Polo üzrə dünya kubokunun ikinci turuna start verilir

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda keçirilən 7-ci arena polo üzrə dünya kubokunun ikinci turuna start verilir. SİA-nın məlumatına görə, turnirin ikinci gününün açılış görüşü “Evviva Polo Club St. Moritz” (İsveçrə) və “Los Nocheros Polo Club Münster” (Almaniya) komandaları arasında oynanılacaq.

Hər iki komanda ilk oyunlarını məğlub olublar. Belə ki, “Evviva Polo Club St. Moritz” Azərbaycan təmsilçisi “Elite Horse & Polo Club Baku” komandasına böyük hesabla uduzub – 11:3. “Los Nocheros Polo Club Münster” isə Rusiya poloçularına məğlub olub. “Planernaya Polo Club Moscow” rəqibini 9:7 hesabı ilə məğlub edib.

Günün ikinci qarşılaşması “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” komandaları arasında oynanılacaq.

Turnirin oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilir. Turnirə sentyabrın 15-də yekun vurulacaq.

Xatırladaq ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə