Ermənistanda parlament seçkiləri: real vəziyyət nə deyir? - ARAŞDIRMA

Araşdırmalar göstərir ki, V çağırış parlament seçkiləri olduqca ağır sosial-iqtisadi vəziyyətdə, oliqarx-kriminal dairələrin qanunsuz fəaliyyəti, qarabağlı və yerli ermənilərin qarşı-qarşı durduğu və total saxtakarlıq şəraitində baş tutacaq


Məlum olduğu kimi, mart ayının 22-də Ermənistanın Mərkəzi Seçki Komissiyası cari ilin may ayının 6-da keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən siyasi partiyaların, blokların və digər namizədlərin sənədlərinin qəbulunu yekunlaşdırdı. Seçkidə iştirak edəcək 8 siyasi partiya və seçki bloku artıq qeydiyyatdan keçdilər.

Belə ki, Ermənistan parlamentinə keçiriləcək V seçkilərdə hakim Respublikaçılar partiyası (ERP), "Çiçəklənən Ermənistan" və "Orinats erkir" partiyalarının koalisiyası, müxalifətdən Ermənistan Milli Konqresi (seçki bloku), "İrs" və "Azad demokratlar" (eyni siyahı ilə), Daşnaksütyun, həmçinin, Ermənistan Kommunist Partiyası, Ermənistan Demokratik Partiyası və "Ermənilər birliyi" Partiyası sənədlərini MSK-ya təqdim etməklə, seçkilərdə iştirakını təsdiqləyiblər.

Qeyd edək ki, Ermənistan parlamenti 131 yerdən ibarətdir: 90 yer proporsional, 41 yer isə majoritar sistem üzrə, 5 il müddətinə seçilir. Təbii ki, bütün bunlar seçki prosesinin prosedur elementləridir və hər bir ölkədə siyasi sistemdən asılı olaraq, müxtəlif cür baş tutur. Bütün demokratik cəmiyyətlərdə baş tutan bu seçki hərəkətlərində bir eyniyyət də ondan ibarətdir ki, seçkidə iştirak edən qüvvələr xalqın dəstəyini alaraq, siyasi mübarizədən qalib ayrılırlar. Lakin bu məqamda xalqın dəstəyini maddi vəsaitlə, müxtəlif yalançı vədlərlə, hədə-qorxu ilə, oliqarx-kriminal və "qanuni oğru" dairələri vasitəsilə "əldə etmək", başqa sözlə, hakimiyyəti qəsb etmək yalnız qeyri-demokratik rejimlərə xasdır. Belələrindən biri də məhz Ermənistandır.


Erməni xalqını seçkilər deyil, ac qarnı düşündürür


Artıq söylənildiyi kimi, Ermənistanda növbəti parlament seçkilərinə 3 aydan az vaxt qalıb və bu "marafonda" iştirak edəcək qüvvələr də artıq qruplaşıb, bütün resurslarını səfərbər ediblər. Reallığı nəzərə alaraq, deyə bilərik ki, Ermənistanda keçiriləcək budəfəki parlament seçkiləri ötən dəfəkilərdən çox fərqlənəcək. Bunun bir çox səbəbləri var. Bu baxımdan da, ilk olaraq, 2007-ci ildən bu günə qədər daha da müflisləşən, işsizləşən, miqrasiya edən əhalisilə Ermənistanın sosial-iqtisadi vəziyyətinə nəzər salaq.

Belə ki, həm rəsmi, həm də qeyri-rəsmi rəqəmlər göstərir ki, Ermənistanda sosial-iqtisadi vəziyyət olduqca ağırdır. Rəsmi statistikaya görə, Ermənistanda 1 milyon 200 min insan (ümumi əhalinin 36 faizi) yoxsul, onlardan 21,.3 faizi lap yoxsul, 3 faizi isə həddindən artıq yoxsul vəziyyətdə yaşayır. Hətta paytaxt Yerevanı çıxmaqla, ətraf regionlardakı əhalinin çoxu - Ermənistan əhalisinin 45,4 faizi yoxsulluq vəziyyətindədir.

Bununla yanaşı, son iki il ərzində Ermənistanda miqrasiya prosesləri nəticəsində insanlar kütləvi şəkildə ölkəni tərk ediblər. Ekspertlərin qiymətləndirməsinə görə, əgər 90-cı illərin əvvəllərindəki miqrasiya hərəkətləri müharibəyə, enerji böhranına görə idisə, indi yalnız sosial-iqtisadi şəraitin ağırlığından irəli gəlir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının yaydığı məlumata görə, son bir ildə Qərbi Avropa ölkələrindən sığınacaq istəyənlərin sayı 20 faiz artıb və bu artım da əsasən ermənilərin hesabına olub. Təkcə, Fransa dövlətinə olan 51 900 müraciətin böyük bir hissəsi ermənilər tərəfindən edilib. Hətta rəsmi statistikaya görə, son bir ildə Fransaya getmək istəyən ermənilərin sayı 8 faiz artıb. Əlbəttə ki, buraya Qərbi Avropanın başqa ölkələrini, həmçinin, Rusiyanı, ABŞ-ı da əlavə etsək, təxmin etmək olar ki, bir il ərzində Ermənistandan təqribən 60 min insan köç edir. Bütün bunlar isə onu göstərir ki, Ermənistanda vəziyyət düzəlmir, əksinə, hər gün pisləşir.

Göründüyü kimi, 2012 parlament seçkiləri olduqca ağır sosial-iqtisadi şəraitdə baş tutacaq. Erməni xalqını isə seçkilər deyil, yalnız ac qarnı düşündürür.


15-20 dollar al, səsini ver!


Hər addımında bir parça çörək qazanmağı düşünən erməni xalqı budəfəki parlament seçkilərini də qazanc marafonuna çevirməyi düşünür. Təbii olaraq, bu, xalqın deyil, məhz pərdə arxasında duran oliqarx-kriminal dairələrin iradəsilə baş tutur. Belə bir hal ilə biz siyasi tarix dərsliyində yazıldığı kimi, qədim Romada qarşılaşırıq. Romada senator seçkiləri öncəsi hər bir namizəd xalqın səsini almaq üçün qladiator döyüşləri təşkil edirdi və tamaşaçı olan xalqa bir parça çörək verirdilər. Beləliklə də, həmin namizəd "çörək və qan" ilə senator seçilirdi.

İndi də Ermənistanda görürük ki, erməni xalqı gələcək 5 ili də kriminal-avtoritetlərin dözülməz idarəçiliyi altında keçirəcəyəni başa düşə-düşə onlarla sövdələşməyə gedir. Xalq bir parça çörək üçün oliqarxların "1 səs - 15-20 dollar" təklifilə razılaşırlar. Artıq hər kəsə bəllidir ki, hakim Ermənistan Respublikaçılar Partiyası və digər iqtidaryönümlü partiyalar istər proporsional, istərsə də majoritar sistem üzrə namizədliyi irəli sürülmüş adamların qələbəsi üçün rüşvət paylayırlar.

Maraqlısı budur ki, bu seçkilərə xərclənən pulların bir qisminin qondarma "Dağlıq Qarabağ hakimiyyəti"ni təmsil edənlərə məxsusluğunu və onların Ermənistanda keçiriləcək parlament seçkilərində biznes və siyasi maraqlarının olmasını qeyd etmək lazımdır. Ermənistanın kriminal-oliqarx sinfinin nümayəndələri parlamentdə daha çox yerə sahib olmaq üçün bütün çirkin vasitələrdən istifadə edirlər. Həmçinin, Ermənistanın kriminal-oliqarxları dövlətin adından istifadə edərək külli miqdarda kreditlər alırlar. Həmin pullar indi xalqın ehtiyacları üçün deyil, parlamentdə çoxluğu təmin etmək üçün xərclənir. Bunun isə arxasında mütləq siyasi maraqlarla yanaşı, iqtisadi mənafelər dayanır. Çünki oliqarxlar bu gün qoyduqları kapitalı növbəti 5 il ərzində artıqlaması ilə çıxaracaqlar. Sadəcə olaraq, parlamentə seçilib toxunulmazlıq almaqla, onlar həm də vergidən, sığortadan yayınmaqla, çirkli pul qazanmağı planlaşdırırlar.


Namizədlər arasında Ermənistan prezidentinə sui-qəsddə ittiham olunan "qanuni-oğru" da var


Ermənistan parlament seçkilərinin növbəti özəlliklərindən biri də buradakı namizədlərlə bağlıdır. Cəmiyyəti aldadan hakim siyasi qüvvələr seçkiqabağı kampaniyalarını qeyri-şəffaf mənbələrdən maliyyələşdirir və özlərinə sərfəli namizədləri satın alırlar. Belə namizədlər isə hər an satılmağa hazırdırlar. Burada söhbət, həm də seçki komissiyalarının üzvlərinin və müşahidəçilərin pulla ələ alınmasından gedir.

Çox təəccübləndiricidir ki, Ermənistanda "qanuni-oğru"ların da namizədlikləri qeydə alınır, onların parlamentə buraxılması üçün pul xərclənir. Belə ki, hakim Respublikaçılar Partiyasının namizədləri sırasında kriminal aləmin tanınmışları yer alıb. Partiya majoritar seçki sistemi üzrə Yerevanın 11-ci seçki dairəsindən "qanuni-oğru" Eduard Madatyanın (Xuçuç Edo) namizədliyini dəstəkləyib. Bu, o şəxsdir ki, Ermənistanın eks-prezidenti Robert Köçəryanın və müdafiə naziri olmuş Serj Sarkisyanın həyatına sui-qəsd törətməkdə təqsirli bilinərək, uzun müddət axtarışda olub. Lakin hansısa xidmətlərinə görə bu kriminal avtoriteti parlamentə seçmək istəyirlər. Görünür, həm Robert Köçəryanın, həm də Serj Sarkisyanın çirkli işlərini məhz Xuçuç Edonun əlilə görürlər.


Qüvvələr balansı var: hakimiyyət uğrunda yalnız qarabağlı və yerli ermənilər savaşır


Hər bir siyasi prosesdə olduğu kimi, seçkilərdə də qüvvələr nisbətinin təhlili bir çox məqamlardan xəbər verir. Elə Ermənistanlakı parlament seçkisi öncəsi mübarizə aparacaq qüvvələrin kimlər tərəfindən dəstəklənməsi maraq doğurmaya bilməz. Bir sıra ekspertlərin nəzərincə, Ermənistanda qüvvələrin xaricdən dəstəklənməsi prosesi hələ bir neçə il öncə düzən tutub. Belə ki, Vaşinqton və Brüssel tərəfindən hakim Respublikaçılar Partiyasına, həmçinin, "İrs" və "Azad demokratlar" partiyasına, Moskva isə öz növbəsindən bu seçkilərdə "Çiçəklənən Ermənistan" partiyasına güclü dəstək verəcək. Parlamentdən kənar qalan müxalifət Ermənistan Milli Konqresi xaricdən heç bir qüvvə ilə dəstəklənmir.

Göründüyü kimi, Ermənistanda parlament seçkisiöncəsi qüvvələr balansı öz yerini tapıb və artıq mübarizə yerli müstəvidə aparılır. Təhlilçilərin fikrincə, burada əsasən, qarşıdurma qarabağlı və yerli ermənilər arasındadır.

Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin prorektoru, siyasi tədqiqatlar institutunun direktoru Sergey Markov məsələyə münasibət bildirərkən, söyləyib ki, Qarabağ klanı Ermənistanda hakimiyyəti əlində saxlayır və bundan sonra da saxlamaq fikrindədir.

Əlbəttə ki, Ermənistanın eks-prezidenti Robert Köçəryanın və hazırkı xuntanın rəhbəri Serj Sarkisyanın dövlət başına gəlməsindən sonra Qarabağ klanı hakim qüvvəyə çevrildi. Təxminən 15 ilə yaxın bir müddətdir ki, Ermənistan daxilində qarabağlı və yerli ermənilər arasında hakimiyyət uğrunda mübarizə getsə də, Qarabağ klanı xarici qüvvələri təmin etməsinə görə, daim qalib gəlib. Biz bu dəfə də Ermənistanda qarabağlı və yerli ermənilər arasında mübarizənin getdiyini sezirik. Hətta, vəziyyət o həddə çatıb ki, bunlar açıq şəkildə dilə gətirilir. Lakin düşünürük ki, yenidən xarici qüvvə amili bu mübarizədə Qarabağ klanının xeyirinə qərar verəcək.


Seçkilərin şəffaf keçiriləcəyinə inam yoxdur: saxtakarlığın ssenarisi işə salınıb


Parlament seçkilərinə 3 aydan az müddətin qalmasına baxmayaraq, artıq indidən seçkilərin total şəkildə saxtalaşdırılacağı ilə bağlı ciddi fikirlər var. Bunu biz həm inzibati, həm də digər resurların inhisara alınması faktına görə də, əsaslandıra bilərik. Belə ki, seçkidə ilk saxtakarlıq bir sıra nüfuzlu müxalifət nümayəndələrinin namizədliklərinin MSK-da qeydə alınmasına müəyyən maneələr yaradılması ilə ortaya çıxdı. Təbii ki, ən böyük saxtakarlıq isə təbliğat-təşviqat mərhələsində olacaq. Bu gün isə İKT-nin inkişafı dövründə təbliğat əsasən sosial şəbəkələrdə baş tutacaq. Məlumat üçün bildirək ki, Ermənistanda internet istifadəçilərinin sayı 400 min nəfərə yaxındır. Məşhur sosial şəbəkələrdən - "facebook" və "odnoklasnik"in ümumi istifadəçiləri isə 250-300 min nəfərdir. Hesablamalara görə, əgər internetə məhdudiyyət qoyulmasa, bu məkanda, əsasən, müxalifət namizədlərinin təbliğatı güclü olacaq. Çünki müxalifət namizədlərinin televiziyaya çıxması üçün o qədər maddi imkanı olmayacaq.

Qeyd edək ki, bəzi rəqəmlərə görə, Ermənistan ictimai televiziyasında seçki reklamının 1 dəqiqəsi 180-200 min dram olacaq. Özəl telekanallarda isə vəziyyət bir qədər fərqlidir: "Armnyuz" telekanalında 25 min, "Yerkir Media"da (bu, Daşnaksütyunun de-fakto televiziyasıdır) 30 min dram təşkil edir. Seçki yaxınlaşdıqca, mübarizə qızışdıqca, bu telekanalların qiymətlərinin artacağı da istisna deyil. Çünki əsas məqsəd imkanı o qədər də olmayan, əsasən, müxalifət namizədlərə maneçilik törətməkdir.

Bütün bunlarla yanaşı, Ermənistanın özündə seçkilərin şəffaf keçiriləcəyinə inam yoxdur. Parlament seçkilərində iştirakdan imtina etmiş "Yeni vaxtlar" partiyasının lideri Aram Karapetyan deyib ki, parlament seçkilərilə ölkədə heç nə dəyişməyəcək: "Ölkədə dəyişikliklər üçün iki yol var: azad seçki və inqilab. Biz dəqiq olaraq, seçki yolunu seçmirik".

"Azad demokratlar" partiyasının rəhbəri Xaçatur Kokobelyan hakimiyyətin şəffaf seçkilər keçirməkdə israrlı olmadığını düşünür: "Hakimiyyət, ilk növbədə isə, hakim Respublikaçılar Partiyası ictimai etibar naminə azad seçkilərdə maraqlı olmalıdırlar. Lakin əminəm ki, hakimiyyət bunun üçün heç nə etməyəcək".

Xarici ekspertlər isə düşünürlər ki, bu günə qədər verdiyi vədlərin üzərində durmayan Sarkisyan hakimiyyəti seçki öncəsi addımları seçkilərin saxtalaşdırılmasında israrlı olduğunu nümayiş etdirir. Bunun üçün onlar, əsasən, ölkənin Seçki Məcəlləsində insan hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsini nəzərdə tutan maddənin olmamasını da əsas gətirirlər.

Bir sözlə, Ermənistan xalqı heç bir şeyə ümid etmir. İstənilən variantda hər şey daha da pis olacaq. Çünki Ermənistanda klassik vəziyyət hökm sürür: əgər siyasətçilər düşünürlərsə ki, hakimiyyət sənin əlindədir, o zaman, nəsə etmək və ya düşünmək lazım deyil.


"Səs"in Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə