AzMİU-da tələbələrlə Avropa Liqası finalı ilə bağlı görüş - FOTOLAR

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə dekabrın 18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Mahir Mədətovun, UEFA Avropa Liqası 2019-un səfiri Vəli Qasımovun, eləcə də 80-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Daha sonra tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA ilk dəfə olaraq özünün könüllülük proqramını təqdim edib. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəswww.finalbaku2019.az/volunteer linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevral ayında müsahibəyə dəvət ediləcək.

Müsabiqədən keçən könüllülər üçün təlimlər 1 aprel tarixindən etibarən – 18 may tarixinə kimi davam edəcək. Təlimlər əsasən 3 fərqli sahəni əhatə edəcək: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq.

Qeydiyyatla bağlı suallarınızı volunteer@affa.az email ünvanına göndərə bilərsiniz. Məlumat üçün bildirək ki, könüllülər proqramı ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə