaniya Suriya məsələsinə münasibət bildirərkən "uzaqdan atılmış daş topuğa dəyər" deyimini xatırlatdı. Birləşmiş Krallığın baş naziri Devid Kemeron "demokratiyanın iti hafizəsi olur" söyləməklə ortaya kin və kidurətdən başqa heç nə qoymadı. Türkiyəyə gəldikdə, ölkə rəhbərliyi "ərəb baharı"ndan İslam dünyasında liderlik üçün yararlanmaq oyununa girişdi və təzad ondadır ki, böyük ideallar axtarışındakı Ankaranı kiçik ermənilərlə, yəni qondarma soyqırım məsələsini qabartmaqla heçə endirdilər. Görünür, həm də buna görə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsindəki görüşündə ölkəsinin Suriya məsəlsindən bezdiyini və bu yükü təkbaşına daşıya bilməcəyini anlatdı. Əlbəttə, təkcə buna görə yox…


Keçən həftə gerçəkləşən ƏDL-in Bağdad sammitinin Qərbin Suriya məsələsindəki mövqeyini möhkəmləndirəcək manevr imkanları yox idi. Çünki onun müqəddaratını bir tərəfdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, digər yanda münəqişəli tərəflər - Suriya hakimiyəti və müxalifəti arasında vasitəçilik missiyasını yerinə yetirməyə məsul olunmuş Kofi Annan (BMT-nin və ƏDL-in Suriyadakı problemin həlli üzrə xüsusi nümayəndəsi) həll etmişdi.


Ötən müddətdə S.Lavrov diplomatik səriştəsi və ardıcıllığı ilə Kremlin prinsipiallığını kifayət qədər anlatmağı bacardı. Annan isə həmin prinsipiallığın konkret rıçaqlarını hamıdan öncə gördü və dünyaya Rusiyanın proseslərə yanaşmada heç də seyrçi qalmayacağını anlatdı. Əslində Dəməşqdə Lavrovla görüşdükdən sonra B.Əsədin müxalifətə qarşı amansızlığını artıranda Moskvanın inadının güclülüyü göz önündə idi. Lakin Qərb Suriyada hər gün qətlə yetirilənlər üzərində bazarlıq etdi. Əsədin qəddar obrazını yaratmaqla Avropa ictimai rəyini də ayağa qaldırmaq istədi. Amma Avropa qışda üşüməkdən çox qorxmuşdu…


Suriyaya yiyələnməyin mümkünsüzlüyü şəraitində İran yalnız İsrailin kor fantaziyasının məhsulu olaraq gündəmdə qala bilərdi və belə də oldu. Amerikalılar bunu çox yaxşı anladılar və Tehrana qarşı hərbi müdaxilədən daşındılar. Yəhudi dairələrinin İrana hücumla bağlı hay-küyü isə Birləşmiş Ştatlara yalnız məsələnin perspektivdə gündəmə gətirilməsi üçün ideoloji baza rolunu oynamaq baxımından əhəmiyyətlidir. İndi əsas məsələ Suriyadır…


Hər namizədin öz müharibəsi və ya ABŞ-ın "Hollivud tərzi"


Ötən həftə Suriya hakimiyyəti geridə qalan bir illin acı statistikasını səsləndirməklə ölkədəki silahlı qarşıdurmanın yekunlaşdığından danışdı və bir növ, qələbəsinə eyham vurdu. Üstəlik Amerikaya zidd mövqe tutan Livandakı Hizbulla qruplaşmasının lideri Şeyx Həsən Nəsrulla "axır ki, məsələnin siyasi dialoq, sülh yolu ilə həlinə alternativin olmadığını anladılar" deməklə dolayısıyla Vaşinqtonun məğlub olduğunu vurğuladı. Amma demək olmaz ki, amerikalılar belə demək mümkünsə, silahı yerə qoyublar.


Məsələyə izah vermək üçün ilk növbədə Birləşmiş Ştatlar cəmiyyətinin ümumi ruhundan söhbət açmaq istərdik. Başlıca cəhət kimi Vaşinqtonun iki cahan savaşından böyük hesabla döyüşən tərəflərə yalnız silah satıb pul qazanaraq qalib ayrıldığını vurğulamaq istərdik. ABŞ vətəndaşları heç vaxt gerçək müharibə görməyiblər. Savaş onların təsəvvürlərində Hollivud filmlərindəndən o yana getmir. Mövcud məqama həm amerikalıların özləri, həm də xaricilər kifayət qədər diqqət yetirirlər. Bu mənada ötən həftə səslənən iki mövqe diqqət çəkdi. Baxışlardan birinin müəllifi Rusiya prezidenti Dmitri Medvedyev idi. O, ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə iddialı Mitt Romninin Rusiyanı "bir nömrəli düşmən" adlandırmasına münasibət bildirərkən namizədin düşüncəsindən Hollivud qoxusunun gəldiyini vurğuladı. Birləşmiş Ştatların məşhur bloggerlərindən Maykl Şeldok isə Romninin iqtisadi platformasını təhlil edərək belə fikir səsləndirdi ki, ölkədə hər bir namizəd öz müharibəsini düşünür. Bloggerin gətirdiyi faktlara inansaq, respublikaçı namizəd hakimiyyətə gəlsə, dünya ən azı iki müharibəyə şahidlik edəcək.


Doğrudan da, ABŞ-da SSRİ-nin süqutundan sonra hakimiyyətə gəlmiş hər bir şəxs respublikaçı və ya demokratlığından asılı olmayaraq qeyri-bərabər şəraitdə müharibə aparıb və bir qayda olaraq savaşlarda qalib gəlib. Deməli, müharibə Vaşinqton üçün dəyişməz yaşam, həmdə iqtisadi cəhətdən varlıq faktorudur. İndiki halda isə Suriyadakı uğursuzluq təkcə B.Obamanın üzərinə buraxılacaq günah deyil və bunu hamı bilir. Sadəcə ayrı-ayrı namizədlər şəxsi reputasiyalarını yüksəltmək üçün populist fikirlər səsləndirirlər ki, bu da təbiidir.


Müharibəyə yönəlik fikir və düşüncələr böyük mənada Amerikan cəmiyyətinin loru desək, Hollivud zövqünü oxşayır, sadə təsəvvürlərə playstation oyunlarındakı macaraların real həyatdakı inikası kimi daxil olur, ən əsası qlobal Amerikan missiyasının ideoloji mahiyyətinə uyğun gəlir. Böyük hesabla prezidentlər deyil, demokrat və respublikaçı bosslar tərəfindən müştərək müəyyənləşdirilən həmin cəmiyyət və siyasət təbii ki, Rusiyanın Suriya məsələsindəki üstünlüyünü, ümumən rəsmi Vaşinqtonun mənafelərdəki ən xırda yumşaqlığını xəyanət kimi dəyərləndirəcək və dəyərləndirdi də. Seulda Obama-Medvedyev pıçıldaşmasının təsadüfən mediaya sızmasından sonra ABŞ-ın ictimai rəyindəki təpki bunun bariz təzahürüdür. Qeyd edək ki, Birləşmiş Ştatların dövlət başçısı rusiyalı həmkarı ilə Avropada raket əleyhinə müdafiə sisteminin qurulmasından danışarkən prezident seçkisindən sonra məsələdə manevr imkanlarının yaranacağını vurğulamışdı. Və daxili sərt reasiyadan çıxış edərək proqnozlaşdırmaq mümkündür ki, yeni etirazlarla üzləşməmək, eyni zamanla ölkənin 1990-cı illərdən bəri qərarlaşmış siyasi ovqatını təlx etməmək üçün Ağ Evin hazırkı sahibləri Yaxın Şərq kampaniyasının davamını gətirəcəklər.


Yenə də Suriya


Yeri gəlmişkən, ötən həftə ABŞ-ın Suriya davasında itirilmiş mövqeləri ilə yanaşı, başlanılmış işin davamı baxımdan da yadda qalan oldu. Yenə də meydana dövlət katibi H.Klinton çıxdı. Məhz o, həm İran, həm Suriya, həm də necə deyərlər, raket məsələsinin önəmini xatırlatdı. ƏDL egidası altında proseslərə nəzarəti bacarmayan Vaşinqton yumşaq desək, ərəblərin yadına onların həm də Farz körfəzinə aid olduqlarını saldı. Beləcə xanım Klinton Birləşmiş Ştatların İrandan qorunmaq üçün Fars körfəzi ölkələrində raket əleyhinə müdafiə sistemi yaratmaq ideyasını irəli sürdü. Bu fikir Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Fars körfəzi ölkələrinin və ABŞ-ın Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin görüşündə səsləndi. Dövlət katibi bildirdi ki, Birləşmiş Ştatlar strateji problemlərin, o cümlədən İranın nüvə silahı əldə etməsinin geniş miqyasının müzakirəsinə hazırdır. Görüşdə çıxarılan vacib qərarlardan biri isə yenə də Suriya ilə bağlı oldu. ABŞ və Fars körfəzi ölkələrinin XİN rəhbərləri BMT-nin və ƏDL-in Suriyadakı problemin həlli üzrə xüsusi nümayəndəsi Kofi Annanı ölkədə zorakılığın başa çatdırılması və müxalifətlə dialoq aparması üçün prezident B.Əsədə dəqiq müəyyənləşdirilmiş sonuncu vaxtı verməyə çağırdılar.


Oyuna diqqət yetirək, K.Annan və onun planı beynəlxalq vasitəçilik hüququna hörmət əlaməti olaraq vahid qəbul edilir, amma xüsusi nümayənədəyə təzyiq göstərilir. Şübhəsiz ki, gələcəkdə bu təzyiqlərin artacağını, hətta Annanın ümumiyyətlə eşidilməyəcəyini, günahlandırılacağını, missiyasının sülhə deyil, istibdada xidmət göstərdiyini də söyləyənlərin tapılacağını proqnozlaşdırmaq olar. Onsuz da amerikalılar, o cümlədən Qərb BMT-nin nüfuzunu korlamağa adət edib.


ABŞ-ın Yaxın Şərq ekspansiyasında ikinci xətt isə Səudiyyə Ərəbistanı və bir sıra Fars körfəzi ölkələrinin Suriya müxalifətinin hərbi qanadı olan "Azad Suriya Ordusu"nu (ASO) maliyyələşdirmək üçün çox milyonlu fond yaradacaqlarını bəyan etməsidir. Deməli, Vaşinqton ƏDL müstəvisindəki uğursuzluğun konpensasiyası üçün konkret olaraq "Suriyanın dostları"nı dövriyyəyə buraxır. Üstəlik bu dostlar xalqın yeganə legitim nümayəndəsi kimi Suriyanın Milli Şurasını tanıdıqlarını bildirirlər. Yeni yaradılacaq fond və ayrılacaq vəsait məhz bu qurumun sərəncamına veriləcək. Nəzərə alsaq ki, hazırda sözügedən ordunun deslokasiya məntəqəsi Türkiyədir, məsələdə Ankaranın da başlıca rol oynayacağını söyləmək mümkündür. Belə çıxır ki, Ərdoğanın Seulda Obamaya az öncə haqqında söz açdığımız şikayətlənməsi faydasını verib. Bu məqamda ASO çox güman, sırf hərbi güc nümayişi baxımdan NATO-nun Liviyadakı, eləcə də digər intervensiyalardakı funksiyasını daşıyacaq. Hər bir halda dünyanın Suriya sınağının yeni mərhələsinə qədəm qoyduğunu, daha böyük məqsədlərin qlobal hədəf kimi müəyyənləşdirildiyi bu mərhələnin acınacaqlı nəticələr doğuracağını söyləmək mümkündür. /Materialı 168.az-ın Analitik Qrupu hazırlayıb/

Bütün xəbərlər Facebook səhifəmizdə