Seul: Nüvə Təhlükəsizliyi Sammiti və Azərbaycan - ANALİZ

Beynəlxalq Atom Enerjisi Təşkilatı ABŞ prezidenti Eizenhoverin 8 dekabr 1953-cü ildə BMT ümumi yığıncağında "Atoms for Peace - Sülh üçün Atom" adlı məruzədə nüvə silahlarına nəzarət etmək məqsədi ilə beynəlxalq bir təşkilatın qurulmasının vacibliyini dilə gətirməsi ilə yarandı. Beynəlxalq Atom Enerjisi Təşkilatı 23 oktyabr 1956-cı ildə 81 ölkənin imzası ilə quruldu, 29 iyun 1957-ci ildə rəsmən işə başladı. Mərkəzi Vyana şəhərində yerləşən Beynəlxalq Atom Enerjisi Təşkilatının vəzifəsi nüvə texnalogiyalarına nəzarət etmək və nüvə silahlarına dair təhlükəsizliyi təşkil etməkdir.

Çox nüfuzlu Davos və Münxen konfranslarından sonra Prezident İlham Əliyevin belə bir mötəbər sammitə dəvət olunması Azərbaycanın siyasi tarixində əlamətdar bir səhifədir. Beləliklə Prezident İlham Əliyev martın 26-da Koreya Respublikasının paytaxtı Seulda işə başlayan iki günlük Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdi.

Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin Fukusima Atom Elektrik Stansiyasında baş verən hadisə fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olundu.

Sammitin birinci plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyinin bu gün dünya üçün, o cümlədən Azərbaycan üçün mühüm məsələ olduğunu qeyd edərək ölkəmizin nüvə təhlükəsizliyi ilə bağlı dünyada qəbul edilən qərarlara hörmətlə yanaşdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu qərarları yerinə yetirir, beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Dövlətimizin başçısı regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq bildirdi ki, 1976-cı ildə Ermənistanda tikilən Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik Stansiyasını təhlükə mənbəyinə çevirmişdir.

Cənab Prezidentin çıxışında Ermənistanda fəaliyyət göstərən Atom Elektrik Stansiyasına və onun funksional olaraq artıq köhnəldiyinə diqqəti çəkməsi Azərbaycanın məqsədyönlü xarici siyasi kursunun uğurlarından hesab etmək olar. Beləliklə, haqlı olaraq dövlət başçımız sammitdə iştirak edən digər dövlət liderlərinə bu məsələnin qlobal xarakter daşıdığını və Ermənistanın qlobal təhlükəsizlik öhdəliyinin yerinə yetirməsinin vacibliyini vurğulaması sammit çərçivəsində əhəmiyyətli mövzulardan olmuşdur.


Qlobal təhlükəsizlik


ABŞ prezidenti Barak Obama Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Nüvə Təhlükəsizliyi sammitində çıxış edərək ciddi qlobal problemlərə toxundu: \"Dünyanın təhlükəsizliyi bizim hərəkətlərimizə bağlıdır. Hal hazırda təhlükəli nüvə silahlarını istəyən bir çox pis niyyətli \"aktyorlar\" vardır və hələlik hər yerdə kifayət qədər bu sılahlar üzərində ciddi nəzarət yoxdur\".

Türkiyənin Baş naziri R.T.Ərdoğan da öz çıxışında hərbi məqsədlə nüvə silahlanmasının və bunun qlobal risk yaratdığına diqqətlərin yönəldilməsinin vacib olduğunu vurğulamışdır. Bu mənada baş nazir nüvə silahlarının azaldılmasının və nəticədə ortadan qaldırma surəti ilə qlobal silahsızlanmanın məqsəd olaraq həyata keçirilməsinin vacibliyini ifadə etmişdir.


Yeri gəlmişkən, ABŞ prezident Barak Obama və Türkiyə Baş Naziri R.T.Ərdoğan arasındakı görüş zamanı Dağlıq Qarabağ probleminin həlli yolları da müzakirə edilmişdir. Belə ki, Ərdoğan bildirmişdir ki, ABŞ Prezidentinə ATƏT-in Minsk qrupunun artıq 20 ildir vasitəçilik missiyasını davam etdirdiyini və bugünədək heç bir konkret nəticə əldə olunmadığını söyləmişdir. Baş nazir demişdir: \"Problemin həlli üçün Azərbaycan ilə birlikdə səylərin artırılması məsələsində Türkiyə də üzərinə düşəni edə bilər. Lakin ABŞ, Rusiya və Fransa da Ermənistana təsir etməlidirlər\".

Şimali Koreya və İranın nüvə silahlanmasına dair olan istəkləri Seul zirvəsinin mövzusu deyildi, ancaq hər kəsin gözü bu ölkələrə çevrilmişdi. Şimali Koreyanın nüvə silahı inadı müttəfiqi olan Çin tərəfindən də artıq tənqidlə qarşılanmaqdadır. Çin prezidentinin zirvədə Şimali Koreyanın məhdud resurslarının silahlanma yerinə xalqının xoşbəxtliyi üçün sərf etməsinin rasional bir hərəkət olacağını ifadə etməsi ciddi siyasi açıqlama idi. İrana gəlincə isə, Türkiyənin də diplomatik səyləri ilə problemin müzakirələr yolu ilə həll olunması üçün bir şans daha verildi. Məhz Türkiyənin Baş naziri Ərdoğan da bu minval üzrə Seul zirvəsinin qurtarmasından dərhal sonra iki günlük səfərlə İrana getdi. Böyük ehtimalla aprel ayında İstanbulda 5+1 qrupu ilə (BMT 5 daimi üzvü və Almanya ilə ) İran təmsilçiləri görüşlərə başlayacaqdır.

Nəticə olaraq Seul sammitindəki yekun mətnində nüvə terrorizminin beynəlxalq təhlükəsizliyin qarşısında ən böyük maneə olduğu, nüvə silahlanmasının, nüvə silahlarının yayılmasının qarşısının alınması və nüvə enerjisindən sülh məqsədləri ilə istifadə olunma mövzuları yer aldı. Eyni zamanda radioktaiv maddələrə məhdudiyyət gətirilmə məsələsində beynəlxalq bir sistemin qurulması qərara alındı.


Rəşad İlyasov, fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə