Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olundu

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan nasiri, xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan ədəbiyyatının inkişafında rolu olan ədibin yubiley tədbirinin Prezident İlham Əliyevin "Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən, keçirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük ehtiramla yanaşan dövlət başçısı bu sahədə çalışan insanların yaradıcılıq irsini, əməyini yüksək qiymətləndirir və davamlı olaraq, onları fəxri adlarla, mükafatlarla təltif edir. H.İbrahimovun 100 illik yubiley tədbirinin keçirilməsi ilə bağlı qeyd olunan Sərəncamı da bu istiqamətdə atılan addımlardandır. Nazir müavini dövlət başçısı tərəfindən 2019-cu ilin "Nəsimi İli" elan edilməsini ədəbiyyatımıza və mədəniyyətimizə olan diqqətin bariz nümunələrindən biri olduğunu diqqətə çatdırdı.

Qeyd etdi ki, yazıçının "Böhtan", "Sabahın sorağında", "Bahar yağışı" əsərləri Azərbaycan romanları sırasında öz layiqli yerini tutub. Onun böyük ustalıqla ərsəyə gətirmiş olduğu hekayələri də geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar H.İbrahimovun həyat və fəaliyyətinə nəzər salaraq, qeyd etdi ki, o, əmək fəaliyyətinə 1940-cı ildə Şərur rayon Sədərək kənd orta məktəbində müəllim kimi başlayıb. 1961-1965-ci illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsini icra edib. 1970-1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, daha sonra Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır.

"Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınan Hüseyn İbrahimov ədəbi yaradıcılığa 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "O, düşməndə qoymadı anasının qanını" adlı ilk şeiri ilə başlamışdır" – deyən Anar bundan sonra öz hekayələrini dövri mətbuatda, müntəzəm olaraq, çap etdirdiyini diqqətə çatdırdı.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezident, akademik İsa Həbibbəyli Azərbaycan ədəbi mühitində H.İbrahimovun roluna nəzər saldı. Bildirdi ki, ədəbiyyatımızda "50-cilər" nəsli ayrı-ayrılıqda öyrənilməsə də, onun nümayəndəsi Hüseyn İbrahimov 60-cı illərdə Azərbaycan realist ədəbiyyatının böyük ənənələrinə qayıdışının əsasını qoyanlardan idi. Xalq şairi Bəxtiyar Vahabzadə, Qabil, Nəbi Xəzri, İslam Səfərli, xalq yazıçısı İsmayıl Şıxlı kimi Hüseyn İbrahimov da ədəbiyyatı ideologiyadan həyata yaxınlaşdıran, sadə insanların taleyini əks etdirən yazarlardan biri olub. Onun əsərlərində, ilk dəfə olaraq, sovet adamlarının səhvlərindən bəhs olunurdu. Bu, sovet ədəbiyyatı "buzları"nın artıq əriməyə başladığını göstərirdi.

Onun 1950-ci illərdən etibarən qələmə aldığı hekayə, povest, roman və pyeslər müasirlərimizin mənəvi zənginliyini əks etdirən dolğun sənət nümunələridir. Akademik bildirdi ki, H.İbrahimov Hüseyn Cavid haqqında ilk romanın - "Böhtan"ın müəllifidir. "Nəciblik", "Bahar yağışı", "Əsrin onda biri", "Qu quşları öləndə oxuyurlar" və digər əsərlərinin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Onun Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlər layiqincə qiymətləndirilmiş, "Şöhrət" ordeni ilə təltif edilmiş, Prezdentin Fərdi Təqaüdünə layiq görülmüşdür.

Tədbir bədii hissə ilə davam etdirildi. Yubiley gecəsində Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə əməkdar artist Nuriyyə Hüseynova, müğənnilər Sərxan Bünyadzadə və Rovşən Əziz "Naxçıvan təranəsi", "O, Naxçıvandır", "Araz üstü şəhərim" və digər mahnıları səsləndirdilər. Eləcə də, yaradıcılığını əks etdirən şeirlər ifa olundu.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...