ABŞ-a hərbi təyyarəsi Yaponiya səmasında alışıb

Yaponiyada yerləşən ABŞ hərbi bazasına məxsus F-16 qırıcısının mühərriki səmada alışıb. Kyodo agentliyi xəbər verir ki, hərbi təyyarə Aomori prefekturasında yerləşən Misava hərbi bazasında qeydiyyatdadır. Mühərrik alışdıqdan sonra pilot təyyarədəki iki yanacaq çənini Oqavara gölünə ataraq geriyə qayıdıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir. Həmin vaxt göldə olan balıqçıların bildirdiyinə görə, qayıqlardan birindən təqribən 400 metr məsafədə gölə düşən çənlər su damcılarını 15 metr yüksəkliyə qaldırıb. Bu zaman göldə 4-5 balıqçı qayığı olub.

Yaponiyanın müdafiə naziri İtsunori Onodera hadisə ilə bağlı ABŞ tərəfindən izahat alınacağını və gələcəkdə belə halların təkraralanmaması üçün lazımi tədbirlərin görülməsinin tələb ediləcəyini bildirib.

Çənlərin göldən çıxarılması vaxtı və onlarin içində olan yanacağın suya sızması barədə məlumat verilmir.

Hadisə ilə əlaqədar ABŞ hərbi hava qüvvələri də bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, təyyarə quraşdırıcı aerodromda bərpa edilib, pilot və yerli əhali heç bir xəsarət almayıb. Hadisənin başvermə səbəblərinin aydınlaşdırılması üçün bütün lazımi tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə